Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Prezidentinin İrana səfəri - əməkdaşlığın yeni mərhələsinin başlanması - ŞƏRH

    Beynəlxalq sanksiyalara qoşulmadığı üçün Azərbaycana qarşı təzyiqlərin olduğu da unudulmayıb

    Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfəri başlayıb. Bu son iki ildə ölkə başçısının qonşu dövlətə 3-cü rəsmi səfəridir.

    Prezident Tehrana səfərindən öncə müsahibəsində Azərbaycanın müstəqilliyindən sonra İranla bütün sahələrdəki əlaqələrini normal adlandırıb. Onun sözlərinə görə, qarşılıqlı əməkdaşlığın genişlənməsi üçün potensial mövcuddur, ancaq ikitərəfli ticarət dövriyyəsi arzu edilən səviyyədə deyil: "Səfər çərçivəsində bu məsələyə diqqət yetiriləcək".

    Azərbaycanın iqtisadiyyat və sənaye naziri, Azərbaycan-İran Müştərək komissiyasının sədri Şahin Mustafayev deyib ki, bu səfərdə siyasi əlaqələrin gücləndirilməsindən əlavə, iki tərəf neft və təbii qaz, enerji, nəqliyyat, kənd təsərrüfatı, xilasetmə və sənaye sahəsində investisiya sahələrində müzakirələr aparacaq və sənədlər imzalayacaq.

    Məlumata görə, Azərbaycan prezidentinin İrana olan ötən iki səfərində ümumilikdə tərəflər arasında 8 əməkdaşlıq sənədi imzalanıb. Bu dəfə isə müxtəlif sahələr üzrə 10 əməkdaşlıq sənədinin imzalanacağı gözlənilir.

    İranın Azərbaycandakı səfiri Möhsün Pakayin isə bildirib ki, tərəflərin qeyri-neft sektorundakı ticarət dövriyyəsinin həcmi hazırda 500 milyon dollardan artıqdır: "Əgər İranın Xəzər dənizində "Şahdəniz" yatağındakı investisiyası və onun gəliri, həmçinin Naxçıvan Muxtar Respublikasına ötürülən təbii qazdan əldə olunan vəsaiti də hesablasaq, o zaman illik ticarət dövriyyəsi bir milyard dollardan çox olar. Tərəflərin potensiallarını nəzərə alsaq, bunun həcmini bir neçə dəfə artıra bilərik".

    M.Pakayin onu da bildirib ki, iqtisadi əlaqələrin inkişaf etdirilməsi müzakirələrin başlıca mövzusu olacaq: "Eyni zamanda regionda mövcud olan hazırkı şəraiti nəzərə alaraq, İran və Azərbaycan yalnız ikitərəfli deyil, Rusiya və Gürcüstanın da iştirakı ilə 3 və 4 tərəfli əməkdaşlıqlara malik olmalıdırlar".

    Deməli, İlham Əliyevin səfəri çərçivəsində perspektivdə iki dövlət arasında ticarət, enerji və tranzit yükdaşımalar sahələrində əlaqələrin genişləndirilməsi, turizm sənayesinin gücləndirilməsi, elektrik enerjisinin mübadiləsi və nəqli, səhiyyə və kənd təsərrüfatı üzrə əlaqələrin inkişafı ön planda olacaq.

    Sanksiyalar dövründə Azərbaycanın İran üçün bir "nəfəslik" olduğu heç kimdə şübhə doğurmur. Beynəlxalq sanksiyalara qoşulmadığı üçün Azərbaycana qarşı təzyiqlərin olduğu da unudulmayıb. Bununla belə Azərbaycan tərəfi bu məsələdə qonşuluq prinsiplərinə axıradək əməl etdi. İndi isə növbə İranındır.

    Prezidentin səfəri çərçivəsində iqtisadi sahəyə üstünlüyün verilməsi də rəsmi Bakı və Tehranın ortaq maraqlarının təmini baxımından böyük əhəmiyyət kəsb edir.

    Azərbaycandan keçən enerji daşıyıcıları xətti, Bakı-Tbilisi -Qars dəmiryolu, "Şimal-Cənub" nəqliyyat dəhlizi və s. bu kimi layihələrə İranın Azərbaycan vasitəsi ilə qoşulması tərəflərin iqtisadi hədəflərini təmin edər. Hətta Azərbaycan körfəzə yaxın yerləşən İranın Xəzər dənizindəki Bəndər-Abbas limanını Helsinkiyə (Finlandiya) birləşdirmək imkanlarını belə nəzərdən keçirə bilər. Cənubdan İran, şimaldan Rusiya ilə həmsərhəd olan Azərbaycan İranı Avropa ilə birləşdirə biləcək ən etibarlı və sabit dövlətdir.

    Səfər zamanı bu məsələyə xüsusi diqqətin ayrılacağı gözləniləndir.

    Azərbaycanın İranla iqtisadi əməkdaşlığı genişləndirmək niyyəti heç də Tehranın Bakıya qarşı siyasi-ideoloji diqtəsini gücləndirmək anlamına gəlməməlidir. Başqa sözlə, iqtisadi əlaqələr siyasi asılılığa səbəb olmamalıdır.

    Bəlkə də bu məsələyə toxunmazdıq, ancaq bir neçə gün əvvəl İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri Əliəkbər Vilayətinin bir açıqlaması yuxarıda qeyd etdiyimiz mətləbə fikri bildirmək zərurəti yaradıb: "Dünyanın hərbi super gücü, BMT Təhlükəsizlik Şurasında veto haqqına sahib Rusiya ilə bölgənin birinci gücü İran arasında bir koordinasiya qurulub. Bu, sadəcə Suriya məsələsi ilə məhdudlaşmır. İran və Rusiyanın əməkdaşlığı İraq, Livan, fikrimcə, gələcəkdə Yəməni də əhatə edəcək. Mərkəzi Asiya və Qafqaz ölkələrinin də müstəqilliyinin müdafiə edilməsində də eyni koordinasiya mövcuddur".

    Ə.Vilayəti bununla demək istəyir ki, Rusiya və İran Qafqaz dövlətlərinin müstəqilliyini qərbdən qoruyurlar, bu istiqamətdə Moskva-Tehran fəaliyyətini əlaqələndirir. Ancaq bunun başqa tərəfi də var. Əslində, İran və Rusiya həmin ərazilərdə fəaliyyətlərini genişləndirməklə öz təhlükəsizliklərini təmin etməyə çalışırlar.

    Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi məsələlərində heç bir qüvvəyə güzəşt edilməyəcək.

    Ümumiyyətlə, bu səfər həm region, həm də İran üçün fərqli iqtisadi-siyasi və sosial bir şəraitdə gerçəkləşdirilir. Başqa sözlə, İrana qarşı tətbiq edilən beynəlxalq iqtisadi sanksiyaların aradan götürüldüyü, Suriyada vəziyyətin gərginləşdiyi bir vaxt həyata keçirilir.

    Beləliklə, Azərbaycan dövlət başçısının səfəri yeni iqtisadi-siyasi vəziyyət baxımından İranla yeni mərhələnin başlaması kimi də dəyərləndirilə bilər. Axı, İslam Respublikası yaxın illərdə yeni şəraitdə yaşayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi