Beynəlxalq Enerji Agentliyinin (İAE) məlumatına görə, 2001-ci ildən xeyli ölçüdə böyüyən bərpa olunan elektrik enerjisi istehsalının artımı ötən il yavaşlamağa başlayıb. Belə ki, 2018-ci ildə günəş, külək, su, bioloji kimi enerji növlərinin dünya üzrə istehsalı, təqribən, 180 gVt, yəni əvvəlki ildəki ölçüdə artıb.
Bərpa olunan enerjinin istilik qazlarının atmosferə daha az buraxılması baxımdan mühüm əhəmiyyəti məlumdur. 2015-ci ilin dekabr ayında 195 dövlətin imzaladığı və 2030-cu ilədək bərpa olunan enerji vasitəsilə istehsalın illik 300 gVt artırılmasını nəzərdə tutan Paris İqlim Sazışınin şərtlərini yerinə yetirmək üçün alternativ enerji sektorunda illik 60 faiz xalis artımın zəruri olduğu üçün İAE-nin narahatlığı başa düşüləndir. Belə ki, 2018-ci ildə enerji sektoru ilə bağlı havaya buraxılan karbon dioksidin miqdarı 1,7 faiz artaraq tarixi rekord olan 33 giqatona çatmışdı.
Bununla belə, bərpa olunan enerji mənbələrinin məsrəfləri sürətlə azaldığından bu sahənin inkişafı maddi stimuldan daha çox sabit və uzaqgörən siyasətlə şərtləndiyini deyən İAE icraçı direktoru Fatih Birol bərpa olunan enerji mənbələrinin ən sərfəli və səmərəli yolla mövcud enerji şəbəklələrinə qoşulmasının da vacib olduğunu bildirib.
Təmiz enerji növlərinin istehsalının əsasən texniki innovasiyalar, miqyas artımı hesabına əldə olunan qənaət, qiymət rəqabəti, istehsalat təcrübəsinin çoxalması sayəsində getdikcə daha ucuz başa gəldiyini bildirən “Bloomberg” ekspertləri günəş və külək enerjisinin artıq qaz elektrik stansiyaları ilə rəqabət aparmaq iqtidarında olduğu qənaətindədir. Məsələn, dənizdə külək elektrik stansiyaların tikintisi iri turbinlərin istifadəsi sayəsində ikiqat ucuz başa gəlir. Belə ki, Niderlandın “TenneT” şirkəti Şimal dənizinin ortasında külək enerjisi hubu yaradaraq 5 sahil ölkəsinin elektrik təchizatını yoluna qoymağı təklif edib. Həmçinin dünyanın ən iri neft şirkətlərindən “Shell” də planerlərdə quraşdırəılan külək turbinlərlə elektrik enerji əldə etməklə bağlı sınaq layihəyə sərmayə yatırmaq niyyətindədir.
Bununla yanaşı, litium ion batareyalarının 2012-ci ildən 75 faiz ucuzlaşması da bəhs olunan məsələ baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki, “Global Battery Alliance” ekspertlərinin fikrincə, akumulyatorların istifadəsi ilə dünyada enerji mənbələrinin qıtlığı ilə üzləşən 1 milyardadək insanın vəziyyətini yaxşılaşdırmaq olar.
“Lazard” agentliyinin “Levelized Cost of Energy” adlı növbəti illik hesabatına görə, 2018-ci ildə karbohidrogenlərin yandırılmasından əldə edilən elektrik enerjisinin qiyməti dəyişmədiyi halda günəş və külək enerjisinin qiyməti azalmağa davam edib.
Məlum olduğu kimi, enerji tələbatını neft-qaz kimi ənənəvi mənbələr hesabına ödəyən Azərbaycanda 2013-cü ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb,
Mütəxəssislərin rəyincə, Azərbaycanda bərpa olunan enerji mənbələri arasında günəş enerjisi illik 5000 mVt, külək enerjisi 4500 mVt, bioloji mənbənin enerjisi 1500 mVt, geotermal – yeraltı istilik enerjisi 800 mVt, kiçik su elektrik stansiyaları 350 mVt-dək enerji potensialına malikdir. Beləliklə, 25,3 min mVt həcmindəki məcmu enerji potensialı ilə illik 62,8 milyard kVt/saat elektrik istehsal edilə bilər.
Bu imkanlardan lazımınca bəhrələnmək üçün müvafiq normativ hüquqi baza və kommersiya şərtləri yaradılmalıdır.
Mahmud Məmmədli