Azərbaycan-NATO əməkdaşlığında yeni mərhələ başlayır

Azərbaycan-NATO əməkdaşlığında yeni mərhələ başlayır Azərbaycan müstəqil olan gündən Qərb dövlətləri ilə münasibətləri yüksək səviyyədə qurub. Bu şərti bloka aid üzv dövlətlər və onların yaratdıqları qurumlarla əlaqə saxlayıb, əməkdaşlıq edib.
Analitika
14 Dekabr , 2021 12:39
Azərbaycan-NATO əməkdaşlığında yeni mərhələ başlayır

Azərbaycan müstəqil olan gündən Qərb dövlətləri ilə münasibətləri yüksək səviyyədə qurub. Bu şərti bloka aid üzv dövlətlər və onların yaratdıqları qurumlarla əlaqə saxlayıb, əməkdaşlıq edib.

Azərbaycanla NATO arasında da ikitərəfli əlaqələr mövcuddur. 2022-ci ildə Alyansla Azərbaycan arasında əməkdaşlığın 30-cu ildönümü olacaq. Azərbaycanla NATO arasında əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Alyansına daxil olması ilə başlayıb. Azərbaycanın NATO ilə əməkdaşlığı 1994-cü ildə mərhum Prezident Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə inkişaf edib. Onun 1997-ci il noyabrın 21-də imzaladığı fərmana əsasən, Azərbaycanın NATO-da diplomatik nümayəndəliyi təsis olunub.

Azərbaycanın xarici siyasətində də əsas istiqamətlərdən biri Alyansa inteqrasiyadır. Ölkəmiz 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədi imzalanıb. 1997-ci ilin noyabrında NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün ölkəmiz SNT-nin Planlaşdırma və Baxış Prosesinə qoşulub. Azərbaycan Prezidentinin 1997-ci il 12 noyabr tarixli fərmanına əsasən, NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılıb. NATO Siyasi Komitəsi 1998-ci il mayın 12-də Azərbaycanın "19+1" formatında SNT-də iştirakını müzakirə edib. 1998-ci il noyabrın 15-də SNT SOFA və onun Əlavə Protokolu Azərbaycan tərəfindən imzalanıb. 1999-cu ilin sentyabrında Qafqazda regional əməkdaşlığı araşdırmaq üçün EAPC xüsusi işçi qrupu yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin səlahiyyətləri dövründə NATO ilə Azərbaycan arasında əməkdaşlıq 2004-cü ildə Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğu üçün genişləndirilir. O, NATO-nun mənzil-qərargahına 6 dəfə, NATO-nun Baş katibləri isə Azərbaycana 3 dəfə səfər edib. Dövlət başçısı NATO-nun 7 Zirvə görüşündə iştirak edib (İstanbul 2004, Buxarest 2008, Lissabon 2010, Çikaqo 2012, Kardiff 2014, Varşava 2016, Brüssel 2018).

Alyans daim Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verib. Bu dəstək qurumun 9 Zirvə görüşündə öz əksini tapıb. Zirvə görüşlərinin yekun sənədlərində Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub. Bu sənədlərdə Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb. 2006-cı il noyabr 28-29-da Riqada keçirilən Şimali Atlantika Alyansının toplantısında, 2008-ci il aprelin 2-4-də Buxarestdə keçirilən NATO/EAPC və ISAF, 2009-cu il aprelin 3-4-də Strasburqda keçirilən zirvələrdə verilən bəyannamələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdi.

NATO Vətən müharibəsi zamanı bir neçə dəfə Azərbaycan və Ermənistanı atəşkəsə, danışıqlara çağırıb. 2020-ci ilin oktyabr ayında NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistan Prezidenti Armen Sarkisyanla keçirdiyi mətbuat konfransı zamanı ona Alyansın bu münaqişə ilə məşğul olmadığını başa salıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfəri nəticəsində yaranmış yeni reallığı NATO da qəbul edib. Bu ilin iyununda NATO-nun Brüsseldə keçirilmiş Zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarılıb. Bu onu göstərir ki, Alyans münaqişəni bitmiş sayır.

Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb. 2002-ci ildən etibarən Azərbaycanın 30-dan çox zabiti NATO-nun mənzil-qərargahında və qurumlarında xidmət edib. Hazırda Azərbaycan Ordusunun zabitləri NATO-nun mənzil-qərargahında (Brüssel, Belçika) və NATO Müttəfiq Qüvvələrin Avropadakı Baş Komandanlığının Tərəfdaşlıq İdarəsində (Mons, Belçika) hərbi nümayəndəlik tərkibində milli vəzifələrdə xidmət edir. Azərbaycan və NATO arasında mina və partlamamış silah-sursatların təmizlənməsinə dair “Saloğlu” və “Ceyrançöl” layihələri kimi praktiki layihələr uğurla həyata keçirilib. Yeri gəlmişkən, Azərbaycan Ordusunun NATO-nun ƏİK Ortaq Qüvvələr Birliyinə (Əməliyyat İmkanları Konsepsiyası) proqramına bəyan edilmiş bölmələri aşağıdakılardır: Sülhməramlı Qüvvələr Taboru (1), Kəşfiyyat Bölüyü (1), “Mİ-17” Helikopter Cütlüyü (1), Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Qrupu (1). Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak edib.

Azərbaycan 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında (KFOR) iştirak edib. Azərbaycan 1999-cu il sentyabrın 1-də Kosovoya 34 hərbçidən (32 əsgər, 2 zabit) ibarət bir birlik göndərib. Ümumilikdə Kosovodakı missiyada Azərbaycandan 362 hərbi qulluqçu (345 əsgər, 17 zabit) xidmət edib. Azərbaycanlı hərbi qulluqçular Kosovoda missiyalarını 2008-ci il martın 4-də başa vurub. Azərbaycan hərbçiləri İraqda da sülhməramlı missiya həyata keçiriblər. 2003-cü il avqustun 15-dən 2008-ci il dekabrın 7-dək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada 151 şəxsi heyətdən (120 əsgər, 31 zabit) ibarət Azərbaycan hərbi kontingenti iştirak edib. Azərbaycan 2008-ci il dekabrın 7-də Koalisiya Qüvvələrinin geri çəkilməsi səbəbindən İraqdan qüvvələrini çıxarıb. Azərbaycan 2002-ci il noyabrın 15-də Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (ISAF) əməliyyatını dəstəkləmək üçün 22 hərbçidən ibarət bir hərbi birlik göndərib. 2009-cu ilin fevral ayından etibarən 90 nəfər Azərbaycan şəxsi heyəti ISAF-ın rəhbərlik etdiyi Türkiyə birliyində xidmət edib. 2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyası üzrə Azərbaycan Ordusunun sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılmışdı. Azərbaycan Ordusunun sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra etmiş, uyğun qərargahlarda təmsil olunmuşdu. Azərbaycanlı birliklər Kabildə yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi sursat anbarının təhlükəsizliyini və patrul xidmətini yerinə yetiriblər. NATO-nun Baş katibi Yens Stoltenberq bu ilin avqust ayında hava limanında təhlükəsizliyin təmin edilməsindəki xidmətlərinə görə Azərbaycana təşəkkürünü ifadə edib.

2017-2020-ci illərdə Azərbaycan NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib.

Azərbaycan-NATO əlaqələrinin 15 illiyinə həsr olunmuş poçt markası da buraxılıb.

Təhlükəsizlik məsələləri ilə yanaşı, NATO-Azərbaycan əməkdaşlığı elm, təhsil kimi digər sahələrdə də uğurla inkişaf etdirilir. 2008-ci ildən etibarən təhsil sahəsində NATO ilə əməkdaşlıq edən Azərbaycan Ordusu NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramından yararlanmaqla tabeliyində olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin tədrisinin məzmun və formasının Avropa təhsil standartlarına və Boloniya prosesinə uyğunlaşdırılması, eləcə də pedaqoji kadrların təkmilləşdirilməsi sahəsində addımlar atıb. NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” elmin inkişafı və yeniliklərin tətbiqi yolu ilə NATO və Tərəfdaşlar arasında əməkdaşlıq və dialoqun genişləndirilməsinə, qarşılıqlı təhlükəsizlik problemlərinin həllinə, bilik mübadiləsinə, eləcə də tədqiqatların aparılması və innovasiyaların tətbiqi üçün mühüm bir vasitədir. Müdafiə Nazirliyi qeyd olunan proqram çərçivəsində bir neçə layihəyə imza atıb. Əslində, sadalananlar Azərbaycanla Alyans arasında əməkdaşlığı əks etdirən çoxsaylı faktların bir qismidir. Tərəflər arasında əməkdaşlıq davam və inkişaf edir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib. O, işgüzar səfəri çərçivəsində dekabrın 14-də Şimali Atlantika Alyansının iclasında iştirak edəcək. Qurumun mənzil-qərargahında Prezidentlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Prezident İlham Əliyevin NATO-da keçirəcəyi bu görüş əvvəlkilərdən fərqlənir. Odur ki, dövlət başçısı ilə baş katib arasında danışıqlarda artıq keçmiş münaqişədən bəhs edilməyəcəyini ehtimal etmək olar. Regiondakı yeni şərait fonunda Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunmasına verə biləcəyi töhfələrin görüşdə müzakirə olunacağı gözlənilir. Bütün bunlar Azərbaycanla NATO arasında əməkdaşlığın inkişaf etdiyini təsdiqləyən amillərdir. Ehtimal etmək olar ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra tərəflər arasında əməkdaşlıq daha da inkişaf edib, genişlənəcək və yeni mərhələyə keçəcək.

Son xəbərlər

Orphus sistemi