Azərbaycan bankları zərərlə işləməyə davam edəcək

Azərbaycan bankları zərərlə işləməyə davam edəcək AZN/USD məzənnəsi nağd valyuta bazarında tez-tez dəyişəcək
Analitika
15 Aprel , 2017 11:39
Azərbaycan bankları zərərlə işləməyə davam edəcək
Report

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları  zərərlə işləməyə davam edəcək. 

"Report"un analitik qrupu bildirir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına görə, 2016-cı il yekunu üzrə iqtisadiyyata kredit qoyuluşu 15 800,2 mln. manat təşkil edib ki, bu da 2015-ci il yekunundan 5 027,4 mln. manat və ya 24,1% azdır.  2015-ci il 30 dekabr tarixinə AZN/USD rəsmi məzənnəsi 1,5594, 2016-cı il 30 dekabr tarixinə isə 1,7707 olub. Azərbaycanda kreditləşmə dərəcəsinin 50% civarında dalğalandığını nəzərə alsaq, məzənnədə artım kredit portfelini manat ekvivalentində genişləndirməli idi. Lakin, bank sektorunun kreditləşməni demək olar ki, dayandırması iqtisadiyyata kredit qoyuluşunu xeyli azaldıb və bu prosesin yaxın illərdə davam etməsi gözlənilir.

"Report"un analitik qrupu kreditləşmənin minimuma endirilməsinin bankların faiz gəlirinə ciddi təsir edəcəyini düşünür. Bankların əsas gəlir mənbəyi hesab edilən faiz gəlirləri azaldıqca qeyri-faiz gəlirləri ilə zərərlərini kompensasiya etməyə çalışacaqlar. Hazırda AMB depozit hərraci ilə banklara yüksək faiz verərək onlara yardım edir. Lakin məzənnənin sabitləşməsi davam edərsə bu, mümkün olmayacaq. Qeyri-faiz gəlirlərinin əsas komponentini isə hazırda valyuta əməliyyatlarından gəlirlər təşkil edir. Lakin valyuta bazarında son günlər müşahidə olunan sabitlik bankların qeyri-faiz gəlirlərini də minimuma endirəcək. Bu vəziyyətdə bir çox kommersiya bankı ya bağlanmalı, ya da AMB valyuta məzənnəsini dalğalandıraraq onlara kömək etməlidir. Çünki, kreditlşmənin bərpası xeyli müddət uzana bilər.

"Report"un analitik qrupu Azərbaycan nağd valyuta bazarında dalğalanmaların davam edəcəyini, lakin məzənnə koridorunun daraldılacağını proqnozlaşdırır. Cari vəziyyətdə AZN/USD məzənnəsi 1,60-1,70 diapazonunda ayda 2 dəfə dalğalanmalara məruz qala bilər.

Son xəbərlər

Orphus sistemi