Yuxarı

Rusiyalı ekspert: "Azərbaycan hökuməti problemli kreditlərlə bağlı düzgün qərar verib" - ŞƏRH

Bakı. 1 mart. REPORT.AZ/ "Azərbaycan doğru sosial siyasət yürüdür". 

Bunu “Report”a fiziki şəxslərin problemli kreditləri məsələsinin həllinə dair Prezident İlham Əliyevin fərmanını şərh edərkən “Alpari Group” şəbəkəsinin Təhlil Departamentinin direktoru Aleksandr Razuvayev bildirib.

“Xarici valyutada kredit götürmək, ələlxüsus da qazancınız yerli valyutadadırsa, risqli məsələdir. Sözsüz ki, bu halda kreditin faizi adətən nisbətən az olduğu üçün daha etibarlı görünür. Lakin devalvasiya nəticəsində ödəmələrin məbləği kəskin artdığından həmin kreditləri götürənlər çətin maliyyə vəziyyətə düşdülər”, – ekspert deyib.

O, Rusiyada da 2014-cü ildə devalvasiyadan sonra oxşar vəziyyətin yarandığını dilə gətirib.

“Əlbəttə, sırf bazar nöqteyi-nəzərdən xarici valyutanın məzənnəsi ilə bağlı riskləri göz önünə gətirərək kredit götürən şəxslər bunun altını da çəkməlidirlər. Lakin hər bir normal dövlət sosialyönümlü siyasət yürüdərək ya bilavasitə büdcədən, ya da mərkəzi bank vasitəsilə bu cür zərərlərə düçar olan vətəndaşlarına müəyyən təzminatlar ödəyir, bu itkilərini yumşaltmağa çalışır. Fikrimcə, Azərbaycan hökuməti də bu məsələdə düzgün addım atıb”, – A.Razuvayev fikrini tamamlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi