Azərbaycan-İtaliya əlaqələri - örnək tərəfdaşlar - ŞƏRH

Azərbaycan-İtaliya əlaqələri - örnək tərəfdaşlar - ŞƏRH Müasir dövrdə Azərbaycanla İtaliya arasında əlaqələrin 100 ildən artıq yaşı var
Analitika
235
5 Fevral , 2021 14:13
Azərbaycan-İtaliya əlaqələri - örnək tərəfdaşlar - ŞƏRH

Azərbaycanla İtaliya arasında əlaqələrin yüz ildən artıq yaşı var. Xalq Cümhuriyyəti dövründə Azəbaycanın mandatı bu ölkəyə verilmişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da iki ölkə arasında iqtisadi-siyasi əlaqələr inkişaf edib.

Təxminən bir il əvvəl, 2020-ci il fevralın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir. Səfər zamanı Romada “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb. Bu sənədə əsasən, ölkələr arasında münasibət, çoxsaylı biznes anlaşmaları nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın başqa sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək, Azərbaycanın sənaye, kənd təsərrüfatı, infrastruktur, turizm, nəqliyyat-logistika və digər sahələrinə yatırılan italyan sərmayələrini artıracaq.

Yeri gəlmişkən, çoxölçülü tərəfdaşlıq gələcəyə yönəlmiş, qlobal və regional proseslərə, problemlərə ümumi baxış, habelə tərəflərin mövcud maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır. Bu baxımdan Azərbaycan və İtaliya arasında imzalanan sənəd tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır.

İtaliya ilə Azərbaycan arasında əlaqələrə dair bəzi faktlara diqqət yetirək. Qarşılıqlı ticarət dövriyyəsi 6 mlrd ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həçmində sərmayə yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə podratçı kimi iştirak edirlər.

İtaliya kənd təsərrüfatı və sənaye sektorlarında mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malikdir. Odur ki, İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye zonalarında, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında iştirakı əməkdaşlığımıza əlavə stimul verə bilər. Azərbaycan üçün İtaliyadan yeni texnologiyaların gətirilməsi məsələsi dövlət başçısının səfəri çərçivəsində keçirilmiş görüşlərin başlıca mövzularından olmuşdu. Prezident İlham Əliyevin səfəri zamanı imzalanmış 25-dən çox sənəddə də bu kimi məsələlər öz əksini tapıb. İki ölkə arasında münasibətlərin sosial-mədəni sahədə inkişafı da diqqətəlayiqdir. Prezident ötənilki səfər çərçivəsində İtaliya prezidenti Sercio Mattarella ilə birgə mətbuata açıqlama vermişdilər.

“Mən artıq cənab Prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək. Bundan başqa, biz həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq. Biz bu məsələyə İtaliya tərəfdən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq”, İtaliya prezidenti vurğulamışdı.

Azərbaycan Prezidenti cavab nitqində mədəni əlaqələrlə bağlı bunları bildirmişdi: “Biz bu gün cənab Prezidentin dediyi kimi, mədəniyyət sahəsində əməkdaşlığa da toxunduq. Biz bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Villa Borgeze parkında ucaldılıb. Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır”.

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu “Il Giornale” qəzeti, “Adnkronos” xəbər agentliyi, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occhio Notizie”, “Telenicosia”, “Politicamente Corretto”, “Agenzia Nova” və başqa mətbuat orqanları Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini işıqlandırıblar. Bu mətbu orqanlar Ermənistanın Gəncə şəhərinə raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı materiallar dərc ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyinə verdiyi müsahibə video, yazılı şəkildə agentliyin internet səhifəsində yerləşdirilib. Həmin müsahibə İtaliyanın “Il Sole 24 Ore”, “Affari Italiani”, “Il Tempo”, “Libero Quotidiano”, “Quotidiano”, “Giornale d’Italia”, “MSN”, “Notizie Tiscali”, “Today.it”, “Notizie Yahoo”, “Finanze Yahoo”, “Timgate” və digər çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.

İtaliya Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşmasında mühüm rollardan birinə malikdir. Xatırladaq ki, TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşərək Yunanıstan, Albaniya ərazilərindən, eləcə də Adriatik dənizindən keçib təbii qazı Cənubi İtaliyaya nəql edir.

Prezidenti ötənilki səfəri zamanı bu məsələyə toxunaraq bildirmişdi: “Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir forsmajor hadisəsi olmamışdır. Yəni Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib”.

Azərbaycanın Avropa İttifaqı və NATO kimi təşkilatlarla əməkdaşlığı Prezidentin İtaliyaya səfəri zamanı müzakirə olunmuşdu: “Biz, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Hesab edirəm ki, bu gün imzalanacaq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamə bu saziş üçün də gözəl əsas təşkil edə bilər. NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz qoşunlarımızı Əfqanıstana uzun illər bundan əvvəl göndərmişik. Sülhməramlı əməliyyatlarda Azərbaycan fəal iştirak edir və NATO qoşunları üçün çox önəmli logistik və nəqliyyat xidmətləri göstəririk. Nəzərə alsaq ki, Azərbaycanın coğrafi yerləşməsi və nəqliyyat infrastrukturu çox əlverişlidir, biz bu sahədə də uğurlu əməkdaşlıq edirik”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib. Bu qrup maşınqayırma, texnologiya və energetika sahələrini əhatə edən 50 şirkətdən ibarətdir. 45 ölkədə fəaliyyət göstərən qrupda 6 300-ə yaxın əməkdaş çalışır.

“Maire Tecnimont Group”un sədri Fabrizio Di Amato Azərbaycanla əlaqələrindən danışarkən deyib: “2018-ci ildəki açılış mərasimindən sonra biz yenidən Azərbaycana səfərə gəlmişik. Bu gün səfirimiz və “Maire Tecnimont” şirkətinin heyəti ilə Bakıda olmağımızdan şərəf duyuruq. 2020-ci ildə Dağlıq Qarabağdakı gərgin dövrü geridə qoymağınız münasibətilə Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycana çox yaxınıq və həmin mühüm vaxt bütün italyanların diqqəti də burada idi. Bildiyiniz kimi, biz 7 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstəririk. Biz ölkənizin sənayeləşdirilməsi işinə töhfəmizi veririk. Bu gün burada olmaqdan fərəh hissi duyuruq. Çünki biz artıq yeni layihələrə cəlb olunmuşuq. Şəxsən özüm və “Maire Tecnimont” şirkətinin bütün heyəti adından Sizi əmin etmək istəyirəm ki, biz ölkənizlə əlaqələri genişləndirmək və sənayenin inkişafına töhfə vermək əzmindəyik. Bildiyiniz kimi, hazırda ölkədə bizim 200 nəfərə yaxın heyətimiz çalışır. Biz Azərbaycanı doğma ölkə hesab edirik və işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir”.

Prezident İlham Əliyev deyib: “Biz ümid edirik ki, italyan şirkətləri bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar. Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kim olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir”.

Azərbaycan Prezidentinin “Maire Tecnimont Group” sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul etməsi ölkələr arasında strateji əməkdaşlığın inkişaf etdiyinin göstəricisidir. Bu həm də Azərbaycanın Avropa İttifaqı ilə perspektiv əlaqələri baxımından da əhəmiyyətli sayıla bilər. İtaliya ilə iqtisadi-ticarət əlaqələri onu da sübut edir ki, Azərbaycanın Avropanın energetika sahəsində mühüm tərəfkeşi olması üçün geniş imkanlara malikdir.

Son xəbərlər

Orphus sistemi