Yuxarı

Almaniya-Fransa müqaviləsi - NATO-ya alternativ, ABŞ-a xəbərdarlıq - ŞƏRH

Almaniya və Fransa ABŞ-a, Avropa İttifaqı ölkələrinə, NATO-ya  Axen müqaviləsi ilə yeni ismarıc verdilər

Bakı. 23 yanvar. REPORT.AZ/ Ötən gün Avropa qitəsinin iki dövləti - Almaniya və Fransa arasında əməkdaşlığa dair çox mühüm sənəd imzalanıb. Sənədi Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron imzalayıblar. Fransanın Axen kurort şəhərində imzalandığından müqaviləyə eyni adı veriblər. Bu müqavilənin əsasını 1963-cü il yanvarın 22-də Parisdə Yelisey sarayında Almaniya Kansleri Konrad Adenauer və Fransa Prezidenti Şarl de Qoll arasında imzalanmış sənəd təşkil edir. Yelisey müqaviləsi adlanan sənəd İkinci Dünya müharibəsindən sonra bir-birinə qarşı küsülülüyü aradan qalxmayan iki dövlət arasında münasibətlərin təməlini təşkil edir. Axen müqaviləsində əsas üstünlük təhükəsizlik sahəsində əməkdaşlığa verilib. Almaniya və Fransa müharibə də daxil olmaqla hərbi təcavüz zamanı bir-birinə istənilən yardımı etmək öhdəliyini bu müqavilədə üzərilərinə götürüblər. Tərəflər 15 sahədə əməkdaşlığı dərinləşdirməyi razılaşdırıblar. Sənəddə qeyd olunub ki, Fransa və Almaniya üçün XXI əsrdə Avropa və iki dövlət qarşısında duran çağırışlara hazırlaşmaq, ikitərəfli münasibətləri yeni səviyyəyə çatdırmağın vaxtı çatıb. Müqavilədə dünyanın yeni nizamına və çoxqütblülüyə sadiqlik ifadə edilib. Anlaşmada Almaniyanın BMT Təhlükəsizlik Şurasına daimi üzv olması istiqamətində birgə diplomatik fəaliyyət əsas istiqamətlərdən bir olaraq göstərilib.

Görəsən, nə baş verir? Almaniya və Fransaya bir ittifaq daxilində götürülən öhdəliklər azlıq edir? Təhlükəsizlik məsələsini Avropa İttifaqından niyə iki dövlət səviyyəsinə endirirlər? Avropa İttifaqına üzv digər dövlətlər hərbi müdaxilə olsa, Almaniya və Fransa təcavüzə məruz qalacaq ölkəyə yardım etməyəcək? Hər halda bu kimi maraq doğuracaq suallar var.

Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) 28 dövləti birləşdirən dövlətlərüstü, eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. 1951-ci il aprelin 18-də Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə indiki İttifaqın əsası qoyulub. 1993-cü il noyabrın 1-də təşkilatın adı dəyişdirildi, fəaliyyət istiqamətinin genişləndirilməsinə dair sonralar sənədlər imzalandı. Yeri gəlmişkən, bu proses SSRİ tamamilə çökəndən sonra baş verib. Bu həm də İttifaqın hədəflərinin göstəricisi sayıla bilərdi. Məsələn, yaxın qonşuluq siyasəti də buna xidmət edirdi. Başqa sözlə, sovetlər dağıldıqdan sonra Avropa İttifaqı həm də şərqə doğru genişlənməyə başladı. Proses davam edir. Avropa İttifaqı daxilində sərhəd yoxdur. Bu İttifaqın vahid xarici siyasət və təhlükəsizlik siyasəti mövcuddur. Üzv ölkələr hətta milli valyutadan imtina ediblər. Almaniya ilə Fransanın bu davranışı indiki şərait üçün separatçılığa oxşayır. Təhlükəsizlik məsələsinə dair əlahiddə razılaşma çox ciddi məsələdir. Onu da yada salaq ki, Avropa ümumi xarici və təhlükəsizlik siyasəti sahəsində çox çətinliklərlə üzləşib. 1952-ci ildə ilk dəfə Almaniya, Belçika, İtaliya, Fransa, Niderland və Lüksemburq Avropa Müdafiə Cəmiyyətinin yaradılması haqında müqavilə imzalayıblar. Ancaq Fransa parlamenti bu razılaşmanı təsdiqləmədiyindən proses o vaxtdan yarımçıq qalıb. Ona görə də İttifaq daxilində inteqrasiya iqtisadiyyatdan siyasətə doğru inkişaf etdi. İttifaq dövlətlərinin çoxu NATO üzvü olduqlarından təhlükəsizlik və müdafiə məsələsi ilə bağlı elə ciddi qayğılarla üzləşməyiblər. İttifaqa üzv İsveçrə, Avstriya, Finlandiya, İsveç, Bosniya və Hersoqovina kimi dövlətlər NATO-da təmsil olunmurlar. NATO-nun xərclərinin, təxminən, 70 faizi isə ABŞ-ın payına düşür. Deməli, indiyədək Almaniya və Fransa da daxil olmaqla Ştatlar NATO vasitəsilə Avropanın təhlükəsizliyini təmin edir. Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra bu məsələyə ciddi diqqət ayırıb. O, ötən ilin yayında Avropadakı müttəfiqlərinə məsələ ilə bağlı məktub göndərərək onlardan maliyyə tələb etmişdi. ABŞ lideri həmin məktubu Almaniya, Belçika, Norveç, İtaliya, Niderland, İspaniya, Portuqaliya, Lüksemburq, Kanada və İtaliyanın dövlət başçılarına göndərib.

Deməli, ötən il ABŞ İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürəndən sonra Ştatlarla Avropa İttifaqının aparıcı dövlətləri ilə arasında fikir ayrılığı yarandı. Bundan sonra Donald Tramp təhükəsizliklərini təmin etdikləri üçün avropalı müttəfiqlərinin boynuna minnət qoydu. ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ölkələrindən idxal olunan mallara əlavə gömrük vergisi tətbiq edib. Ötən ilin iyulunda Donald Tramp İttifaqdan idxal olunan avtomobillərə 20-25 faiz əlavə gömrük vergisi tutulacağı barədə sənəd imzaladı. Aİ də bildirdi ki, ABŞ-ın ölkəyə idxal olunan avtomobillərə gömrük rüsumu tətbiq etməsinə qarşı cavab addımları ata bilər. Məsələyə dair Avropa Komissiyasının adıçəkilən ölkənin ticarət nazirinə ünvanladığı məktubda cavab addımlarının Ştatların istehsalı olan 300 mlrd. dollarlıq məhsulu əhatə edə biləcəyi vurğulanırdı. Heç şübhəsiz, Avropa İttifaqı ABŞ-ın ən əsas tərəfkeşidir. Bu baxımdan, amerikalılar İttifaqla gərginliyin yaranmasında maraqlı görünmürlər. Bir müddət əvvəl Donald Trampın ölkəsini NATO-dan çıxarmağa hazırlaşdığı ilə bəyanatı narahatlığa səbəb olub. ABŞ Konqresinin Nümayəndələr palatası Donald Trampa Birləşmiş Ştatları NATO-dan çıxarmağı yasaqlayan qanun layihəsi qəbul edib. NATO-nun baş katibi Yens Stoltenberq də ona "təkbaşına gediş"in Avropa və ABŞ üçün seçim olmadığı barədə xəbərdarlıq edib. O bildirib ki, Qərb hazırda böyük təhlükəsizlik problemi ilə üzləşib. Donald Tramp prezident seçkisi kampaniyası zamanı Qərbin hərbi alyansı olan NATO-nu köhnəlmiş adlandırmışdı. O təklif edib ki, NATO hücum edərkən yardıma gəlmək barədə ABŞ iki dəfə düşünəcək. Bununla belə, Stoltenberq Trampın başqa üzv ölkələrin daha çox maliyyə töhfəsi verməsi ehtiyacı barədə fikirləri ilə razılaşıb. Onun sözlərinə görə, Amerika liderləri həmişə sabit və təhlükəsiz Avropada dərin strateji maraqlarının olmasını etiraf edib: “Bizim güclü ABŞ rəhbərliyinə və bu yükü bərabər paylaşan avropalılara ehtiyacımız var. Təkbaşına gediş etmək nə Avropa, nə də ABŞ üçün variantdır. Biz indi təhlükəsizlik baxımdan ən böyük problemlərlə üzləşirik. İndi Avropa və ABŞ arasında tərəfdaşlığın əhəmiyyətini şübhə altına almaq vaxtı deyil”. Belə çıxır Almaniya və Fransa təhlükəsizlik məsələsində ABŞ-dan asılılıqdan xilas olmaq üçün bu sahə üzrə ikitərəfli müqavilə imzalayıblar. Onlar yanvarın 22-də imzaladıqları müqavilə ilə Avropa ordusunun yaranmasının əsasını qoyduqlarını gizlətmirlər. İki ölkə arasında müqavilə həm də “Brexit”lə bağlı məsələlərin gündəlikdə olduğu vaxt müzakirə edilir. Yanvarın 29-da Britaniya parlamenti Krallğın ittifaqdan çıxması ilə bağlı layihəni yenidən müzakirə edəcək. Bunu Britaniyaya mesaj kimi də qiymətləndirmək mümkündür. Əgər Avropa ordusu yaranarsa, NATO-ya ehtiyac çətin qalar. Daha doğrusu, Alyansın bu qitədə fəaliyyəti məhdudlaşdırıla bilər. Elə buna görə də Konqres bəhs etdiyimiz qanunu qəbul etməklə İttifaq ölkələri ilə əməkdaşlığın davam etdiriləcəyini bildiriblər. Onu da düşünmək olar ki, İttifaqa daxil olan ölkələr həm də ikitərəfli müqavilələr imzalaycaq. Bu isə qurumun perspektivinə kölgə sala, onun dağılmasına səbəb ola bilər.

İtaliya Baş nazirinin müavini və iqtisadi inkişaf, əmək və sosial siyasət üzrə nazir Luici Di Mayo

Yeri gəlmişkən, İtaliya Baş nazirinin müavini və iqtisadi inkişaf, əmək və sosial siyasət üzrə nazir Luici Di Mayo Fransaya Afrikadakı müstəmləkəçiliyinə görə sanksiya tətbiq olunmasını təklif edib. Onun sözlərinə görə, Fransa Afrikanın onlarla ölkəsini istismar edir: “Bu gün Afrika dövlətlərindən insanlar Avropaya köç edirlərsə, buna səbəb Fransanın orada müstəmləkəçiliyini dayandırmamasıdır. Avropa İttifaqı Fransaya və Afrikanı yoxsullaşdıran, insanlara ölkələrini tərk etməyə məcbur edən bu kimi dövlətlərə sanksiya tətbiq etməlidir. Çünki afrikalılar Aralıq dənizinin dibində deyil, Afrikada olmalıdır”. Ona görə də ehtimal etmək olar ki, “Brexit”dən sonra İttifaqda ciddi problemlər yaranacaq. Berlinlə Paris arasında imzalanan Axen müqaviləsi həmin şərait üçün hazırlıq sayıla bilər. Elə Almaniyanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü ilə bağlı təbliğat da bu məqsədə xidmət edir. Belə hesab etmək olar ki, Berlin və Paris Fransa ilə yanaşı, Federativ Respublikanın da Şurada təmsil olunmasına, bununla da qurumda üstünlüyə nail olmaq niyyətindədirlər. Beləliklə, Almaniya və Fransa ABŞ-a, Avropa İttifaqı ölkələrinə, NATO-ya Axen müqaviləsi ilə yeni ismarıc verdilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi