Araqarışdıran niderlandlı deputatların təklifi  - ermənilərdən çox ermənilik - ŞƏRH

Araqarışdıran niderlandlı deputatların təklifi  - ermənilərdən çox ermənilik - ŞƏRH Niderland parlamentarilərinin hədəfi Azərbaycanla Ermənistan arasında düşmənçiliyi qızışdırmaq, regional təhlükəsizliyi təhdid etmək, krallıqla Azərbaycan arasında münasibtələrə problem yaratmaqdır
Analitika
242
24 İyun , 2021 15:18
Araqarışdıran niderlandlı deputatların təklifi  - ermənilərdən çox ermənilik - ŞƏRH

İdman yarışları insanlar arasında yaxınlaşmağa, bir-biri ilə əlaqələrin yaranmasına və əməkdaşlığa xidmət edir. Yarışlar dövlətlər arasındakı ziddiyətlərin aradan qalxması üçün xalq diplomatiyasının tətbiqi vasitələrindəndir. Təəssüf ki, bəzən bu humanistlikdən kin-küdurət yaymaq, milli ədavəti qızışdırmaq, iğtişaş yaratmaq, dövlətlərarası münasibətləri gərginləşdirmək üçün istifadə edilir.

Azərbaycanın harada yerləşdiyini bilməyən Niderland krallığının parlamenti ona qarşı haqsız çıxışlar edir, bununla da Avropa dəyərlərini gözdən salır.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra - 2020-ci il noyabrın 17-də bu qanunverici orqan Azərbaycana və Türkiyəyə qarşı sanksiyaların tətbiqinə dair təklifi qəbul edib.

Onda Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Azərbaycana yeni təyin olunan səfiri Paulin Eizemanın etimadnaməsini qəbul edən zaman bu hadisəyə də münasibət bildirmişdi: “Parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək”.

Səfir Paulin Eizeman parlamentin addımının hökumətin mövqeyinə uyğun gəlmədiyini vurğulamışdı: “Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil”.

Niderland parlamenti demokratiyadan yenə də pis niyyətinin həyata keçməsi üçün istifadə etmək istəyir.

Məlum olduğu kimi, futbol üzrə Avropa çempionatının qrup mərhələsindən sonra 1/4 final oyunlarından biri Bakıda keçiriləcək.

Niderland - Çexiya və Uels - Danimarka oyunlarının qalibləri Azərbaycan paytaxtında qarşılaşacaqlar. Bu baxımdan, Niderlandın da 1/4 bir finala çıxma ehtimalı var. Krallığın nümayəndələr palatası “çay gəlmədən, çırmanmağa” başlayıb. Onların qənaətincə, bu mərhələyə milli komandaları çıxacaqlar. Parlament üzvləri təklif edib ki, Ermənistanla “münaqişə”yə görə krallığın rəsmiləri Uels - Danimarka qarşılaşmasının qalibi ilə görüşü izləmək üçün Bakıya səfər etməsinlər.

Belə çıxır ki, Niderland krallığının parlamentariləri doğrudan da araqarışdırandırlar. Çünki 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni şərait yaranıb. Azərbaycanla Ermənistan arasında əməkdaşlığa dair məsələlər müzakirə olunur, iki ölkə arasında dövlət sərhədləri bərpa olunur.

Belə bir şəraitdə gərginlik yaradacaq istənilən kənar hadisə region üçün problem yarada bilər. Holland deputatların bu təklifi "nəlbəkidə fırtına"ya bənzəsə də, “siçan qarası kimi ürək bulandırır”.

Ədalət və obyektivlik hisslərini itirən deputatlar bu təklifləri ilə Çexiya millisini də aşağılayıblar. Onlar Avropada layiqli komandanın gücünü görməzdən gəliblər. Niderland seçicisinin nümayəndəsi bununla həm də Çexiya millisini aşağılayıb, onları layiqli rəqib saymayıblar.

Azərbaycana qarşı belə çıxış edənlərin hədəfi nədir?

Humanizm prinsiplərindən uzaq şəxslər, düşmənçilik toxumu səpənlər belə təkliflə çıxış edərlər. Azərbaycana qarşı düşmən mövqeyindən çıxış edənlər ölkə rəsmilərinə qadağa qoyar. Cənub Qafqazda sabitliyin yaranmasına qarşı çıxanlar belə davranar. İdmanın mahiyyətindən xəbərsizlər bu ağılsız addımı atar. Deməli, Niderland parlamentarilərinin hədəfi Azərbaycanla Ermənistan arasında düşmənçiliyi qızışdırmaq, regional təhlükəsizliyi təhdid etmək, krallıqla Azərbaycan arasında münasibətlərə problem yaratmaqdır.

Niderlandın baş naziri Mark Rütte bu məsələdə tərəfsiz qalıb. O bildirib ki, təklifi mənsub olduğu Azadlıq və Demokratiya uğrunda Xalq Partiyasında müzakirə edəcək. O, əlavə edib ki, indi siyasəti idmana qarışdırmağın vaxtı deyil.

Görünür, araqarışdıran təklifi verənlər Krallıqla Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişaf etməsindən xəbərsizdirlər. 2012-ci ilin məlumatına əsasən, Niderland Azərbaycana 365 milyon dollar sərmayə yatırıb. İki ölkə turizm, tikinti, sudan istifadə, kənd təsərrüfatı, İKT, alternativ enerji sektorunda əlaqələrini genişləndirmək imkanına malikdir. Azərbaycanda bank və sığorta, tikinti, sənaye, rabitə, nəqliyyat, ticarət, kənd təsərrüfatı və s. sahələrdə Niderland investisiyalı 70 şirkət fəaliyyət göstərir. İndiyədək iki ölkə arasında müxtəlif sahələr üzrə 10-dək sənəd imzalanıb.

Terrorçu PKK-nın məskən saldığı ölkələrdən biri də Niderland krallığıdır. Son illər Niderlandda polis terrorçu PKK qruplaşması ilə əlaqəli olmaqda şübhəliləri həbs edir. Bununla da Türkiyəyə xoşməramlılğını göstərməyə çalışır, yaxud əvvəllər buraxdığı səhvləri aradan qaldırmağa səy göstərir.

Beləliklə, Niderland Krallığının Nümayəndələr Palatasının üzvləri Azərbaycan və Türkiyəyə qarşı tutduqları mövqe ilə bu ölkələrin düşmənlərindən də daha çox qərəzli davranırlar. Heç ermənilərin ağlına belə pisliyi, qərəzli hərəkəti etmək gəlməzdi. Bu isə o deməkdir ki, niderlandlı deputatlar Azərbaycana qarşı ermənilərdən də çox ermənilik edir.

Son xəbərlər

Orphus sistemi