Azərbaycan hər fors-major halına görə borca getmir - ANALİTİKA

Azərbaycan hər fors-major halına görə borca getmir - ANALİTİKA Müstəqilliyin ilk illərində beynəlxalq maliyyə qurumlarından borc almağa məcbur olan və bu yolla dövlət büdcəsinin kəsrini bağlayan Azərbaycanın artıq xaricə borca elə də ehtiyacı yoxdur. İndi ölkəmiz özü başqalarına borc verir. Odur ki, Azərbaycana münasibət də xeyli dəyişib. Bunu bir qədər əvvəl Asiya İnkişaf Bankının rəhbərliyi ilə Prezident İlham Əliyev arasında keçirilmiş video konfrans da sübut etdi.
Analitika
16 İyun , 2020 11:46
Azərbaycan hər fors-major halına görə borca getmir - ANALİTİKA
Report

Müstəqilliyin ilk illərində beynəlxalq maliyyə qurumlarından borc almağa məcbur olan və bu yolla dövlət büdcəsinin kəsrini bağlayan Azərbaycanın artıq xaricə borca elə də ehtiyacı yoxdur. İndi ölkəmiz özü başqalarına borc verir. Odur ki, Azərbaycana münasibət də xeyli dəyişib. Bunu bir qədər əvvəl Asiya İnkişaf Bankının rəhbərliyi ilə Prezident İlham Əliyev arasında keçirilmiş  video konfrans da sübut etdi. 

Tədbirdə adı çəkilən qurumun rəhbərliyi bəyan etdiyi ki, koronavirus (COVID-19) pandemiyasının yayıldığı və neftin ucuzlaşdığı bir şəraitdə ölkəmizdə atılan addımlar ciddi dəstəklənir və yarana biləcək ehtiyaclarımıza uyğun optimal cavab tədbirləri hazırlanmaqdadır. Azərbaycanın dövlət başçısı isə bildirdi ki, 150-dən çox ölkə maliyyə dəstəyi almaq üçün beynəlxalq maliyyə institutlarına müraciət etsə də, Azərbaycanın adı bu sırada yoxdur: "Bilirsiniz ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Mən deyərdim ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub". 

Bəli, dünyanı cənginə almış pandemiya əksər ölkələri həm xaricdən, həm də daxildən vurdu. Həm dünyada iqtisadi vəziyyətin pisləşməsi ilə, həm də ölkələrdə sərt karantin rejiminin tətbiq olunması ilə... 

Bu, Azərbaycana da aiddir. Lakin ölkəmiz Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumlara kömək üçün müraciət etməyib, edəcəyi də gözlənilmir. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır.

Burada həm 2014-2016-cı illərdə əldə edilmiş təcrübə böyük rol oynayır, həm ötən müddət ərzində iqtisadiyyatdakı uğurlar əhəmiyyət daşıyır, həm də 2 il öncə, yəni 2018-ci ilin ikinci yarısından başlanılan islahatlar mühüm təsirə malikdir. Ölkəmiz həm də borc almaq məsələsinə həmişə ehtiyatla yanaşıb və dövlət başçımız demişkən, xərclərimiz gəlirlərimizi heç vaxt üstələməyib.

Odur ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, bu ilin əvvəlinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8,32 milyard ABŞ dolları və yaxud 2019-cu il üzrə ümumi daxili məhsulun (ÜDM) 17,3%-ni, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 milyon ABŞ dolları və yaxud ÜDM-in 1,6%-ni təşkil etməklə, ümumilikdə 9 091 milyon ABŞ dolları və yaxud ÜDM-in 18,9%-nə bərabər olub.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

Xarici dövlət borcu ÜDM-də 30%-dən yuxarı həddə kritik sayıldığından, borclanma əslində, davam etdirilə bilər. Amma, indiyə qədər olduğu kimi, yəni ehtiyatlı şəkildə. Xarici dövlət borcunun ÜDM-dəki payına görə biz inkişaf etmiş dövlətlərin bir çoxundan yaxşı vəziyyətdəyik. Onların bəzilərində borcun ÜDM-ə nisbəti 100%-i çoxdan keçib.

Amma bu, heç də o demək deyil ki, Azərbaycan yüksək inkişaf etmiş ölkələr ilə müqayisə edilməlidir. Sadəcə, xarici borcumuz xüsusən valyuta ehtiyatlarımız baxımından elə də yüksək həddə deyil. Ona görə də, ölkə iqtisadiyyatı üçün bir sıra vacib sahələrdə nəzərdə tutulan işlərin görülməsi üçün kreditlər alınması, xarici borclanmanı ÜDM-in 22-23%-nə qədər artırmaq mümkün sayılır.

Bir məsələ də var: Nə qədər ehtiyatların olsa da borc alıb, borc verməsən mümkün deyil. Hətta maliyyə baxımından ən təmin olunmuş ölkələr də vacib işləri borc hesabına görürlər.

Ancaq bizdə problem ondadır ki, dövlət zəmanəti ilə borc alan iri dövlət şirkətlərinə nəzarət mexanizmi zəifdir. ”Azərsu", "Azərbaycan Hava Yolları" "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı", “Azərenerji”, “Azərişıq” kimi çox böyük həcmdə dövlət zəmanəti ilə xarici kredit cəlb etmiş qurumlar aldıqları borcları sonradan qaytarmırlar və sonda onların əvəzində dövlət ödəniş etməli olur. Bu qurumların maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində son illər bir sıra tədbirlər həyata keçirilsə də, təəssüf ki, vəziyyət fərqli deyil.

Halbuki, Prezident İlham Əliyev bu problemdən danışarkən, hər dəfə dövlət zəmanəti ilə xarici borc alan qurumları məsuliyyətli olmağa çağırıb və çağırır. Odur ki, belə qurumların dövlət zəmanəti ilə kredit almasını məhdudlaşdırmaq, prioritet layihələrə görə alınacaq kreditlərə xidmətlə bağlı onlar üzərində ciddi nəzarət təşkil etmək lazımdır. Dövlətin adından borc alan qurumlar özləri məsuliyyət daşımalı - borca xidmət göstərərək dövlətin üzərinə ağırlıq salmamalıdırlar. 

Yeri gəlmişkən, xaricə dövlət borcumuz əslində, uzun müddət daha sabit idi. Söhbət onun ÜDM-ə olan nisbət səviyyəsindən gedir. 2014-cü ildən sonra borcun səviyyəsi sıçrayışla artdı ki, ÜDM-də faiz nisbəti yüksəldi. Eyni zamanda, valyuta ehtiyatlarımızın həcmi ilə xarici dövlət borcunun səviyyəsi arasında fərq də azaldı.

Bəli, Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Azərbaycan Dövlət Neft Fondunun valyuta ehtiyatları xaricə borcumuzdan həmişə yüksək həddə olub. Lakin, 2014-2015-ci illərə qədər bu fərq daha böyük idi. Dünya bazarında neftin ucuzlaşması və ölkəyə daxil olan dollar kütləsinin azalması həmin fərqi azaltdı. Belə ki, təkcə AMB valyuta bazarında vəziyyəti tənzimləmək, manatın kəskin ucuzlaşmasının qarşısını almaq üçün ehtiyatlarından 11 milyard ABŞ dolları xərcləməli oldu. 

Uzun  sözün qısası, Azərbaycan ortaya çıxan hər fors-major halına görə beynəlxalq maliyyə qurumlarının indi bizə nümayiş etdirdiyi "ürək açıqlığına" dərhal əl uzatsaydı, onda xarici dövlət borcu üzrə belimizdəki yük indikindən bir neçə dəfə artıq gələrdi.

İqtisadçı-ekspert Pərviz Heydərov

Son xəbərlər

Orphus sistemi