​Azərbaycan futbol klubları qış toplanışını harada keçirəcək? - SORĞU

​Azərbaycan futbol klubları qış toplanışını harada keçirəcək? - SORĞU 9 klubun 8-i Antalyanı seçib
Analitika
27 Dekabr , 2014 16:30
​Azərbaycan futbol klubları qış toplanışını harada keçirəcək? - SORĞU

Bakı. 27 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən 9 klubdan 8-i qış təlim-məşq toplanışını Türkiyənin Antalya bölgəsində keçirməyi qərara alıb. "Report"un məlumatına görə, yalnız "Sumqayıt" komandası Azərbaycanın hüdudlarından kənara çıxmayacaq.

Lider "Qarabağ"ın qış təlim-məşq toplanışı yanvarın 10-da başlayacaq. Klubun baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında komandanın birbaşa Antalyada yığışacağını bildirib. Fevralın 1-dək davam edəcək toplanışda 6 yoxlama oyunu keçirmək planlaşdırılıb. Ağdam komandası Antalyanın Bələk bölgəsində yerləşən "İC Santai" otelində məskunlaşacaq.

Bakının "İnter" klubu da növbəti ilin qış hazırlığını Antalyada keçirəcək. Klubun rəsmi saytının məlumatına görə, toplanış yanvarın 2-dən başlayacaq. Məşq prosesi isə 2015-ci ilin ilk ayının 3-dən start götürəcək. İlk yoxlama görüşünün yanvarın 6-da keçirilməsi gözlənilir. Digər yoxlama oyunlarının vaxtı məlum deyil və rəqiblərin kimliyinə yaxın günlərdə aydınlıq gələcək. "Bankirlər" yanvarın 24-də Bakıya qayıdacaq.

Artıq "Neftçi"nin də qış fasiləsi zamanı keçirəcəyi təlim-məşq toplanışının planı müəyyənləşib. Paytaxt klubunun rəsmi saytında yanvarın 6-da Bakıda bir araya gələcək komandanın hazırlığa ayın 11-dək paytaxtda davam edəcəyi bildirilir. Yanvarın 11-də isə paytaxt klubu təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 24-də başa çatacaq Antalya toplanışı zamanı Arif Əsədovun komandası 6 yoxlama oyunu keçirməyi planlaşdırır. İlk oyun yanvarın 14-də olacaq. Həmin gün "Neftçi" Səudiyyə Ərəbistanının "Hajer" klubunu sınağa çəkəcək. Bundan üç gün sonra rəqib İranın "Fulad", yanvarın 20-də Çinin "Guiju Rehne", ertəsi gün Ukraynanın "Volın" klubu olacaq. Flaqman son matçını yanvarın 23-də Rusiyanın "Dinamo" (Moskva) klubunun 23 yaşadək futbolçulardan ibarət komandasına qarşı keçirəcək. Bütün yoxlama görüşləri "Mardan İdman Kompleksi"nin stadionunda baş tutacaq. Təqvimdəki oyunlardan əlavə, daha bir yoxlama görüşü nəzərdə tutulub.

"Simurq" da qış təlim-məşq toplanışı üçün yanvarın 6-da Antalyaya yola düşəcək və "Sirena Belek" otelində məskunlaşacaq. Komanda qardaş ölkədə 4 yoldaşlıq görüşü keçirəcək. Qarşılaşmalar yanvarın 15, 18, 21 və 24-də baş tutacaq. Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Albaniyanın "Partizani" klubu olacaq. "Simurq" yanvarın 25-də ölkəyə qayıdacaq və hazırlıqları Zaqatalada davam etdirəcək.

“Xəzər Lənkəran” qış təlim-məşq toplanışı üçün Antalyanın Bələk bölgəsində yerləşən “Crystal Tat Beach“ otelini seçib. Lənkəran təmsilçisinin rəsmi saytında yanvarın 6-da Türkiyədə hazırlığa start verəcək cənublularun 20 günlük toplanış müddətində 5 yoxlama oyunu keçirməyi planlaşdırdığı açıqlanıb.

“Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarına 2015-ci il yanvarın 5-də start verəcək. Klubun rəsmi saytında həmin gün komanda üzvlərinin Türkiyənin Antalya şəhərində bir araya gələrək məşqlərə başlayacağı bildirilir. Legionerlər birbaşa qonşu ölkəyə gələcəksə, yerli futbolçular Bakıda toplaşaraq səfərə yollanacaq. Əvvəlki təlim-məşq toplanışlarında olduğu kimi, “qırmızı-qaralar” bu dəfə də Antalyanın Bələk bölgəsində yerləşən “Gloria Serenity” otelində məskunlaşacaq. Türkiyə hazırlıqları iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək. "Qəbələ" hazırlıq çərçivəsində 7 yoxlama oyunu keçirəcək. Bunlardan 3-ü birinci, 4-ü ikinci mərhələdə baş tutacaq. Rəqiblərdən hələlik 2-si məlum olub. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda yanvarın 10-da Hollandiya PSV-si, 17-də isə Ukraynanın "Vorskla" klubu ilə qüvvəsini sınayacaq. Antalya toplanışını başa vurub Bakıya qayıdacaq "qırmızı-qaralar" XIX turun qarşılaşmasına hazırlıqları paytaxtda tamamlayacaq.

AZAL-ın da toplanış planı demək olar məlum olub. Şüvəlan təmsilçisi yanvarın 4-də bir araya gələrək 2 gün müddətində tibbi baxışdan keçəcək. Bundan sonra bir həftə paytaxtda hazırlaşacaq "təyyarəçilər" yanvarın 12-də Antalyaya yola düşəcək. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov AZAL-ın yanvarın 24-də Azərbaycana qayıdacağını deyib. Komandanın keçirəcəyi yoxlama oyunları isə hələlik məlum deyil.

Maddi vəziyyəti ürəkaçan olmayan "Bakı" da qış təlim-məşq toplanışını Antalyada keçirməyi planlaşdırır. Səfər yanvarın 5-nə nəzərdə tutulub. Bu barədə klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib. Toplanışın keçiriləcəyi məkan məlum olsa da, yoxlama oyunlarının sayı və vaxtı hələlik müəyyənləşməyib.

Rəqiblərindən fərqli olaraq "Sumqayıt" qış toplanışını doğma məkanda davam etdirəcək. Klub prezidenti Kamran Quliyev "Gənclik şəhəri" təmsilçisinin yanvarın 5-də Sumqayıtda bir araya gələcəyini söyləyib. Sumqayıtdakı otellərin birində məskunlaşacaq komanda ən azı 3-4 yoxlama görüşü keçirəcək.

Qeyd edək ki, Premyer Liqanın XIX turu 30 yanvar - 1 fevralda olacaq.

Son xəbərlər

Orphus sistemi