Yuxarı
    Bağlamaq

    Atılmış uşaqlar oyuncaqlarını atmır... - REPORTAJ

    “Report”un əməkdaşı internat məktəbindən yazır

    “Report”un əməkdaşı internat məktəbindən yazır

    Bakı. 15 sentyabr. REPORT.AZ/ "Uşağı oxudan atanın kisəsi, ananın kasası olmalıdır". Təəssüf ki, bu atalar sözü hər zaman özünü doğrultmur. Bəzən ya valideynlər olmur, ya da onlar ana və ata şirinliyini dünyaya gətirdikləri övladlarına çox görürlər.

    Bu il Bilik Günündə internat məktəbinə getmək qərarına gəldik. “Report”un əməkdaşları olaraq bununla bağlı Təhsil Nazirliyinə müraciət etdik. Məlumat verdilər ki, sentyabrın 15-i Təhsil Nazirliyinin tabeliyində olan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı ümumi orta internat məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçiriləcək.

    Yolumuz uzaq olsa da, Bilik Günündə fotoqrafımız Firi Salim ilə valideyn himayəsindən məhrum olmuş şagirdlərimizin ilk dərs, ilk zəng sevincini bölüşmək üçün Mərdəkan qəsəbəsinə yola düşdük.

    Yeri gəlmişkən, 2 saylı ümumi orta internat məktəbi iki ildir təmirə dayandırılmışdı. Bu iki ildə şagirdlər başqa binada yerləşdiriliblər.

    Burada 10 nəfər birinci sinifdə təhsil alacaq

    Məktəbdə bizi Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin rəisi Məlahət Hacıyeva və məktəbin direktoru Dilarə Məşədiyeva qarşıladı. Açılış mərasimindən tez çatdığımız üçün yeni təmir olunan məktəbi gəzmək qərarına gəldik.

    M.Hacıyeva və D.Məşədiyeva binada gəzdiyimiz müddətdə bizə bələdçilik etdilər və məktəb barədə məlumat verdilər. 

    Məlum oldu ki, məktəb 9 illikdir, uşaqlar məktəbə birinci sinifdən qəbul olunur. Bura xüsusi məktəb deyil, adi orta məktəb kimi ümumtəhsil proqramı ilə dərslər tədris edilir. İnternatda 160 uşaq var, onların 45 nəfəri qızdır. Bu ilin 9 ayı ərzində məktəbə 22 uşaq qəbul olunub. Yeni sakinlərin 10 nəfəri birinci sinifdə təhsil alacaq. Məktəbdə 22 müəllimə, 16 tərbiyəçi var. Tərbiyəçilər uşaqlarla dərsdən sonra məşğul olurlar.

    Bu il məktəbin 12 məzunu olub, onların 10 nəfəri peşə məktəblərinə, 2 nəfəri isə təhsilini 10-cu sinifdə davam etdirmək üçün başqa orta məktəblərə yönləndirilib.

    Məktəb şagirdlərinin əksəriyyəti oğlanlar olduğundan, onlar arasında Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almağa maraqlı olanlar da çox olur. Müəllimlərin bildirdiyinə görə, şagirdlər hərbi liseydə özlərini daha yaxşı göstərir və digərlərindən fərqli olaraq liseyin sisteminə daha tez adaptasiya olurlar.

    D.Məşədiyeva bildirir ki, məktəbə uşaqlar icra hakimiyyətinin sərəncamına əsasən qəbul olunur: “İlin ortasında da valideynlərini itirib tək qalan uşaq ola bilər, bu səbəbdən də məktəbə qəbul il ərzində aparılır.  Bura valideyn birbaşa uşaq verə bilməz”.

    Nazirlik rəsmisi Məlahət Hacıyeva söhbətə qoşularaq deyir ki, icra hakimiyyəti sərəncam və uşağa aid olan bütün sənədləri nazirliyə yollayır, həmin sənədlərə əsasən iş araşdırılır: "Bəzən uşağın dövlət müəssisəsinə getməsinin qarşısı alınır. Valideynin aztəminatlı olması da mümkündür. Biz çalışırıq ki, onlara uyğun müavinət təyin edilsin, yardım olunsun. Çünki uşağın yetişməsi üçün ən yaxşı mühit ailədir. Uşaqların dərslərdən əlavə məşğuliyyətləri də var, onlar nəfəsli alətlərdə ifa etməyi öyrənir və bir sıra tədbirlərdə iştirak edirlər. Hərbi xidmətə yollanan bəzi şagirdlərimiz Silahlı Qüvvələrin orkestrinda çıxış edirlər".

    Məktəbdə rəsm dərnəyi də var. Divarlardakı rəsmlərdən də uşaqlar şəkil çəkməyə çox maraqlı olduqlarını müşahidə etmək olar.

    Məktəb üç korpusdan ibarətdir. Birinci korpus yalnız ibtidai siniflər üçündür. Buranın birinci mərtəbəsində uşaqların sinif otaqları yerləşir, onlar orada dərs keçirlər, ikinci mərtəbə onların yataq otaqlarıdır, üçüncü mərtəbə isə uşaqların istirahəti üçün hazırlanıb. Onlar həm oyunlar oynayır, həm də televizora baxa bilirlər, bütün bunlar da tərbiyəçinin nəzarəti altında olur.

    İkinci korpus 5-ci sinifdən yuxarı olan oğlanlar, üçüncü korpus isə eyni yaşda olan qızlar üçün hazırlanıb.

    Bütün korpuslarda həm yataq otaqlarında, həm də istirahət otaqlarında uşaqların oyuncaqları var idi: kukla və "mişka"lar. Direktor qeyd etdi ki, binaya təzə köçməyə başlayıblar, uşaqlara köhnə oyuncaqlarını, lazım olmayan əşyalarının yenidən özləri ilə gətirmələrinə ehtiyac olmadığı bildirilib. Amma valideyn himayəsindən məhrum olan bu azyaşlılar oyuncaqlarını öz himayələrindən məhrum etməyib, özləri ilə gətirib, otağın özlərinə aid ən yaxşı yerinə qoyublar.

    Məktəbdə sinif otaqlarından başqa kimya, fizika və biologiya laboratoriyası, kitabxana, idman zalı və başqa otaqlar da tam hazır vəziyyətdədir.

    Direktordan uşaqların ən çox nə ilə bağlı xahiş və iradlarını bildirdiklərini soruşuram. O deyir ki, uşaqlar ən çox gəzintiyə çıxmaqla bağlı xahiş edirlər: “Yayda mütləq onları dənizə aparıram, uşaqlarla dənizə getmək böyük məsuliyyətdir, amma onların istəklərini nəzərə almalıyıq. Bundan başqa, hər il müxtəlif bölgələrə, istirahət mərkəzlərinə aparırıq”.

    Məktəb binasını gəzib çıxırıq, uşaqlarla danışmaq istəyirəm. Təbii ki, onlardan nəsə soruşmaq mənim üçün çətindir. İlk dərs günündə onları incidəcək hər hansı sual verməməyə çalışıram. İlk müsahibim Ə.C.-dir. Bu oğlan internata Buzovnadan gəlib, 7 ildir burada yaşayır, 8-ci sinifdə oxuyur, sinif nümayəndəsidir: “Buradakı şəraitdən, təhsildən razıyam. Məktəbimizdə idman zalının olmasını istəyirdim. Təmir zamanı bizə yeni idman zalı hazırlanıb, çox sevindim. Musiqini də sevirəm, nəfəsli alətdə ifa edirəm. Məktəbi bitirdikdən sonra kollecə sənəd vermək, iqtisadiyyat sahəsi üzrə təhsil almaq istəyirəm”.

    Onu bir qadının qapısının ağzına atıblar...

    Ə.C.-nin valideynlərinin olmadığını öyrəndik. Onu bir qadının qapısının ağzına atıblar. Həmin qadın onu məktəb yaşına qədər böyüdüb, sonra sənədləri olmadığından dövlətə təhvil verilib. Ə. isə sözün əsl mənasında ana adına layiq olan həmin qadını çox sevir və ona "ana" deyir. Hətta bir gün Ə. ağlayaraq direktorun yanına gəlib, anasının xəstəxanada olduğunu, əməliyyat edildiyini bildirib, ora getmək üçün xahiş edib və direktor şəxsən onu xəstəxanaya aparıb.

    F.Ə. isə gələcəkdə tərcüməçi olmaq istəyir. 14 yaşlı bu qız fərqli dillərə maraq göstərir: “İngilis, Koreya, Çin və başqa dilləri də öyrənmək istəyirəm. Təhsilimi universitetdə də davam etdirmək niyyətindəyəm. Bədii ədəbiyyat oxumağı, xarici musiqiləri dinləməyi sevirəm”.

    F. 10 yaşlı qardaşı ilə birlikdə internatda yaşayır. Onlar valideynlərinin hər ikisini itirdiklərinə görə bura gəliblər. Sonradan internatdan övladlığa veriliblər. Müəyyən səbəblərdən həmin ailəyə öyrəşə bilmədiklərindən, məhkəmənin qərarı ilə internata geri qaytarılıblar. Az yaşında çox şeylər yaşayıb F., amma məqsədləri və hədəfləri var. Gələcəyə ümidlə baxır.

    Azərbaycanda 6 uşaq evi, 3 internat məktəbi var

    Şagirdlərlə söhbətləşib məktəbin açılış məraisiminə qatılırıq. Açılışda rəsmilər, internatın müəllim kollektivi və valideynlər (qəyyumlar) iştirak edirdilər. Düzdür valideyn qismində gələnlər uşaqların sayına nisbətən çox az idilər. Amma bəzi uşaqların onlara baxanda gözlərinin içinin necə güldüyünü görmək çox təsirli idi...

    Qeyd edək ki, Azərbaycanda 6 uşaq evi, 3 internat məktəbi var. Uşaq evlərində təhsil verilmir, internat məktəbinin uşaqları isə həm burda yaşayır, həm də təhsil alırlar. İnternat məktəbində oxuyan uşaqlar 9-cu sinfi bitirdikdən sonra gedəcək yerləri olmadığı təqdirdə məktəblərdən çıxarılmırlar. Bəzi uşaqlar 9-cu sinifdən peşə məktəblərinə gedir, universitet və kollecə qəbul olmaq niyyətində olanlar isə internat məktəbində qalır, yaşayır və tam orta təhsil almaq üçün yaxınlıqda yerləşən orta məktəbə gedirlər.

    Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin rəisi Məlahət Hacıyeva bildirir ki, hər il 50-55 nəfər internat məktəbinin məzunu ali məkətblərə, 26-30 arası uşaq kolleclərə daxil olur: “Həmin tələbələr təhsil haqqından azaddırlar. Onlar bu müddətdə də internat evində qalırlar. Təhsilini bitirdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onları işlə təmin edir”.

    O, xatırladır ki, artıq valideyn himayəsindən məhrum olanlar üçün məzun evləri tikilməyə başlayıb: “Bu il bir məzun evi istifadəyə verilib, hazırda iki bina tikilir. Həmin evlərdə valideynləri və yaşayış yeri olmayanları yerləşdirirlər. Mənzillərdə tək, bacısı və qardaşı ilə birgə və ya evlənib yaşayanlar da olur”.

    Foto: Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi