Azərbaycan gəncləri biznesdə sözünü deməyə başlayır - ARAŞDIRMA

Azərbaycan gəncləri biznesdə sözünü deməyə başlayır - ARAŞDIRMA Gələn ildən Gənclər Fondu (Fond) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birlikdə Azərbaycan gənclərinin startap ideyalarını maliyyələşdirməyə başlayacaq.
Analitika
10 Dekabr , 2019 17:11
Azərbaycan gəncləri biznesdə sözünü deməyə başlayır - ARAŞDIRMA

Gələn ildən Gənclər Fondu (Fond) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birlikdə Azərbaycan gənclərinin startap ideyalarını maliyyələşdirməyə başlayacaq.

“Report” xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən I Gənc Sahibkarlar Forumunda Fondun icraçı direktoru Fərid Cəfərov məlumat verib. 

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun vəsaitlərindən istifadə qaydalarına əsasən, kiçik, orta və böyük məbləğdə kreditlərin ayrılması, kredit faizlərində güzəştlərin edilməsi nəzərdə tutulur. Kreditlərin məbləği 1 min manatdan 50 min manata qədər, illik faiz dərəcəsi isə maksimum 7% təşkil edəcək. 

Gənclərin əməkhaqqıları subsidiyalaşdırılacaq

2020-ci ildə Gənclər Fondu gənclərin məşğulluğuna başqa cür də dəstək verəcək. F.Cəfərov bildirib ki, iş təcrübəsi olmayan, xüsusilə regionlardan olan gənclərin işə cəlb olunması üçün onların əməkhaqqılarının müəyyən müddətə subsidiyalaşdırılması planlaşdırılır: "Burada əsas məqsəd həm gənclərə iş təcrübəsi qazandırmaq, həm də sahibkarları stimullaşdıraraq yeni iş yerlərin açılmasına əlavə töhfə verməkdi. Fond bu növ fəaliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birilikdə həyata keçirəcək. 

"Uğurlu, təşəbbüskar, yaradıcı sahibkarları görmək sevindiricidir"

Azərbaycana kağız və kağız məhsullarının idxalı ilə məşğul olan şirkətin rəhbəri, gənc sahibkar Seymur Bayramov isə bildirib ki, Azərbaycanda I Gənc Sahibkarlar Forumunun keçirilməsi onu çox sevindirir: “Azərbaycanda çoxlu sayda uğurlu, təşəbbüskar, yaradıcı sahibkarları görmək gənc iş adamı kimi məni sevindirir. Düşünürəm ki, Azərbaycanda sağlam biznesin formalaşmasına, ölkə Prezidentinin apardığı islahatlara bizlər də töhfə verəcəyik". 

Onun sözlərinə görə, bugünkü tədbirdə çox maraqlı dialoq qurulub və gənc sahibkarlar öz problemlərini səsləndirir və onların həlli yollarını öyrənir: "Düşünürəm ki, hər bir problemin həlli gənc sahibkarların işlərinə daha uğurla davam etməsinə şərait yaradacaq. Əlbəttə ki, bizim də bir hədəfimiz və bir amalımız var: uğurlu gənc sahibkar kimi Azərbaycanda inkişafda olan biznes mühitinə hər zaman öz töhfəmizi verək. “Gənc Sahibkarlara Dəstək Proqramı”ndan isə ilk öncə, yeni biliklərin əldə olunmasını, gənc sahibkarlara müəyyən imtiyazların verilməsini, xüsusi təlim proqramları, funksional, metodik proseslərlə inkişaf etməyi gözləyirik. Mövcud problemlərin həllinə dair funksional alətlər mövcuddur ki, bu alətlərin öyrədilməsini də gözləyirik”.

"Gənc sahibkarlar artıq öz sözünü deməyə başlayırlar"

Azərbaycanda təbii yolla meyvə qurusu istehsal edən şirkətin baş direktoru Nahid Cabbarov bildirib ki, Azərbaycanda gənclərlə bağlı yeni tendensiyalar və yeni fokuslamaların olması çox sevindiricidir. Gənc sahibkar düşünür ki, bugünkü formada tədbirlərin və görüşlərin sayı daha da artırılmalıdır: “Çox sevincliyəm ki, artıq Azərbaycanda da gənclərin önü açılır və gənc sahibkarlar artıq öz sözünü deməyə başlayırlar. Burada mən 300-ə yaxın gənc sahibkar gördüm. Düşünürəm ki, bu, gələcəyə çox ümidli baxmağa imkan verir.

Bu səbəbdən biz də gənc olaraq, gənc şirkət olaraq daha da inkişaf etməliyik. Xaricdə aldığım təhsil və Azərbaycanda yerli şirkətlərdə qazandığım təcrübə ilə ailə şirkətimizə öz töhfəmizi verəcəyəm. Bundan sonra da biz dövlətimizin daimi dəstəyi ilə inkişaf edib ölkəmizə, Azərbaycan iqtisadiyyatına kiçik də olsa, öz dəstəyimizi və töhfəmizi verəcəyik”.

Gənclər üçün çox geniş imkanlar yaradılıb

3 ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 23 yaşlı Sara Rəcəbli isə əsas məqsədlərindən birinin  Azərbaycanda yaşayan fiziki məhdudiyyəti olan qadınlara dəstək göstərmək, onları sahibkar kimi yetişdirmək olduğunu deyir: "Ölkəmizdə keçirilən I Gənc Sahibkarlar Forumunda fiziki məhdudiyətli şəxslərin iştirak etməsinə çox şadam. Biz burada sosial sahibkarlıq sahəsini təmsil edirik. Dövlət qurumları ilə şəbəkələşmə imkanları qazanırıq ki, onlardan da əlavə dəstək qazanaq. Natiqlərin çıxışlarını dinlədik. Həqiqətən də, gənclər üçün çox geniş imkanlar yaradılıb. Məni sahibkarlıq fəaliyyətimdə daima dövlət qurumlarının dəstəyini hiss etmişəm. Gənclər Fondunun  dəstəyi ilə Azərbaycan tarixində ilk dəfə BMT səviyyəsində sosial sahibkarlığı bir layihə olaraq təbliğ etmişik. Bu forumda biz təkliflərimizi irəli sürmək, problemlərimiz haqqında danışmaq imkanlarını qazanmışıq. Dövlət qurumları ilə sıx əməkdaşlıq edək”. 

Gənc sahibkar xanım düşünür ki, xüsusən də KOBİA tərəfindən dəstək proqramı çərçivəsində bir çox yeni yaradılan sahibkarlıq subyektləri öz bizneslərini inkişaf etdirəcəklər: “Çünki ölkəmizdə bir çox sərgilər və festivallar təşkil olunur ki, bu da yeni yaranan startapçılar və sahibkarlar üçün özlərini təbliğ etmək üçün çox gözəl imkanlar yaradır”.

Xatırladaq ki, bu gün Bakı Konqres Mərkəzində keçirilən I Gənc Sahibkarlar Forumunda dövlət qurumlarının, gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmçinin bu sahəyə maraq göstərən gənclər, ümumilikdə, 300-dən çox şəxs iştirak edib. Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların bu sahədə fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunmuş forumda gənclərin sahibkarlıq fəaliyyətinə marağı, biznes fəaliyyətinə başlanmasına dair məsələlər, gənclərin yaradıcı təşəbbüslərinin və layihələrinin reallaşdırılması müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb. Forum çərçivəsində gənc sahibkarlar biznesin qurulmasına dair öz təcrübələrini bölüşüb, geniş müzakirələr aparılıb, gənc sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

Son xəbərlər

Orphus sistemi