Yuxarı

ABŞ İranı İraqdan görür - 40 ilə gedilən yol - ŞƏRH

Dinlə
Birləşmiş Ştatlar hərbi bazasını yenidən İranda yerləşdirməyə nail olacaqmı?!

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ 40 ilə yaxındır İranın uzaqdan-yaxından gözü önündə tutur. Bunun üçün təkcə Əfqanıstandan Tehran hakimiyyətinin fəaliyyətini izləmək az idi. Ancaq 8 illik İran-İraq müharibəsi nəticəsində hər iki dövlətin zəifləməsi bölgəyə girmək istəyən dövlətlərə stimul verdi. Çünki 1979-cu il fevral inqilabından indiyədək İranda xarici ölkənin hərbi bazası yoxdur. 1991-ci ilədək İraqda da xarici ölkənin bazası mövcud deyildi. Lakin Birinci Körfəz müharibəsindən sonra İraqa xarici dövlətlərin qoşunlarının yolu sanki açıldı. “Çöl Fırtınası Hərəkatı” adı altında 1990-cı il avqustun 2-də İraqın Küveyti işğal etməsi ilə başlayan böhran nəticəsində ABŞ rəhbərliyində İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misirin də aralarında olduğu 37 ölkədən ibarət koalisiya İraqa qarşı hərbi əməliyyat keçirdilər. Bu əməliyyat 1991-ci il yanvarın 17-dən 1991-ci il fevralın 28-dək davam etdi. İraq uğursuz Küveyt müharibəsindən sonra bir az da zəiflədi. 2003-cü il martın 20-də İkinci Körfəz savaşı nəticəsində isə İraq Prezidenti Səddam Hüseyn hakimiyyəti devrildi. ABŞ və müttəfiqlərindən ibarət koalisiyanın bu ölkədəki fəal hərbi əməliyyatı 2011-ci il dekabrın 15-dək davam etdi. Beləliklə, İkinci Körfəz savaşı nəticəsində ABŞ İraqa girə bildi. Bununla da İraqda xarici dövlətlərin hərbi bazalarının salınmasının yeni mərhələsi başladı. İş o yerə çatdı ki, müharibələr nəticəsində zəifləyən Bağdad hakimiyyəti İraqın şimalına nəzarəti tam itirdi və s. 

Əslində, oxşar hadisə Suriyada da mövcud idi. Yeganə fərq keçmiş SSRİ-nin və sonra Rusiyanın bu ölkədə hərbi bazasının olmasında idi. ABŞ İraqa Səddam Hüseynin kimyəvi silaha malik olması iddiası ilə girdisə, Suriyaya onu gətirən terrorçu İŞİD qruplaşmasına qarşı antiterror əməliyyatı oldu. Ən diqqətçəkən hal isə hər iki dövlətdə ABŞ-a yardım edən yerli qüvvə rolunda terrorçu PKK-nın qollarıdır. Ötən ilin dekabrında ABŞ Prezidenti Donald Tramp hərbçilərinin Suriyadan çıxarılması ilə bağlı sərəncam imzaladı. Həmin hərbçilərin İraq-Suriya sərhədinə yerləşdirildiyi barədə məlumat yayıldı. Ancaq müşahidəçilər bu ölkədəki ABŞ hərbçilərinin sayının azaldığını təsdiqləməyiblər. Donald Trampın Suriya ilə bağlı bəhs etdiyimiz qərarı başqalarını da ruhlandırdı. “Taliban” hərəkatı ABŞ-ın Əfqanıstandan çıxması ilə bağlı şərt irəli sürüb. ABŞ lideri bildirib ki, “Taliban”la Əfqanıstan hakimiyyəti arasındakı vəziyyətin nizamlanması üzrə sülh razılaşması əldə olunacağı təqdirdə bu addımı atacaq. Razılaşma ilə bağlı addımlar atılır. ABŞ-la “Taliban” arasında sülh danışıqlarının cari il fevralın 25-də başlamasına dair müvəqqəti razılıq əldə edilib. Altı günlük müzakirələrdən sonra razılıq layihəsi əldə edilib. Layihədə sənəd imzalandıqdan sonra 18 ay ərzində ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılacağına dair maddə də var.

Ümumiyyətlə, Donald Tramp Suriyadan çıxmaları ilə bağlı qərarını “Suriyanın terrorçu İŞİD-dən təmizlədikləri” ilə əsaslandırırsa, İraqı tərk etməmələrini də İranla əlaqələndirib. ABŞ-ın dövlət başçısı bildirib ki, İranı müşahidə etmək və bu qonşu dövlətə təzyiq göstərmək üçün amerikalı hərbçiləri İraqda saxlamağı planlaşdırır: “Mən İranı izləmək istəyirəm. İraqda təsəvvüredilməz dərəcədə böyük və çox bahalı hərbi baza salmışıq. O, ideal yerdə yerləşdiyindən Yaxın Şərqin ən qaynar müxtəlif hissələrini müşahidə etmək olur”. Yeri gəlmişkən, 2003-2011-ci illərdə ABŞ İraqda 166 min hərbçi olub. Eks-prezident Barak Obamanın sərəncamından sonra hərbçilərin sayı 5 minədək azaldılıb. İraq Prezidenti Bərham Saleh ABŞ Prezidentinin bəyanatına cavab olaraq deyib: “Donald Tramp İranı izləmək üçün hərbçilərinin bu ölkədə mövcudluğuna dair bizdən icazə istəməyib”. O əlavə edib ki, İraq hakimiyyəti ABŞ-dan qoşunların sayı və onların missiyası barədə izahat gözləyəcək. İraqda siyasi hərəkat lideri Müqtəda əs-Sədrə bağlı “Əs-Sairun” koalisiyasının üzvü, parlament sədrinin birinci müavini Həsən əl-Kəəbi bildirib ki, ABŞ hərbçilərinin ölkəsindən çıxarılması ilə bağlı qanun qəbul ediləcək. O, Donald Trampı İraq Konstitusiyasını pozmaqda ittiham edib. Başqa bir deputat Həsən Sari isə Donald Trampa hiddətlənərək deyib: “İraq atanın təsərrüfatı deyil. Heç bir xarici qüvvənin torpaqlarımızda qalmasına icazə verməyəcəyik”. Qeyd edək ki, ötən il mayın 12-də İraqda 328 deputatdan ibarət parlamentə keçirilən seçkilərdə tanınmış din xadimi Müqtəda əs-Sədrin “As-Sayrun” bloku qalib gəlib. Bu blok parlamentdə 54 yer qazanıb. iranyönümlü ("Haşdi-şabi" silahlı qruplaşmasının dəstəklədiyi) “Fəth” alyansı 47 yerlə ikinci, hazırkı baş nazir Heydər əl-İbadinin “Nasir” təşkilatı 42 deputatla üçüncü olub. Əmmar əl-Həkimin Milli Hikmət İttifaqı isə 20 yer qazanıb. Beləliklə, ABŞ hərbçilərinin İraqdan çıxmasını istəyənlər parlamentdə çoxluq təşkil edir. Bu həm də müəyyən mənada ali qanunverici orqanda iranyönümlülərin üstünlüyü deməkdir.

Nəhayət, ABŞ İraqdan İranı izlədiyi halda, İslam Respublikası da ABŞ-ı İraq və Suriyada qarşılayıb. Bu isə ABŞ-ın İrana keçə bilməməsi deməkdir. ABŞ İraqda qalmaqla İranın mühasirəsini daraldır. Tehranın Körfəzə, Azərbaycan istiqamətindən şimala və Türkiyə yönündən qərbə çıxışı var. Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir. Deməli, ABŞ İraqda qalmaqla mühasirənin miqyasını genişləndirir. Donald Tramp bildirir ki, İraq ərazisindən Tehranın atom-nüvə proqramına nəzarət edəcək. Ancaq İrana qonşu dövlətdə Kərbəla, Nəcəf kimi imamların məqbərəsi var. Bu şəhərlərə hər il Tehran milyonlarla zəvvar aparır. Odur ki, ABŞ İranın siyasi-dini ideologiyasını yaymasına nəzarəti də bu ölkədən həyata keçirə bilər. İraq ərazisində İran İnqilab Keşikçiləri Qvardiyasının “Əl-Qüds” qoşunu da yerləşir. Ötən il ABŞ Prezidentinin terrorçu İŞİD qruplaşmasına qarşı beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Brett Makqerk “Əl-Qüds”ün komandanı general Qasem Süleymani ilə görüşdüyü barədə xəbərlər yayılmışdı. Bildirilmişdi ki, tərəflər İraqda qurulacaq yeni hökuməti və başqa məsələləri müzakirə ediblər. Məlumata görə, Makqerk Süleymaniyə iki ölkə arasındakı bütün fikir ayrılığını kənara ataraq İraqda yeni hökumətin qurulması məsələsində birgə işləməyi təklif edib. Xəbərə görə, Süleymani amerikalıya xəbərdarlıq edib ki, İraq İranın qırmızı xəttidir və Tehran heç vaxt ondan imtina etməyəcək. Yeri gəlmişkən, 2017-ci ilin sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin o vaxtkı direktoru, indiki dövlət katibi Maykl Pompeo Qasem Süleymaniyə məktub göndərmişdi. O, bu məktubda Tehranı ABŞ-ın İraqdakı maraqlarına mümkün hücumlardan çəkinməyə çağırmışdı. Süleymani isə bu məktubu heç oxumadığını bildirmişdi. Göründüyü kimi, İraq ABŞ üçün təkcə İranı müşahidə yeri deyil, həm də məsləhətləşmək üçün etibarlı ölkədir. “Əl-Qüds”ün İraqda mövcudluğu isə ABŞ-ı İranın hərbi qabiliyyətini də müşahidə etməyə imkan yaradır.

Beləliklə, İraq Birləşmiş Ştatların hərbçilərini çoxdan yerləşdirmək istədiyi bir neçə ölkələrdən biri idi. Uzun illərdən sonra buna nail olub. Oranı belə asanlıqla tərk edərmi?! Əlbəttə, YOX. Dünyada ABŞ-ın ən böyük səfirliyi Bağdaddadır. Deməli, Vaşinqton İraqda ən böyük hərbi bazaya və ən böyük diplomatik missiya malik olmaqla öz hədəflərini açıqlayıb. ABŞ-ın İraqda və ətraf dövlətlərdə işi çoxdur. Amerika 40 ildən və İraqdan sonra hərbi bazasını yenidən İranda yerləşdirməyə nail olacaqmı?! Buna yox deyilsə də, ABŞ-ın yönü həmin səmtədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi