Yuxarı
    Bağlamaq

    Avronun ucuzlaşması bütün dünya valyutalarına mənfi təsir edəcək

    ECB-nin sabahkı iclası USD/EUR məzənnəsi üçün xüsusi önəm daşıyır

    Bakı. 7 dekabr. REPORT.AZ/ Qlobal valyuta bazarı Avropa Mərkəzi Bankının (ECB) sabah, dekabrın 8-də keçirəcəyi iclasının nəticələrini gözləyir. "Report"un analitik qrupu bildirir ki, bu iclasda veriləcək qərar ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrın 13-14-də keçiriləcək iclasının nəticəsindən daha önəmlidir. Belə ki, FES-in uçot dərəcəsini artıracağına şübhə yoxdur və qərar artıq öz əksini ABŞ dollarının dünya valyutaları ilə müqayisədə məzənnəsində tapıb. Son bir ay ərzində dünyanın əksər valyutaları dollarla müqayisədə ucuzlaşıb.

    ECB-nin iclasının nəticəsi isə qeyri-müəyyənliyini qoruyur. Belə ki, əksər analitik və ekspertlər ECB-nin monetar stimullaşdırmanı bitirəcəyini ehtimal edir. 

    "Report"un analitikləri isə hesab edirlər ki, Avrozonada illik ÜDM artımının 1,7% və III rübdə 0,3% kimi aşağı səviyyədə olduğunu diqqətə alsaq, ECB-nin stimullaşdırma proqramının hədəfə çatmadığını görərik. Son statistik hesabata əsasən, inflyasiya 0,6% kimi minimal, işsizlik isə 9,8% kimi maksimal səviyyədə yer alıb. Bölgənin yeganə sabit iqtisadi inkişaf edən ölkəsi isə Almaniyadır.

    "Yuxarıda sadalananları diqqətə alaraq ECB-nin monetar siyasətini dəyişməyəcəyi, mart ayında bitən stimullaşdırma proqramını uzadacağı ehtimal olunur. Ayrıca vurğulamaq lazımdır ki, ECB-nin əlində hazırda istifadə etdiyi monetar siyasət alətlərindən başqa heç bir alternativi yoxdur", - deyə analitiklər əlavə ediblər.

    Agentliyin ekspertləri hesab edirlər ki, hazırda avronun ucuzlaşması Avrozona iqtisadiyyatına ixrac potensialının artırılmasına dəstək verəcək. Buna görə də sabahkı iclasda ECB rəhbəri Mario Draginin avronu dəstəkləyəcək qərarı qəbul etməsi və ya müvafiq açıqlama ilə çıxış etməsi gözlənilir. Belə olduğu təqdirdə, FES-in iclasının da müsbət təsiri ilə dollar avro ilə müqayisədə kəskin bahalaşaraq paritetə yaxınlaşa bilər. Bu da əksər dünya valyutalarında son bir ayda müşahidə olunan devalvasiyanı davam etdirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi