Afrin əməliyyatları - Türkiyə bölgədəki dövlətlərin ərazi bütövlüyünün təminatçısına çevrilir - ŞƏRH

Afrin əməliyyatları - Türkiyə bölgədəki dövlətlərin ərazi bütövlüyünün təminatçısına çevrilir - ŞƏRH Bir sıra dövlətlərin bu əməliyyatlara razılıq verməsində şübhəli məqamlar da yox deyil
Analitika
249
23 Yanvar , 2018 16:13
Afrin əməliyyatları - Türkiyə bölgədəki dövlətlərin ərazi bütövlüyünün təminatçısına çevrilir - ŞƏRH

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu (ASO) ilə birlikdə Afrində keçirdiyi “Zeytun budağı” adlı antiterror əməliyyatının dördüncü günüdür. Bu müddət ərzində 7,5 km ərazi, 69 kənd terrorçu PKK qruplaşmasının YPG və PYD adlı dəstələrindən təmizlənib. Əməliyyatlarda Türkiyə ordusunun 6 400 hərbçisi iştirak edir. ASO komandanlığı isə 25 min üzvünün əməliyyata qatıldığını bildirib. Britaniya, Almaniya, Fransa, Rusiya kimi dünyanın aparıcı dövlətləri və NATO rəsmi Ankaranın Afrində keçirdiyi antiterror əməliyyatlarını qanuni adlandırıb. Ancaq bəziləri də Türkiyənin Suriyanın ərazisinə müdaxilə etdiyini iddia ediblər. ABŞ rəsmiləri isə bir-birinə zidd açıqlamalar veriblər. 

Əslində, Suriya hər zaman PKK-nın oylağı olub, bir neçə ildir İŞİD-in məskənidir. Türkiyənin təbiri ilə desək, terrorçubaşı Abdullah Öcalan Keniyaya məhz Suriyadan getmişdi. O, 1999-cu il fevralın 13-də həmin ölkədə Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən tutuldu və məhkəmənin qərarıyla ona ömürlük həbs cəzası verildi. Yeri gəlmişkən, Qərb dövlətləri A.Öcalanı edamdan xilas etmək üçün Türkiyədə ölüm hökmünün ləğvinə nail oldular.

Suriya ilə Türkiyə arasında quru sərhədinin uzunluğu 911 km-dir və onun 630 km-nə də terrorçular nəzarət edir. Həmin terrorçular isə Türkiyənin ərazi bütövlüyünü təhdid edən PKK-nın müxtəlif adlar altında fəaliyyət göstərən qollarıdır. ABŞ rəsmiləri onlardan əsasən ikisindən - YPG və PYD-dən formalaşan “Suriya Demokratik Qüvvələri” ilə əməkdaşlıq etdiklərini söyləyirlər. Rəsmi Ankara isə Vaşinqtona SDQ-nin PKK-dan fərqli olmadığını bildirir. Qeyd edək ki, məhz Türkiyənin irəli sürdüyü dəlil-sübutlar nəticəsində ABŞ və Avropa İttifaqı PKK-nı terrorçu qruplaşmalar siyahısında daxil edib. Əslində, Qərb PKK-nı həm də keçmiş SSRİ-nin mirası olaraq rədd edir, lakin həmin qüvvələrdən yaradılmış qruplaşmaları tanıyır. Hətta bu terrorçu qruplaşmanın ABŞ və Avropa ölkələrindəki üzvləri müxtəlif adlar altında fəliyyət göstərir, başları üzərində isə terrorçubaşı Abdullah Öcalanın portretini asırlar. Bu yerdə bir misal da çəkmək yerinə düşərdi: “Bir kişi həyətindən xoruz oğurlayıb çıxan qonşusunu görüb soruşur: “Utanmırsan, həyətimə girib oğurluq edirsən?” Quyruğu görünən xoruzu qoltuğunda gizlədən qonşu deyir: “Həzrət Abbasa and olsun oğurluq etməmişəm”. Ev yiyəsi cavabında: “A, kişi, sənin Həzrəti Abbas andına inanım, yoxsa qoltuğunda quyruğu görünən xoruza?” İndi PKK-nın da müxtəlif adlar altında fəaliyyət göstərən üzvlərini müdafiə edənlər xoruz oğrusuna oxşayırlar. Bir təşkilat terrorçu qruplaşma olaraq tanınsa da, onun başçısının portretini daşıyan başqa bir qruplaşma ilə əməkdaşlıq edilir, onlara müasir silah-sursat və hərbi texnika verilir. Bax, xoruzun quyruğu burada görünür.

Artıq heç kimə sirr deyil ki, ABŞ Suriyada PKK-nın yerli qolları ilə əməkdaşlıq edir, onları silahlandırır. Onda belə çıxır ki, ABŞ bölgədəki terrorçuları dəstəkləyir. Bu terrorçular isə Türkiyənin ərazi bütövlüyünə qarşıdır. Bu dövləti parçalamaq istəyir, Türkiyə ərazisində terror aktları törədirlər. Onda Ağ evin bu terrorçu qruplaşma ilə əməkdaşlığı genişləndirməsinin məntiqi davamı belədir: ABŞ NATO-dakı və bölgədəki ən yaxın müttəfiqi olan Türkiyəni parçalamaq istəyir. Yaxud ABŞ 28 ildə 35 300 nəfərin qatili olan PKK ilə həmkarlıq edir. Belə bir vəziyyət ABŞ-la müttəfiqliyin üzərinə kölgə salmırmı? Bundan sonra kim təminat verə bilər ki, ABŞ öz müttəfiqlərinin ərazisini terrorçularla birləşib parçalamayacaq? Belə əməkdaşlıq isə, heç şübhəsiz, ABŞ-ın beynəlxalq münasibətlərdə nüfuzuna ciddi xələl yetirər. Bu, həm də onun bir sıra münaqişəli məsələlərdə ədalətli vasitəçi ola biləcəyi üzərinə də şübhə salar.

Türkiyə 1952-ci il sentyarbın 8-dən NATO-nun üzvüdür. Deməli, Türkiyə həm də bu siyasi-hərbi blokun ərazisidir. Onda belə çıxır ki, ABŞ terrorçuları NATO-nun ərazisində terror törətmək üçün silahlandırır, onlara himayədarlıq edir. Əslində, beynəlxalq hüquqa əsasən, dövlət dövlətlə əməkdaşlıq edir, münasibətini tənzimləyir. Dünyada heç bir terrorçu təşkilatın təhlükəsizlik orqanı istənilən ən kiçik dövlətin belə bir qurumundan yaxşı və faydalı işləyə bilməz. Türkiyədə fəaliyyət göstərən PKK silahlıları isə zaman-zaman kəşfiyyat məlumatlarına sahib olublar. Buna da şübhə yoxdur ki, onları belə informasiyalarla Türkiyəyə qarşı olan, onun parçalanmasını arzulayan və bu istiqamətdə çalışan dövlətlər təmin edib və bu da davam etməkdədir. Hər halda ABŞ-la bağlı nümunələr Türkiyənin NATO-dakı başqa müttəfiqlərinə də şamil edilə bilər. ABŞ, Almaniya, Britaniya, Fransa və başqaları Türkiyənin addımının qanuni olduğunu bildirsələr də, rəsmi Ankaradan əməliyyatların nə vaxt başa çatacağı ilə bağlı açıqlama istəyiblər. Türkiyə rəsmiləri qonşularının ərazi bütövlüyünə hörmət etdiklərini dəfələrlə bəyan ediblər. Bunu İraq və Suriyanın ərazi bütövlüyü məsələsində də, faktiki olaraq, göstərməkdədirlər. O zaman belə ehtimal etmək olar ki, Türkiyənin terrorçu olaraq tanıdığı qruplaşmaların fəaliyyəti dayandıqdan sonra bu əməliyyatlar da başa çatacaq. Başqa sözlə, həmin terrorçulara silah-sursat yardımı kəsildikdən, verilən hərbi avadanlıqlar yığıldıqdan, hər cür siyasi dəstəklər dayandırıldıqdan sonra bu antiterror əməliyyatının başa çatacağını gözləmək olar.

Bir sıra dövlətlərin Afrin əməliyyatlarına razılıq verməsində şübhəli məqamlar da yox deyil. Belə ehtimal etmək olar ki, həmin dövlətlər Türkiyəni Suriyada terrorçularla üz-üzə qoyub savaş bataqlığına salmaq istəyirlər. Həmin dövlətlərin NATO-nu təsis etdiklərini və əbədi maraqlarını nəzərə alsaq, bu ehtimalın mümkünlüyü də istisna edilmir. Bu halda Türkiyə bölgədə Qərbin və başqalarının dəstəklədiyi terrorçu qruplaşma ilə uzun müddət döyüşə bilər. Belə hadisə baş verəcəyi halda onunla bir sırada bütün baxımlardan təbii müttəfiqi Azərbaycan qala bilər. Çünki Azərbaycan ərzi bütövlüyü pozulan dövlətdir. Bu ölkənin bir hissəsi xarici qüvvələrin dəstəyi nəticəsində işğal altında saxlanılır. Bu işğal faktı da Azərbaycan öz müstəqilliyi uğrunda mübarizə aparan illərdən qalıb. Bu gün Türkiyəni parçalamaq istəyən terrorçulara yardım edənlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında maraqlı görünmürlər. Artıq 30 ilə yaxındır Azərbaycanın Dağlıq Qarabağ bölgəsi həmin qüvvələrin hər cür yardımı sayəsində işğal altındadır. Beynəlxalq vasitəçilər işğalçıya yerini göstərməkdənsə, 24 ildir “atəşkəs” adlı rejimin üstündə əsir, onun pozulmamasını istəyirlər. Ona görə də Azərbaycan da bu və başqa bu kimi səbəblərdən Türkiyənin ərazi bütövlüyü ilə bağlı problemi özününkü sayır.

İkinci Dünya müharibəsi başa çatandan sonra dünyadakı heç bir münaqişəli məsələ həll olunmayıb. Bəzi münaqişələr isə keçmiş SSRİ dağıldıqdan sonra həll edildi. Ancaq “soyuq müharibə” dövründən miras qalmış münaqişələr hələ də həllini gözləyir. Bunlardan biri də Əfqanıstan problemidir. 1979-cu ilin fevralında bu ölkədə atışma səsləri kəsilməyib. İndi orada nə sovetin qanlı “qızıl ordusu” var, nə də Rusiyanın. Zahirən bəsit görünsə də, Əfqanıstanla bağlı belə bir sual yaranır: indi orada kim kiminlə vuruşur və onlar nə istəyir? Düzdür, bu suala çoxlu sayda boş-boş cavablar verib, arqumentlər göstərmər olar. Ancaq sualın deyilməyən tərəfi hər kəsə aydındır. Türkiyənin terrorçuları dəstəkləyən qüvvələr tərəfindən dağıdılan Suriya və İraqda apardığı antiterror əməliyyatının da başlıca qayəsi Əfqanıstanın gününə salınmaqdan qorunmaqdır. Yoxsa, terrorçularla əməkdaşlıq edənlər Türkiyədə belə bir vəziyyət yaratdıqdan sonra beynəlxalq vasitəçi rolunda iştirak edəcək, tərəfləri atəşkəsi pozmamağa çağıracaqlar. Türkiyə bu oyunun qarşısını almaq üçün Afrin başda olmaqla Suriya ilə 911 km, İranla 560 km, İraqla 384 km, Ermənistanla 328 km uzunluğunda sərhədini terrorçulardan təmizləyib qorumaq məcburiyyətindədir. Hər halda beynəlxalq vasitəçilərin, ATƏT-in Minsk Qrupu kimilərinin ümidinə qalmamaq üçün düşməni başqa torpaqlarda məhv etməyə böyük ehtiyac var. İkinci Dünya savaşından sonra da böyük güclər bir-biri ilə başqa dövlətlərin ərazisində savaşır.

Son xəbərlər

Orphus sistemi