Yuxarı

Avronun məzənnəsinin sürətlə artmasının səbəbi - RƏY

Dünya valyuta bazarlarında avronun dollara nisbətdə məzənnəsi son günlərdə artaraq 1.15 səviyyəsinə yaxınlaşıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Dünya valyuta bazarlarında avronun dollara nisbətdə məzənnəsi son günlərdə artaraq 1.15 səviyyəsinə yaxınlaşıb. "Report" Analitik Qrupu xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcələrini 2015-ci ildə artırmayacağı ehtimalları gücləndikcə dollar dünya valyutaları ilə müqayisədə zəifləməyə başlayıb. FES uçot dərəcələrini artırmamasının başlıca səbəbi kimi ABŞ-da 2%-lik inflyasiya hədəfinə çatmaması və dünya maliyyə bazarlarında baş verən sərt dalğalanmaları əsas gətirib.

Qeyd edək ki, avro 1999-cu il yanvarın 1-dən tədavülə buraxıldığı tarixdən sonra 2008-ci il iyul ayında 1,6038 USD/EUR səviyyəsinə qədər artıb. Daha sonra Avropa Mərkəzi Bankının (AMB) monetar genişlənmə qərarı ilə avroda ucuzlaşma başlayıb və 16 mart 2015-ci ildə FES-in uçot dərəcələrini artırma gözləntilərilə 1,0456 USD/EUR səviyyəsinə qədər geriləyib. Bu il ərzində FES-in uçot dərəcələrini artırması qərarı ləngidikcə avro güclənməyə başlayıb və hazırda 1,15 USD/EUR səviyyəsinə qədər artıb.

Avronun məzənnəsinə hazırda ən çox təsir edən amil FES qərarı olmasına baxmayaraq, AMB yeni bir monetar ekspansiya qərarı verməsi də mümkündür. Çünki Avropa zonasında da deflyasiya riskləri getdikcə artır. Avronun artmasının başlıca səbəbi isə FES-in uçot dərəcələrini artırsa belə, bunun minimal, yəni 0,25-0,5% olacağı və 2016-cı ildə artımların məhdud qalacağıdır. Bu səbəbdən USD/EUR məzənnəsinin 1,20-1,22 səviyyəsinə qədər artması proqnozlaşdırılır. Amma 5 illik perspektivdə USD/EUR məzənnəsinin paritetin altına geriləməsi qaçılmazdır.

Azərbaycanda cari məzənnə rejimi çərçivəsində EUR/AZN məzənnəsinin yaxın 3 ayda 1,26-1,28 səviyyəsinə qədər artması ehtimal edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi