Yuxarı

​Avropa İttifaqının Şərqdəki "tərəfdaşlar"la əsas problemi - ŞƏRH

Tərəfdaş ölkələr bir sıra məsələlərə görə çox həssas bölgədə yerləşir

Bakı. 21 may. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" sammiti başlayıb.

Toplantıdan iki gün öncə ittifaqın genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han "The Parliament Magazine"dəki məqaləsində proqramın gələcək hədəflərinin əsas istiqamətlərinə diqqət çəkib.

Onun yazdığına görə, Riqa görüşü sadəcə, qarşılıqlı siyasi əlaqələri nümayiş etdirməyəcək, eləcə də razılaşmanın əldə edilməsi üçün bir sıra praktik addımlar atılacaq.

Ancaq ötən müddət ərzində bu proqramda iştirak edən dövlətlərin - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistan ictimaiyyətinin hiss edə biləcəyi elə ciddi əməl müşahidə olunmayıb, əksinə Avropa meyilli hakimiyyətlər və qüvvələr bir sıra çətinliklərlə üz-üzə qalıblar. Pərdə arxasında nələr olduğunu söyləmək çətindir, amma görünən odur ki, sanki ittifaq bu mənzərəni kənardan müşahidə etməklə kifayətlənir. 

Heç kim şübhə etmir ki, SSRİ dağıldıqdan sonra keçmiş müttəfiq dövlətlər Avropaya, Qərbə inteqrasiyaya üstünlük veriblər. Bu hal indi də davam etməkdədir. Ancaq bunun qarşılığında hələ də "Şərq tərəfdaşlığı" ölkələri Avropa və Qərbdən umduqlarını ala bilməyiblər.

Bir çoxları iddia edir ki, Aİ "tərəfdaş" dövlətlərdən demokratik təsisatların mövcudluğunu tələb edir. Bu gəlişi gözəl bir ifadədir. Ərazi bütövlüyü, maddi-mənəvi aşınmaların da bu gəlişi gözəl sözlərin qurbanı olduğu istisna edilmir.

"Şərq tərəfdaşlığı" MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilən təşəbbüsdür.

Bu münasibətlərin yalnız demokratiyadan asılı olmadığı təsdiqlənir. Problem tərəfdaşlara yanaşmaqdadır. "Şərq tərəfdaşı" olan dövlətlərdən dördünün - Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyü pozulub, işğal olunan ərazilərində separatçı rejimlər mövcuddur. Bu problemlərin həlli yönündə Aİ indiyədək heç bir əməli addım atmayıb. Əksinə, Aİ-nin apraıcı dövlətləri zaman-zaman həmin separatçıları dəstəkləyir.

Bu həftə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki erməni icmasının separatçı başçısı Bako Saakyanın Fransaya dəvəti və Sarsel şəhərinin yerli hökuməti tərəfindən qəbul edlməsini buna örnək göstərmək olar.

Bu onu göstərir ki, Aİ "tərəfdaş" ölkələrin ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qərarlara hörmət etmir.

İttifaqla əməkdaşlıq qurub, Avropa cəmiyyətinə inteqrasiya etmək istəyənlərə münasibət də tərəflər arasındakı problemlərdən biridir. 

Tərəfdaş ölkələr bir sıra məsələlərə görə çox həssas bölgədə yerləşir. Ukraynada müharibə gedir, Azərbaycan, Gürcüstan və Moldova da atəşkəs rejimi elan olunsa da, münaqişə ocağı istənilən vaxt bu və ya başqa səbəbdən alışa bilər.

"Tərəfdaş" dövlətlər davamlı olaraq, iqtisadi, siyasi, hərbi, sosial yöndən xarici təzyiqlərlə üz-üzədir. Bu baxımdan Aİ ilə əməkdaşlıq etməyə üstünlük verən dövlətlər bu kimi təzyiqlərlə tək başına buraxılır. Başqa sözlə, çətin məqamda birlik tərəfdaşlara yardım əlini uzatmır.

Nəticədə bu dövlətlərdə təhlükəsizliyi, ərazi bütövlüyünü, sabitiliyi, iqtisadi və digər əlaqələri qorumaq, xarici təzyiqlərdən yayınmaq üçün Qərbdən, o cümlədən Aİ-dən, onun prinsiplərindən uzaqlaşma meyilləri artır, yaxud meyllərin artması istisina edilmir.

Belə bir vəziyyətdə Qərb, o cümlədədən Aİ "tərəfdaş" ölkələri də, öz nüfuzunu və etibarını itirə bilər.

Fikrimizcə, Avropa İttifaqı ərazi bütövlüyü pozulan tərəfdaşlarına daha çox diqqət ayırmalıdır. İttifaq həmin dövlətlərin - Azərbaycan Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünün bərpa edilməsinə əməli dəstək verməlidir, bundan vacib məsələ ola bilməz.

Riqa sammitində Ermənistan və Belarus təmsilçiləri Krımın Rusiya tərəfindən ilhaqı ilə bağlı bəyanatı imzalamaqdan imtina edib. Bu ərazi bütövılüyü məsələsinin həssaslığını və təzyiqlərin mövcudluğunu bir daha təsdiqləyir. Çünki ərazi bütövlüyü təhlükəsizlik (həm də Avropa İttifqaının təhlükəsizliyi), əməkdaşlıq, sabitlik və s. sahələrdə normal münasibətin əsasıdır.

İşğalçıya, o cümlədən Azərbaycanın ərazisini işğal etmiş Ermənistana zəbt etdiyi torpaqlardan çıxması üçün gerçək təziyiqlər etmək zəruridir. Riqa sammitinin sənədindən və Gürcüstana ərazi iddialarından göründüyü kimi Ermənistan "tərəfdaş dövlətlərin" ərazi bütövlüyünə nəinki hörmət etmir, beynəlxalq hüquq normalarını da kobudcasına pozur və belə əməlləri dəstəkləyir.

Beləliklə, Aİ -nin " tərəfdaşları" ilə çoxsaylı problemi var. Bu porblemlərin həlli isə daha çox ittifaqdan asılıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi