Azərbaycan Suriyadakı insani fəlakətə biganə deyil - ŞƏRH

Azərbaycan Suriyadakı insani fəlakətə biganə deyil - ŞƏRH London konfransı Əsəd və ona qarşı savaşanlara açıq mesajdır
Analitika
5 Fevral , 2016 13:14
Azərbaycan Suriyadakı insani fəlakətə biganə deyil - ŞƏRH

Bakı. 5 fevral. REPORT.AZ/ “Biz Suriya qaçqınlarının halına çox acıyırıq, Suriyadakı bacı və qardaşlarımıza dəstək olmaqda davam edəcəyik. Azərbaycan Suriyada humanitar inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasındadır” - bu, Prezident İlham Əliyevin Londonda “Suriyaya və regiona dəstək” konfransında etdiyi çıxışın əsas qayəsini təşkil edib.

İlham Əliyev bunun ardınca belə bir fikir də söyləyib ki, ən əsası Suriyada sülh, atəşkəs, siyasi həllin tapılmasıdır: “Yalnız bundan sonra iş yerləri açılacaq, təhsil istənilən səviyyədə olacaq və insanlar öz gələcəyinə inanmağa başlayacaqlar”. Həqiqətən Suriyada sülh olmadan hətta dünyanın ən varlı ölkələri belə Suriyanın yenidən qurulmasına maliyyə ayırmayacaqlar. Bu məntiqə də uyğun deyil. Sən tikəsən, qurasan, ya Əsədin ordusu, ya da İŞİD terrorçuları gəlib yenidən dağıdacaqlar. Ona görə də Suriyada sülhü gözləmək lazımdır. Sadəcə, London konfransı Əsəd və ona qarşı savaşanlara açıq mesajdır ki, silahları yerə qoyub anlaşmalısnız ki, beynəlxalq aləm Suriyanın yenidən qurulmasına başlasın və bunun nəticəsində milyonlarla suriyalı iqtisadi və sosial problemlərinin həllinə baş vura bilsinlər. Əlbəttə, bu deyilənlər Suriyadakı terrorçu qruplara aid deyil, onların neytrallaşdırılmasından başqa alternativi yoxdur.

Prezident İlham Əliyevin Londonda Suriyaya yardım konfransında iştirakını müsbət qiymətləndirilməlidir. Doğrudur, hazırda Azərbaycanın da iqtisadi vəziyyəti qənaətbəxş deyil, insanların sosial problemlərinin həllinə ehtiyac var. Ancaq fikrimcə, ən ağır vəziyyətdə belə Suriyadakı insanların acınacaqlı durumuna biganə qala bilmərik, biz də bu prosesdə simvolik də olsa iştirak etməliyik. Hətta bir neçə yüz və ya bir neçə min türkmənin və ya ərəb mənşəli suriyalının Azərbaycanda yerləşdirilməsində qəbahətli heç nə yoxdur, bununla qardaş Türkiyənin də dərdinə şərik çıxarıq. Türkiyə iki milyon yarımdan çox suriyalıya qapılarını açıb, onları müharibənin dəhşətindən və aclıqdan qurtarıb. Türkiyə ilə yanaşı Azərbaycan da Suriyaya yardımla beynəlxalq məsələlərdə sosial məsuliyyətini anladığını və bununla qonşu Ermənistan, Gürcüstan, hətta Mərkəzi Asiya ölkələrindən fərqini göstərəcək.

Azərbaycan necə ki, bu gün Əfqanıstana maliyyə yardımı edir, həbrçilərimiz oradadır, əfqan mütəxəsisslər Bakıda müxtəlif kurslara cəlb edilirlər, o cümlədən qardaş Pakistana yardım edirik, zəlzələdən əziyyət çəkən pakistanlıları unutmuruq və bu ölkədə məktəb inşa edirik, eləcə də vaxt gələcək Suriyanın yenidən qurulmasında rol almağımız mümkündür. Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu daşımaq istəyirsə, öz vətəndaşları ilə yanaşı ağır durumda olan qonşu dövlətlərin də sosial problemlərinin həllində bu və ya digər dərəcədə rol oynamalıdır. Önəmli olan ağır vəziyyətdə olan insana verilən qiymətdir ki, Azərbaycan üzərinə düşəni etməyə hazır olduğunu göstərir.

Elxan Şahinoğlu, xüsusi olaraq "Report" üçün 

Son xəbərlər

Orphus sistemi