Azərbaycan-Pakistan-Türkiyə XİN başçılarının görüşü - yeni blokun təməli - ŞƏRH

Azərbaycan-Pakistan-Türkiyə XİN başçılarının görüşü - yeni blokun təməli - ŞƏRH Bu formata perspektivdə daha bir neçə dövlət də qoşula bilər
Analitika
30 Noyabr , 2017 16:09
Azərbaycan-Pakistan-Türkiyə XİN başçılarının görüşü - yeni blokun təməli - ŞƏRH
Report

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanı bütün sahələrdə, o cümlədən torpaqlarının işğaldan azad olunması məsələsində tam və tərəddüdsüz dəstəkləyən azsaylı dövlətlərdən biri Türkiyə, digəri isə Pakistandır. Bu ölkələr həm də Ermənistanla heç bir əlaqə saxlamadıqları və onu işğalçı olaraq tanıdıqları üçün rəsmi Bakının başqa müttəfiqlərindən fərqlənirlər. Ümumiyyətlə, Pakistan Ermənistanı rəsmi şəkildə dövlət kimi də tanımır. Bu baxımdan, işğalçı Ermənistana belə prinsipal münasibət göstərən və 25 ildə mövqeyini dəyişməyən ölkələrlə işğala məruz qalan Azərbaycanın iştirakı ilə yeni əməkdaşlıq formatının yaranması həm məntiqidir, həm də faydalı olar. 

Bu gün, noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asifin üçtərəfli formatda ilk görüşü olub. Nazirlər üç ölkə arasında üçtərəfli formatda əlaqələrin genişləndirilməsini, beynəlxalq və regional məsələləri müzakirə ediblər. Görüş zamanı tərəflər belə formatlı əməkdaşlığın, xüsusilə energetika, nəqliyyat və başqa sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Görüşün yekununda Bakı Bəyannaməsi qəbul edilib. 

Bəyannamədə Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğulanıb. Sənəddə dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəkləndiyi, ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyi bildirilib. Bəyannamədə münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğu vurğulanaraq, onların beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının uyğun qətnamələri əsasında siyasi yolla həllini tələb etdiyi əksini tapıb. XİN başçıları enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edərək strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağını, Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə ediblər. Müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyəti də sənəddə vurğulanıb. E.Məmmədyarov, M.Çavuşoğlu və H.M.Asif üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi və növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barəsində razılıq əldə ediblər. 

Yeri gəlmişkən, bu görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ayrı-ayrılıqda M.Çavuşoğlu və X.M.Asifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı bu gün keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşünü yaxşı hadisə kimi dəyərləndirib.

Bundan əlavə, Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində E.Məmmədyarov türkiyəli həmkarı M.Çavuşoğlu ilə görüşüb. Görüşdə iki dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib.

Bu arada Mövlud Çavuşoğlu noyabrın 29-da Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. M.Çavuşoğlu “Twitter” səhifəsində bununla bağlı yazıb: "Həmsədrlərlə Ankarada görüşdüm və Türkiyənin Minsk qrupuna dəstəyini bir daha qeyd etdim". 

Pakistan-Azərbaycan-Türkiyə əməkdaşlığının perspektivi Avrasiya üçün çox əhəmiyyətli ola bilər. Bu üç dövlətin özünəməxsus oxşar cəhətləri var və oxşarlıqların sayı kifayət qədərdir. Azərbaycan, Pakistan və Türkiyə qərblə əməkdaşlığa, demokratik dəyərlərə əsaslanan idarəetmə formasına üstünlük verir. Azərbaycan Türkiyə ilə olduğu kimi, Pakistanla da iqtisadi, hərbi, mədəni, sosial sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır. Bu məsələdə rəsmi İslamabad maraqlı olduğunu dəfələrlə bəyan edib. Pakistan rəsmilərinin müxtəlif səviyyədə Azərbaycana səfərləri bunu təsdiqləyir. Yeri gəlmişkən, 2015-ci ilin martında Pakistan prezidenti Məmnun Hüseyn Azərbaycanda üç günlük səfərdə olub. Ötən ilin oktyabrında Pakistanın o vaxtkı baş naziri Navaz Şərif Bakıya rəsmi səfər edib. Bu il noyabrın 23-də isə Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayat Azərbaycanda rəsmi səfərdə olub. Bu da ikitərəfli münasibətlərin səviyyəsinin göstəricisi sayıla bilər. Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın da genişlənməsi qərbin də maraqlarına uyğun sayıla bilər. Çünki Azərbaycan Əfqanıstanda baş verən proseslərdə Pakistanla əməkdaşlıq edir. Pakistan Silahlı Qüvvələrində tətbiq olunan qaydalar, istifadə edilən

silah və hərbi texnikanın NATO standartlarına uyğunlaşdırılması və s. proseslər bu ölkəni Azərbaycan üçün cəlbedici hesab olunur. Bundan başqa, rəsmi Bakı və İslamabadda Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi müttəfiqliklə bağlı rəsmi baxışlar mövcuddur. Hazırda isə Azərbaycan-Pakistan hərbi əməkdaşlıq münasibətləri daha çox hərbi, hərbi-texniki və hərbi təhsil istiqamətində inkişaf edir. İkitərəfli münasibətlərdə diqqətçəkən məsələlərdən biri də Pakistan üçün maraqlı olan Kəşmir probleminin həllidir. BMT qətnaməsinə əsaslanaraq Azərbaycan Respublikası da Pakistanı Kəşmir probleminin həlli məsələsində dəstəkləyir. Azərbaycan da Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvüdür.

Ümumiyyətlə, Pakistan-Azərbaycan-Türkiyə oxu bütün baxımlardan Avrasiya üçün səmərəli ola bilər. Çünki bu istiqamətdə onların ziddiyyət və münaqişədə ola biləcəyi elə ciddi dövlət yoxdur. Belə bir hal isə həm qərbin, həm şimalın, həm də cənubun maraqlarına uyğundur. Başqa sözlə, bu oxun inkişaf etməsindən ABŞ, Avropa, Rusiya və müsəlman dövlətlər faydalana bilər. Pakistanın atom silahına malik dövlət olması isə məsələnin mahiyyətini daha da cəlbedici edir.

Təcrübə onu göstərir ki, son illər Azərbaycanın iştirak etdiyi üçtərfli formatlar faydalı olub. Belə bloklar nəticəsində Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti gerçəkləşib. Azərbaycanın İran və Rusiyanın iştirakı ilə yaradılan oxunun da Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün fayda verəcəyi ehtimalı da böyükdür. Beləliklə, Azərbaycanda daha bir əhəmiyyətli üçtərəfli əməkdaşlığın təməli qoyulur. Bu oxa perspektivdə daha bir neçə dövlət qoşula bilər. Belə bir blokun yaranması isə həmin istiqamətdə gərginliyin azalmasına, təhlükəsizliyin təmin olunmasına, münaqişənin həllinə yardım edə bilər. 

Son xəbərlər

Orphus sistemi