Paşinyanın həyat yoldaşının saxta sülh çağırışı - Qarabağda xidmət edən Aşot - ŞƏRH

Paşinyanın həyat yoldaşının saxta sülh çağırışı - Qarabağda xidmət edən Aşot - ŞƏRH İşğalçı adı ilə deyilməyənədək Qarabağ münaqişəsinin ədalətli həlli mümkünsüzdür
Analitika
9 Aprel , 2019 13:58
Paşinyanın həyat yoldaşının saxta sülh çağırışı - Qarabağda xidmət edən Aşot - ŞƏRH

Bütün işğallar bir gün başa çatır. İşğalçı ələ keçirdiyi torpaqların ona məxsus olmadığını və öz hərbçilərinin həmin ərazilərdə boş yerə öldüyünü başa düşəndə bu proses başlaya bilər. Ən böyük imperiyalar belə işğal etdikləri torpaqlardan çıxıb.

Gəlin, bir az konkretləşdirək. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarını 27 ildən çoxdur işğal altında saxlayır. Erməni hərbçilər Azərbaycana qarşı olan qüvvələrin iddia və hikkəsinin qurbanına çevrilir. Torpaqları işğal altında saxlamaq üçün həm də böyük maliyyə vəsaiti sərf edilir. Həmin maliyyə vəsaitləri isə müxtəlif sponsorlar tərəfindən verilir. Başqa sözlə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz hərbçilərinin qanını kimlərinsə istəklərinə satır.

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan maliyyə vəsaiti toplamaq üçün ABŞ-da səfərdədir. ABŞ-ın Boston ştatındakı erməni icması onun başçılıq etdiyi “Təbəssüm şəhəri” xeyriyyə fonduna 150 min dollar ianə verib. O, bu istiqamətdə ştatlarda “xeyriyyəçilik” adı altında tədbirlər keçirir, ianələr toplayır. Anna Akopyan həmin maliyyə vəsaitinin Ermənistanda xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara sərf ediləcəyini deyir. Bu məsələdə onun həssas insanların heysiyyatından istifadə etdiyi istisna olunmur. Ermənistanda əvvəllər də insanların xeyriyyəçilik hisslərinin istismar olunması barədə çoxsaylı faktlar var. Yəqin “Hayastan” Ümumerməni Fondunun fəaliyyətini yada salmaq yetərlidir. Bu baxımdan, Anna Akopyanın xeyriyyəçiliyinin də sonunun uğurlu olmayacağı ehtimalı az deyil. Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqları müalicə etməyə pul tapmayan Ermənistan Azərbaycan torpaqlarını hansı maliyyə vəsaiti hesabına işğal altında saxlayır? Bu baxımdan, “xeyriyyəçilk” adı altında işğalı himayə edənlərin bu ölkənin hesabına yardımlar da köçürdüklərini ehtimal etmək olar. Sadəcə, həmin vəsaitin “xərçəngdən əziyyət çəkən uşaqların müalicəsinə” sərf edilməsi adı altında pərdələyirlər. Ümumiyyətlə, ötən illər ərzində Ermənistana edilən ianələrlə bağlı şəffaflıq təmin edilməyib. Həmin pulların mənşəyi də şübhəli ola bilər. Çirkli pulların yuyulmasında həmin ianələrdən istifadə edilməməsinə də təminat yoxdur. Çünki bu fəaliyyətə nəzarət yoxdur. Anna Akopyanın da topladığı vəsaitin Azərbaycan torpaqlarının işğalının uzadılmasına xərclənməyəcəyi istisna edilmir. O zaman hökumət başçısının həyat yoldaşının “sülh”lə bağlı etdiyi çıxış və çağırışlar da sülhsevər dünya ictimaiyyətinin rəyini aldatmaqdır.

Deməli, Ermənistan baş nazirinin xanımı ABŞ-da “Amerikanın səsi” radiosunun ermənicə redaksiyasının suallarını cavablandırıb. O, Qarabağda erməni əsgərinin boş yerə ölməsindən narahat olduğunu vurğulayıb. Annanın oğlu Aşot Akopyan işğal altında olan Dağlıq Qarabağda xidmət edir. Belə çıxır, Aşot Qarabağda boş yerə ölə bilər. O zaman öz övladını işğal edilən torpaqlara göndərməyə nə ehtiyac var. Bu, azmış kimi, Akopyan belə davranışı ilə başqa anaların da oxşar addımlar atmasına nümunə olmağa çalışır. Oğlunu Qarabağda xidmət etməyə yola salarkən Nikol Paşinyan Aşotun Qarabağda ölməsini istəmədiyini bildirmişdi. Onda rəsmi Yerevan Ermənistanın başqa analarının övladlarının Azərbaycan torpaqlarını işğal altında saxlamağa və bu pis niyyətin qurbanı olmağa niyə yol verir? Onda Nikol Paşinyan və Anna Akopyan özgə torpaqlara göz dikmək kimi xəstə təfəkkürün əsirliyindən xilas ola bilmirlər. Erməni əsgərlər Qarabağda ona görə boş yerə ölür ki, bu ərazilər nə ermənilərə, nə də Ermənistana aid deyil. Paşinyanın oğlu Qarabağda boş yerə öləcək. Çünki bu torpaqlar ermənilərə və Ermənistana aid deyil. Müharibə istəməyən ana övladını dövlətinə aid olmayan torpaqda ölməyə göndərməz. O zaman belə qənaətə gəlmək olar ki, Anna Akopyanın “Ermənistanın minlərlə əsgəri heç nəyə görə Dağlıq Qarabağda həyatlarını itirib” bəyanatı beynəlxalq ictimaiyyəti və ölkə əhalisini aldatmağa yönəlib.

Əslində, “Yeni müharibə - yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”, - deyən Ermənistanın müdafiə naziri David Tonoyan da Anna Akopyansayağı sülhdən danışaraq müharibə etmək arzusunda olmadıqlarını bildirib. David Tonoyan və oğlunu Qarabağa işğalçı ordunun tərkibində hərbi xidmətə göndərən Anna Akopyan sülhdən danışmaqla özlərini, istəklərini gizlədə bilmirlər. İşğalçı adı ilə deyilməyənədək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mümkünsüzdür.

Nəhayət, Nikol Paşinyan ötən gün jurnalistlərə açıqlamasında aparılan danışıqların üzərinə kölgə salaraq səmərəsiz olduğunu söyləyib: “Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqları Serj Sarqsyanın nöqtə qoyduğu yerdən deyil, öz hesabımla aparıram. Bu, çaşqınlıq yaradır. Bu, çox vacib nüansdır. Qarabağ münaqişəsi tənzimlənməyib. Danışıqların heç biri səmərəli deyil”.

Son olaraq, sülhdən danışan erməni ictimaiyyəti və rəsmilərinin arzusunun reallaşması isə Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarından çıxmasından keçir. Belə halda Akopyanın mənsub olduğu etnik qrupun hərbçiləri başqa dövlətin torpaqlarında boş yerə ölməyəcək, intihar etməyəcək. Onda akopyanlar müxtəlif bəhanələrlə ABŞ-da, Avropa ölkələrində ianə toplamayacaq. Anna və başqa erməni anaları da oğullarının Qarabağda öləcəyindən narahat olmayacaq. Danışıqların səmərəli olması üçün Anna Akopyanın oğlu Aşot və başqaları Ermənistan sərhədləri daxilində hərbi xidmət etməlidir. Bütün müharibə və münaqişələr bir gün sona çatır. Ermənistan ordusunun timsalında Paşinyanın oğlu da bir gün Qarabağdan çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi