ABŞ üçün dilemma - vəliəhd şahzadə, yoxsa jurnalist Camal Qaşıqçı həqiqəti - ŞƏRH

ABŞ üçün dilemma - vəliəhd şahzadə, yoxsa jurnalist Camal Qaşıqçı həqiqəti - ŞƏRH Bütün hallarda bu düyünün çözülməsi ABŞ-ın və dünyanın siyasi tarixində yeni açılan bir səhifə ola bilər
Analitika
22 Noyabr , 2018 13:40
ABŞ üçün dilemma - vəliəhd şahzadə, yoxsa jurnalist Camal Qaşıqçı həqiqəti - ŞƏRH
AP
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi bir sıra gizli mətləbləri aşkar etdi. Bu, Səudiyyə Ərəbistanı ilə ABŞ-ın münasibətlərində də problem yaradıb. Rəsmi Vaşinqton az qala dilemma qarşısındadır. Çünki Krallıq ABŞ üçün çox əhəmiyyətli bir dövlətdir. 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 46,5 milyard dollar olub. Səudiyyə Ərəbistanı ilə ABŞ arasında 100 milyard dollarlıq silah müqaviləsi imzalanıb. Ağ Ev İrana qarşı neftlə bağlı sanksiyaların tətbiqi zamanı daha çox Səudiyyə Ərəbistanına arxalanıb. Ötən gün ABŞ Prezidenti Donald Tramp neftin qiyməti aşağı düşdüyünə görə Səudiyyə Ərəbistanına təşəkkür edib: “Neftin qiyməti düşür. Bu, amerikalılar və dünya üçün böyük vergi endirimidir. Neftin qiymətinin düşməsi üçün Səudiyyə Ərəbistanına təşəkkürlər. Haydı, qiymətləri bir az da endirək”.

Bu arada bir neçə gün əvvəl “Vaşinqton post” qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən jurnalist Camal Qaşıqçının öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın verdiyini yazmışdı. Məlumat yayıldıqdan sonra Donald Tramp dövlət katibi Maykl Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspellə görüşüb. Noyabrın 20-də ABŞ Prezidentinin jurnalistin qətlində vəliəhdin əlinin olub-olmaması ilə bağlı açıqlama verməsi gözlənilirdi. Düzdür, Donald Tramp bunu etdi. Ancaq onun açıqlaması yeni suallar yaratdı. O, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında iqtisadi əlaqələrə dair yazılı açıqlama yayıb. Donald Tramp açıqlamasında iki ölkə arasındakı ticarət əlaqələrinə diqqət çəkərək bunun rekord səviyyədə olduğunu vurğulayıb. O, jurnalistin qətlini vəhşilik adlandıraraq ABŞ kəşfiyyatının araşdırmasının davam etdiyni, bu cinayətə qarşı sərt addımlar atdığını bildirib: “Müstəqil araşdırmalar nəticəsində bu vəhşi cinayət haqında çoxlu detallar əldə etmişik. Səudiyyə Ərəbistanı Qaşıqçını dövlət düşməni və ixvanul müslim (Misirdə hakimiyyətə gəlmiş və devrilmiş müsəlman qardaşları nəzərdə tutulur - S.İ.) olaraq təqdim edir. Ancaq biz bunu qəbul etmirik. Kral Salman və vəliəhd Məhəmməd bin Salman jurnalist Qaşıqçının qətlinin planlaşdırılmasından xəbərləri olmadıqlarını bildirirlər. Kəşfiyyatımız məsələ ilə bağlı məlumatlar toplamağı davam etdirir. Vəliəhd şahzadə Məhəmməd bin Salman bu faciə ilə bağlı əvvəlcədən məlumatlı ola da bilər, bəlkə də olub, bəlkə də olmayıb”. Əsas ziddiyyət də sonuncu bu cümlədədir. Çünki bu cinayət Donld Tramp hakimiyyəti ilə Məhəmməd bin Salman arasında əlaqələrin saxlanılmasını çətinləşdirib. Donald Tramp açıqlamasında bildirib ki, İrana qarşı mübarizədə Səudiyyə Ərəbistanı əhəmiyyətli müttəfiqdir: “ABŞ Səudiyyə Ərəbistanı ilə sarsılmaz əməkdaşlığı davam etdirmək istəyir”. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanında Camal Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Bəs ABŞ nə etməldir - Krallıqla əlaqəni kəsməli, yaxud monarxa və vəliəhdə sanksiya tətbiq etməlidir? Səudiyyə Ərəbistanı vəliəhdini dəyişməlidir? Milyardlardan keçməlidir? Krallığı Çin və Rusiyaya verməlidir? Yaxın və Orta Şərq layihəsindən imtina etməlidir? İrandakı hakimiyyətə qarşı mübarizəni dayandırmalıdır? Suriya və İraqdakı maraqlardan imtina etməlidir? Bu kimi suallar ABŞ-ın bölgədəki maraqlarını özündə əks etdirir. Səudiyyə Ərəbistanı monarxına və vəliəhdə sanksiya tətbiq edilməsi Ağ evə etimadı azalda bilər. 1979-cu il inqilabından sonra İranın sonuncu şahı Məhəmmədrza Pəhləvi ABŞ-a sığınmaq istəsə də, buna o vaxt icazə verilməmişdi. Bu baxımdan, Ağ evin monarxları dar ayaqda dövlətin mənafeyinə qurban vermək ənənəsi var. O vaxt İranda ABŞ-ın alternativi hərbçilər idi. Ancaq onlar da inqilabçı qüvvələr tərəfinə keçdiklərindən xomeyniçilər təşəbbüsü ələ keçirərək hakimiyyətə yiyələndilər. Belə ehtimal etmək olar ki, Səudiyyə Ərəbistanında Ağ evin alternativi var. Belə ehtimal edilir ki, Maykl Pompeo Səudiyyə Ərəbistanı ilə bağlı yeni “yol xəritəsi” hazırlayıb. Həmin plana uyğun olaraq, kral ailəsinin bir üzvü “günah keçisi” elan ediləcək. Dövlət katibinin oktyabrda Krallığa səfərindən sonra rəsmi Ər-Riyadın Qaşıqçı cinayəti ilə bağlı atdığı addımlar belə bir layihənin olduğunu təsdiqləyir. Donad Trampın çıxışındakı ziddiyyətli məqam da bunu sübuta yetirən arqumentlərdən sayıla bilər. Ancaq Məhəmməd bin Salman taxta oturmamış Krallıq ailəsinin müxalifətdə olan üzvləri də fəaliyyətə başlayıb. İndiki kralın qardaşı, 72 yaşlı şahzadə Əhməd bin Əbdüləziz hadisələr zamanı İngiltərədən Ər-Riyada dönüb. Onun tayfa üzvləri, Krallığın təhlükəsizlik qüvvələri və Qərb dövlətləri tərəfindən dəstəkləndiyi bildirilir.

Bu günlərdə Səudiyyə Ərəbistanının 11 vəzifəli rəsmisinin Şengen müqaviləsinə qoşulan dövlətlərin ərazisinə daxil olması qadağan edilib. Almaniya Qaşıqçı cinayətinə aydınlıq gəlməyənədək Krallığa silah satmayacağını bildirib. Fransa və Britaniya da Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq edə biləcəklərini istisna etməyib. Yeri gəlmişkən, Avropa liderlərinin Krallığa qarşı münasibəti Donald Tramp hakimiyyətinə təzyiq kimi də dəyərləndirlə bilər.

Camal Qaşıqçı cinayətindən sonra kral və vəliəhdə qarşı etirazlar artmaqdadır. Müxalifət hesab edir ki, kral Salman taxt-tacda olduğu müddətdə vəliəhd oğlunu müdafiə edəcək və bundan sonra hakimiyyəti sakitcə Məhəmmədə təhvil verəcək. Ancaq kral ailəsi hakimiyyətin Əhməd bin Əbdüləzizə verilməsini dəstəkləyir. Uzun illər Londonda yaşamış 72 yaşlı şahzadə ötən həftə ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə görüşüb. Deməli, bu məsələdə ABŞ-ın iki variantı mövcuddur. Məhəmməd bin Salmanın taxt-taca gətirilməsinə nail olunmazsa, o zaman hakimiyyət Əhməd bin Əbdüləziz və komandasına verilir. Bu variant həm kral ailəsinə, həm də Səudiyyə Ərəbistanının Qərbdən olan müttəfiqlərinə ən sərfəlisi sayıla bilər. Əks halda, monarxiyanın mövcudluğunun gələcəyi şübhə altına düşər. ABŞ kral Salmanı və vəliəhdi müdafiə etməzsə, onlar Rusiya və Çinə yön ala bilər. Bu hal Ağ Evi heç cür qane etmir. Bunun qarşısını isə ABŞ yalnız Səudiyyə Ərəbistanında inqilabın baş verməsini dəstəkləməklə ala bilər. Donald Tramp Ağ Evdə jurnalistlərə ABŞ - Səudiyyə Ərəbistanı əlaqələrindən danışarkən Krallıqdakı maraqlarına da toxunub: “Biz 100 milyardlarla dollardan imtina etməyəcəyik. Əgər imtina etsək, o halda neftin qiymətləri kəllə-çarxa çıxar”. O, Səudiyyə Ərəbistanı ilə şəxsi ticarətinin olmadığını vurğulayaraq deyib: “Heç vecimə də deyil. Səudiyyə Ərəbistanının mənimlə heç bir əlaqəsi yoxdur. Krallıq ABŞ-dan 100 milyardlarla dollarlıq məhsul alır. Hərbi məhsullar satılmazsa, o zaman Ər-Riyad bu istiqamətdə olan ehtiyacını Rusiya və Çinin hesabına ödəyəcək. Belə bir vəziyyət də Rusiya və Çini sevindirəcək”.

Heç şübhəsiz, bu məsələ ABŞ-da da ciddi müzakirə edilir. Donald Trampın rəqibləri, xüsusilə Demokratlar Partiyası yaranmış fürsətdən maksimum yararlanmağa çalışırlar. “Vaşinqton post” qəzeti MKİ-nin məlumatını yaymaqla ölkədaxili və beynəlxalq ictimai rəyi vəliəhdə qarşı hazırlayır. Bundan başqa, Donald Trampı məsələni kral və oğlunun xeyrinə həll etməkdən çəkindirməyə çalışır. Onu da vurğulamaq lazımdır ki, MKİ qətlin əmrini vəliəhdin verməsi ilə bağlı yayılan məlumatı hələ də təkzib etməyib. Deməli, Camal Qaşıqçının qətli ilə bağlı məlumatlar ABŞ üçün belə çox vacibdir. Belə ehtimal etmək olar ki, Ağ ev bir müddət Məhəmməd bin Salmanı hadisələrdən uzaq tutmağa səy göstərəcək. Oktyabrın 2-də jurnalist öldürülən gündən bu dəstək verilməkdədir. Bununla belə, rəsmi Vaşinqton dövlət maraqlarından çıxış edərək Avropadakı müttəfiqləri ilə hesablaşacaq. Bu isə Krallıqda hakimiyyətin dəyişdirilməsinə səbəb ola bilər. ABŞ milyardlarla dollar itirməmək üçün hakimiyyətə gətiriləcəyi ehtimal olunan yeni qüvvələrlə də görüşləri davam etdirəcək. Ağ ev Səudiyyə Ərəbistanını Rusiya və Çinə təhvil verməklə bölgədə maraqlarını təmin etməkdə çətinlik çəkəcək. Odur ki, bu problemlə üzləşməmək üçün Krallığın gələcəyində aparıcı rolu itirməməyə çalışır. Bu liderlik isə yalnız kral Salman və oğlu Məhəmməd bin Salmandan asılı deyil.

Əslində, baş verənlər bir daha sübut edir ki, ABŞ Yaxın və Orta Şərq layihəsindən imtina etməyəcək. Suriya və İraqda mövqelərini gücləndirməkdə davam edəcək. Ehtimal etmək olar ki, Donald Trampın bu yaxınlarda Yaxın Şərqdəki qaynar bölgələrdən birinə səfər edəcəyi ilə bağlı açıqlaması da bunu təsdiqləyir. Bundan başqa, mərkəzi İraq hökumətinin Kərkükdən neft ixracını artırmaq niyyətində olması da bu iddianı gücləndirən amillərdəndir. Məlumdur ki, 40 ilə yaxındır ABŞ-da bir-birini əvəzləyən prezidentlər İrandakı rejimin dəyişdiririlməsi məsələsinə üstünlük verirlər. Səudiyyə Ərəbistanının itirilməsi Tehran hakimiyyətinə qarşı mübarizənin zəifləməsidir.

Beləliklə, ABŞ tərəfindən Camal Qaşıqçının qətlinin əmrini verənin adının açıqlanması bir ölkədə və Yaxın Şərqdə ciddi dəyişikliklərin olacağının siqnalı sayıla bilər. Çünki o, sıradan bir jurnalist və Səudiyyə Ərəbistanının sıradan bir təbəəsi deyildi. Camal Qaşıqçı Krallıqda dəyişikliklərin, islahatların reallıqda baş verməsini istəyən, bu yöndə fəaliyyət göstərən şəxslərdən olub. Bütün hallarda bu düyünün çözülməsi ABŞ-ın və dünyanın siyasi tarixində yeni açılan bir səhifə ola bilər. 

Son xəbərlər

Orphus sistemi