​Ankarada terrorlar: Ərdoğanın səfərlərinin təxirə salınması, şübhəli üç qrup - ŞƏRH

​Ankarada terrorlar: Ərdoğanın səfərlərinin təxirə salınması, şübhəli üç qrup - ŞƏRH Onlar Türkiyədə inqilabı ovqatı yüksəltmək üçün silahlı mübarizə də daxil olmaqla hər cür vasitələrdən istifadə edəcəklərini bildirib
Analitika
14 Mart , 2016 14:53
​Ankarada terrorlar: Ərdoğanın səfərlərinin təxirə salınması, şübhəli üç qrup - ŞƏRH

Bakı. 14 mart. REPORT.AZ/ Ötən axşam Türkiyənin paytaxtı Ankarada yenə terror aktı törədilib, 37 nəfər həlak olub, 125 nəfər isə yaralanıb. Məlumata əsasən, bu hadisəni biri qadın olmaqla, iki nəfər törədib. Partlayış nəticəsində onların da öldüyü bildirilib. 

Son günlər Türkiyədə terror hadisəsinin törədiləcəyi güman edilirdi. Belə ki, fevralın 27-də Ankara polisi şəhərin "Kızılay" ərazisində mina quraşdırılmış avtomobili axtarırmış. İnformasiyaya əsasən, son həftələrdə Türkiyə polisi və təhlükəsizlik orqanları terrorçu PKK qruplaşmasına məxsus bomba quraşdırılan 6 avtomobilin axtarışı ilə bağlı məlumatlar yaymışdı. Habelə, ölkə sərhədlərini qanunsuz olaraq keçən terrorçu-kamikadzelərin həbsi üçün axtarışlara başlanmışdı.

İnformasiyaya əsasən, avtomobillərdə "C-4" tipli plastik partlayıcılar yerləşdirildiyindən, onları "X-ray" axtarış sistemləri ilə aşkarlamaq mümkün olmur.

Bu baxımdan Türkiyədə, xüsusilə son 5 ayda ölkə paytaxtı Ankarada 3 terror aksiyasının törədilməsində daha böyük əllərin olduğunu da iddia etmək olar.

Həmin qanlı olaylarla bağlı xatırlatma etmək istərdik.

Son 5 ayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan və Türkmənistana səfərləri öncəsi terror törədilir və bu səbəbdən həmin ziyarətlər təxirə salınır.

2015-ci il oktyabrın 10-də Ankarada dəmir yolu vağzalında törədilən qanlı aksiya nəticəsində 102 nəfər həyatını itirmiş, 500 nəfərə yaxın dinc sakin yaralanmışdı. Onda Türkiyə liderinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla Aşqabadda keçirəcəyi üçtərəfli görüş təxirə salınmışdı.

Türkiyə prezidenti bildirmişdi ki, Ankaradakı terrorda İŞİD-in, PKK-nın, "əl-Muhaberat"ın (Bəşşar Əsədə bağlı Suriya Təhlükəsizlik Nazirliyi), Suriyanın şimalındakı "PYD"nin (terrorçu PKK-nın Suriyadakı qolu) də əli var: "Hamısı birlikdə, ortaq olaraq, bu terroru planlaşdırıblar. 102 nəfərin həyatını itirdiyi qanlı hadisə kollektiv surətdə törədilib".

O bu il fevralın 17-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycana gəlməli idi.

Fevralın 17-də Türkiyənin paytaxtı Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror aktı ilə əlaqədar bu səfər təxirə salınmışdı.

Həmin qanlı hadisə nəticəsində isə 29 nəfər həyatını itirmiş, 61 nəfər yaralanmışdı.

Martın 13-də törədilən terrordan bir gün əvvəl Rəcəb Tayyib Ərdoğanın cari ayın 15-də fevralda təxirə saldığı səfəri həyata keçirəcəyi haqda məlumat yayılmışdı. Ancaq bundan əvvəl Ərdoğanın bu səfəri apreldə həyata keçirəcəyi haqda da xəbər yayılmışdı.

Son məlumatlara görə, sabahkı səfər gündəlikdə qalmaqdadır.

Türkiyə prezidentinin Bakı və Aşqabada səfəri öncəsi həyata keçirilən bu terror hadisələri iz azdırmaq niyyəti kimi də sayıla bilər. Ancaq nəzərə almaq lazımdır ki, həm Azərbaycan, həm də Türkmənistan karbohidrogen daşıyıcıları ölkəsidir. Bundan başqa, Azərbaycandan enerji, avtomobil, dəmir yolu tranzit xətləri keçir. Heç şübhəsiz, bu xəttin keçməsini istəməyən dövlətlər və qruplar var.

Odur ki, Azərbaycan və Türkiyə (bura müəyyən mənada Türkmənistanı da qoşmaq olar) arasında bütün sahələrdə yaxınlaşma həmin qüvvələri qıcıqlandırır. Odur ki, Türkiyədə baş verən terror hadisələrində həmin qüvvə və dövlətlərin birbaşa və dolayı yolla əlinin olması ehtimalı az deyil.

İlk növbədə şübhəli sayılan həmin qüvvələr terrorçu PKK və onun Suriyadakı qollarını dəstəkləyir, rəsmi Ankaranı qınayırlar.

Ərdoğanın səfəri öncəsi terrorun baş verməsi səbəbi isə həm də Azərbaycanla bağlı Türkiyəyə təzyiq siqnalı sayıla bilər. Bunun rəsmi Bakı üçün xəbərdarlıq olduğunu da ehtimal etmək olar. Başqa sözlə, Türkiyə ilə Azərbaycandan keçən müxtəlif enerji və nəqliyyat xətlərinin etibardan salınıb, təhlükəsizliyi şübhə altına almaq bu terror aktlarının əsas hədəflərindən sayıla bilər.

Martın 14-də Cenevrədə Suriyadakı münaqişənin tənzimlənməsi ilə əlaqədar toplantı keçiriləcək. Həmin yığıncaqda Türkiyə də daxil olmaqla, başqa maraqlı tərəflərin iştirakı gözlənilir. Rəsmi Ankara Rusiya və ABŞ-dan fərqli olaraq, Suriyadakı terrorçu PKK-nın qollarının ("PYD", "YPG") təmsilçilərinin bu yığıncağa qatılmasına qarşıdır.

Ona görə də ehtimal etmək olar ki, belə terror vasitəsilə Türkiyəni tutduğu mövqeyindən çəkinməyə məcbur edirlər.

Qanlı hadisədən bir gün əvvəl terrorçu PKK-da daxil olmaqla, bir neçə solyönümlü terror təşkilatları "Xalqların birləşmiş inqilabçı hərəkatı" adı ilə bildiriş yayıb. Onlar Türkiyədə inqilabi ovqatı yüksəltmək üçün silahlı mübarizə də daxil olmaqla, hər cür vasitələrdən istifadə edəcəklərini bildiriblər.

PKK-nın aparıcılarından sayılan Cəmil Bayık Fransada çıxan "Le Monde" qəzetinə müsahibəsində deyib ki, yaxın günlərdə Türkiyənin daxilindən və xaricindən gələn başqa qruplaşmalarla birlikdə "inqilabçı müqavimət cəbhəsi quracaqlar": "İndiki vəziyyətdə Türkiyəyə qarşı mübarizədə silahı yerə qoymağa ehtiyac yoxdur. Əksinə, yaxın zamanda Türkiyədə vəziyyət ağırlaşacaq".

İslamın Türkiyə modelini sevməyənlərin başında heç şübhəsiz gələnlərdən biri də terrorçu "əl-Qaidə" və onun tərəfdarlarıdır. Terroru bu qüvvələrin də törətdiyini nəzərdən qaçırmaq doğru olmazdı.

Beləliklə, martın 13-də törədilən terrorda şübhəliləri əsasən 3 qrupa bölmək olar: 

Birinci. Türkiyəyə düşmənlik edib, ona qarşı olan terrorçu qruplaşmaları dəstəkləyən dövlətlər; 

İkinci. PKK başda olmaqla, başqa marksçı-leninçi solyönümlü qruplaşmalar;

Üçüncü. Özlərini "əsl İslam daşıyıcıları" adlandıranlar.

Son xəbərlər

Orphus sistemi