Azərbaycan diasporu və onun KOMİTƏSİ: 18-ə qədər və ondan sonra…

Azərbaycan diasporu və onun KOMİTƏSİ: 18-ə qədər və ondan sonra… “Böyüməkdən qorxmaq lazım deyil. Baxmayaraq, böyük dağların dumanı da böyük olur”
Analitika
5 İyul , 2020 16:27
Azərbaycan diasporu və onun KOMİTƏSİ: 18-ə qədər və ondan sonra…

“Böyüməkdən qorxmaq lazım deyil. Baxmayaraq, böyük dağların dumanı da böyük olur”

 Atilla

Tarix boyu, elə indi də və ehtimal ki, gələcəkdə də qlobal həmrəylik xalqlar və ölkələr üçün təhdidlərə qarşı güclü immunitet olub, olacaq. Gənc və müstəqil, strateji mövqeyə və münbit, təbii sərvətlərlə zəngin torpaqlara sahib ölkələrin xaqları üçün bu, ikiqat immunitetdir. Diaspor, lobbiçilik və digər vacib fəaliyyətlər məhz bu immunitetdən yararlanıldığı halda ciddi nəticələrə çata bilir.

Azərbaycan nəinki 70 illik əsarətdən sonrakı müstəqilliyində, hətta ondan əvvəl şərqdə ilk cümhuriyyətçilik missiyasnda da buna önəm verib. 1919-cu il iyununda Fransada Versal sarayında Paris Sülh Konfransında dünyanın yeni xəritəsinin çizilməsində azərbaycanlıların iştirak forması buna əyani misaldır. O vaxt da gənc Azərbaycanın tanıdılmasında Əlimardan bəy Topçubaşovun rəhbərlik etdiyi misiya tək diplomatik yox, həm də lobbiçilik xarakteri daşıyırdı. Bunu o missiya üzlərinin sonrakı talehində, o cümlədən o dövrkü ABŞ prezidenti, konfransın əsas iştirakçılarından Vudro Vilsonun azərbaycanlılar ilə bağlı xatirələrində aydın görmək olur.

Hələ SSRİ-də əsası qoyulan müstəqil diasporumuz...

SSRi-dən sonrakı müstəqil Azərbaycan da bu ənənəni pozmadı. Daha açıq danışsaq, elə SSRİ dövründə Azərbaycana ilk rəhbərliyi zamanı Heydər Əliyev bu ənənəni davam etdirməyə başladı. Məhz onun sayəsində o dövrdə keçmiş SSRİ-nin aparıcı ölkələrinə (Rusiya, Baltik yanı ölkələr, Ukrayna) ali təhsil ardınca, müxtəlif vəzifələrə göndərilən azərbaycanlı gənclər sonrakı dövrdə o ölkələrdə, hətta oralardan dünyaya azərbaycançılığın təbliğatnda rol oynadılar.

Heydər Əliyevin dünyadakı nüfuzu Azərbaycan diasporunun təmərküzləşməsində, söz sahibi olmasında böyük dəstək oldu.

Bu missiyanın məntiqi nəticəsi olaraq Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsinin və onun əsasnaməsinin yaradılması Heydər Əliyevin azərbaycançılıq ideologiyasına verdiyi töhfələrdən oldu.

Bu nəticə belə yarandı ki, Heydər Əliyev dünya azərbaycanlıları üçün həmrəylik modelini yaratdı. Proses Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-nin dünya azərbaycanlılarının həmrəylik günü elan edilməsi ilə başladı. Sonra Azərbaycan Milli Məclisi həmin qərarı bütövlükdə ölkə miqyası üçün qəbul edib. Beləliklə, uzun və azərbaycanlıların vahid gücə çevrilməsi baxımından şərəfli bir yola çıxıldı. Bu gün, Cənubi Azərbaycan da daxil, dünyada təqribən 55 milyona qədər azərbaycanlı yaşayır.

Heydər Əliyev əsasını qoyduğu kursla diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdi; diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Ardınca yenə Heydər Əliyev tərəfindən Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsinin əsası qoyuldu, onun imzaladığı xüsusi sərəncamla 2001-ci ildə Bakıda ilk qurultay keçirildi. İndiyə qədər dünya azərbaycanlılarının Bakı qurultayı 5 dəfə keçirilib və bu, artıq ənənə halını alıb. Məhz bu qurultayların keçirilməsi dünya azərbaycanlılarının vahid amal ətrafında, bir masa ətrafında birləşməsinin ilkin şərtlərini yaratdı. İlk qurultayda qarşıya qoyulan vəzifələrin reallaşması zərurətindən Heydər Əliyev digər bir sərəncamla 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini (indiki Diasporla İş üzrə Dövlət Komitəsi – M.A.) yaratdı. Bununla Azərbaycan dövləti dünyadakı milli diaspor hərəkatında vahid əlaqələndirici missiyanı üzərinə daha geniş formada götürdü.   

Bir sıra ölkələrdə azərbaycanlıların vahid təşkilatları yaradıldı. Ukrayna Azərbaycanlıları Konqresi (1999), Ümumrusiya Azərbaycanlılar Konqresi (2001) və sair ölkələrdə bu kimi təşkilatların formalaşması məhz Heydər Əliyevin siyasəti sayəsində baş tutdu.

Prezident İlham Əliyev bu ideyanı uğurla davam etdirir. Onun müvafiq sərəncamı ilə 2006-cı ilin martında keçirilən ikinci qurultay isə diaspor quruculuğuna və milli həmrəyliyin möhkəmlənməsinə yeni təkan verdi. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyətinin ciddi təhlili əsasında bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi əsaslandırıldı. İnformasiya sahəsində fəaliyyətin gücləndirilməsi, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrin genişləndirilməsi məsələləri xüsusilə önə çəkildi. Bundan irəli gələrək, 2008-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası diasporun fəaliyyət istiqamətlərini müəyyən edən "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" adlı konseptual sənəd qəbul etdi.

2018-ci ilin iyul ayında prezident İlham Əliyevin müvafiq fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı.

Məqsəd son dərəcə aydındır: Prezident İlham Əliyev şəxsən dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının dövlətimizin və xalqımızın problemlərini düşünməli olduğunu xüsusi vurğulayıb. Bunun üçün də dövlət dünya azərbaycanlıların fəal, birlik halında olması üçün hərtərəfli dəstəyi əsirgəmir. Bu minvalla Diaporla İş üzrə Dövlət Komitəsi çiynində böyük bir missiyanı, yükü daşımış olur.

Bəs Komitə bu yükü necə daşıyır ?

İki il bundan əvvəl Diaspor Komitəsinin rəhbəri ilə bağlı ali səviyyədə verilən qərar burada 16 illik bir ahəngi dəyişdi. 16 illik gözlədiklərimiz ilə bağlı 100 faizlik nəticə hələ də hasil olmasa da amma yeni nəfəs hiss olundu bu iki ildə…

İnsafən, yeni komitə sədri sədr Fuad Muradov işə optimist başladı. Komandasını yanına alıb strateji əhəmiyyət daşıyan ölkələrə - Fransaya, Almaniyaya, Niderlanda, Ukraynaya, Rumıniyaya, Baltik yanı ölkələrə, Rusiyaya, Gürcüstana, İsveçə və ABŞ-a ardıcıl səfərlər edərək, azərbaycanlılarla görüşdü, bu ölkələrdə diaspor təşkilatlarının Koordinasiya Şuralarının yaradılması barədə qərarlar qəbul edildi. Küsənlər barışdı, hətta küsülü olmayanlar da həvəsə gəlib barışıq tədbirləri keçirdi. Ən əsası uzun illər idi, səfirliklərimizlə diaspor təşkilatlarımız arasında maqnitin əks üzü effekti demək olar ki, 180 dərəcə dəyişərək bir-birinə cəzb etmə təsirinə çevrildi. Komitə ilə XİN elə iki il vvəldən birgə fəaliyyətləri ilə bağlı bəyanat da imza atdılar.

Təki həmişə belə olsun. Axı dünyada azərbaycanlıların bir araya gəlməsindən gözəl nə ola bilər ki?

Bir sözlə, bu gün 18 yaşlı komitə ən azı 16 yaşlı o vaxtkı komitədən fəaliyyətinə görə, məsələn, uzaq Amerikadan görünəcək fərq qədər irəlidədəir –desək, günaha batmarıq.

Son iki ildə Azərbaycan dövləti tərəfindən dünya azərbaycanlıları ilə bağlı atılan daha iri miqyaslı addımlar da məhz komitənin faliyyətindəki bu fərqlilikdən koordinasiya olunur.

Baxmayaraq ki, Azərbaycan diasporunun komitədən gözləntiləri hələ qabaqdadır.

Hazırkı pandemiya dövründə dünya azərbaycanlılarının oynadığı “partizan rolu” da diqqətdən yayınmadı. Son iki ildə yaradılan azərbaycanlıların koordinasiya şuraları, Azərbaycan Ev-ləri karantin müddətində xaricdə qalan Azərbaycan vətəndaşları, xüsusilə azərbaycanlı tələbələr üçün məskənə çevrildilər. Uzun müddət o ölkələrdə qalan Azərbaycan vətəndaşlarının maddi ehtiyaclarından tutmuş, psixoloji dəstəyə qədər yardımçıları həmən Azərbaycan Ev-ləri, şuraları oldu. Hələ də Vətənə təxliyyəsini gözləyən bir sıra ölkələrdəki Azərbaycan vətəndaşlarının qərargahları olduqları ölkələrdəki Azərbycan Ev-ləridir. Ukraynanı, Almaniyanı, Polşanı, Macarıstanl, Türkiyəni, ABŞ-ın müvafiq ştatlarını, Fransanı, Baltikyanı və Slandinaviya ölkələrini, Kanadanı və sair yuxardakı fakta misal çəkmək olar.  Bununla bağlı sosial şəbəkələrdə, internet resurslarda kifayət qədər faktlara rast gəlmək olar. Pandemiya dövrü başlayandan sədr Fuad Muradov başda olmaqla komitə demk olar ki, hər gün xaricdəki Azərbaycan diaspor mərkəzləri ilə videokonfrans şəklində təmasdadır. Başqa sözlə, pandemiya dövrünü üçüncü dünya müharibəsi zənn etsək, bu müharibədə Azərbaycan diasporu olduqları ölkələrdə vətəndaşlarımız uğrunda əsl partizan hərəkatını xatırlatdı.

Bir sözlə, Diaspor Komitəsi 18 yaşına daha böyük fəaliyyət həcmində tamamlayır. Hələ də diasporda bəzi sualların həllini gözləməsinə baxmayaraq, fakt olaraq missiya böyüyüb. Böyüməkdən isə əsla narahat olmaq olmaz, baxmayaraq böyük dağın dumanı da böyük olur.

Mübariz Aslanov

Son xəbərlər

Orphus sistemi