ABŞ-la Türkiyə arasında diplomatik böhran - Vaşinqtonun müttəfiqinə qarşı ayrı-seçkiliyi - ŞƏRH

ABŞ-la Türkiyə arasında diplomatik böhran - Vaşinqtonun müttəfiqinə qarşı ayrı-seçkiliyi - ŞƏRH Səfirliyin bəyanatının sərt olması Vaşinqtonun Ankaraya qarşı daha sərt addımlar atacağı ehtimalından xəbər verir
Analitika
9 Oktyabr , 2017 16:29
ABŞ-la Türkiyə arasında diplomatik böhran - Vaşinqtonun müttəfiqinə qarşı ayrı-seçkiliyi - ŞƏRH

Bakı. 9 oktyabr. REPORT.AZ/ Dövlətlərin mövcudluğu insan ömrü ilə müqayisə edildiyi kimi, onların arasında münasibət də şəxsiyyətlərarası davranışa bənzəyir.

İnsanlarla münasibətə dostluq, dövlətlərinkinə isə müttəfiqlik deyirlər. Dostlar bir-biri ilə anlaşılmazlığı danışıq yolu ilə çözdüklərindən, müttəfiqlər də istənilən məsələni dialoq, qarşılıqlı hörmət prinsipləri əsasında həll edirlər. Hər iki halda xəyanət yolverilməz sayılır. Əgər bu hal olubsa, tərəflər bunun bağışlanmasını istəyirlər. Bunun da müxtəlif yolları var.

ABŞ-la Türkiyə bir-birinə müttəfiq dövlət olaraq yanaşırlar. Ancaq oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna diplomatik dillə “yumşaq embarqo” da deyirlər. Bu sanksiya ABŞ-ın İstanbuldakı konsulluğunun əməkdaşı Metin Topuzun həbsi ilə əlaqədardır.

Məhdudiyyətin nə vaxtadək davam edəcəyi məlum deyil. ABŞ Dövlət Departamenti məsələ ilə bağlı açıqlama da yayıb: “Türkiyə hökuməti ABŞ-ın ölkədəki təmsilçilikləri və əməkdaşlarının təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir”.

Ağ evin addımına cavab olaraq Türkiyə də ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. 

Qeyd olunur ki, rəsmi Ankara ABŞ-ın bu ölkədəki bütün diplomatik missiyalarında qeyri-immiqrant viza məsələsini dayandırmaq qərarına cavab olaraq ABŞ ərazisindəki bütün diplomatik missiyalarda vizaların verilməsini dondurub. Diplomatik missiyadan bildirilib ki, səfirlik və konsulluqlar vizaların verilməsi üzrə işi dayandırıb.

Türkiyə ABŞ-ın M.Topuzun konsulluğun işçisi olduğunu rəsmi şəkildə Ankaraya bildirmədiyini açıqlayıb.

Qaydalara əsasən, hər bir ölkə diplomatik missiyasında işləyən şəxslər barədə yerləşdiyi dövlətin Xarici İşlər Nazirliyinin məlumat verilməlidir. Əks halda sonradan problemlər yaranır.

Onu da bildirək ki, bir neçə gün əvvəl ABŞ-ın Türkiyədəki səfirliyi ölkənin Baş Konsulluğunun əməkdaşı ilə bağlı açıqlama yaymışdı: “Biz iddiaların əsassız olduğuna inanırıq. Əməkdaşlarımızla bağlı əsassız iddiaların irəli sürülməsi Türkiyə ilə uzun zamandan bəri davam edən əməkdaşlığımızı baltalayır”.

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinərək tutulub. Ona qarşı Türkiyə Konstitusiyasının pozulması, casusluq fəaliyyəti və hakimiyyətin devrilməsinə cəhd maddələri üzrə cinayət işi açılıb.

ABŞ Türkiyədəki səfirliyi və konsulluqlarının oktyabrın 9-da “Kristofer Kolumb günü” ilə əlaqədar bağlı olduğunu bildirib.

Türkiyənin ABŞ-dakı diplomatik təmsilçilikləri də oktyabrın 9-da bağlı olacaq.

ABŞ-la müttəfiqləri arasında oxşar hadisələr əvvəllər də baş verib. ABŞ-ın 2013-cü ildə müttəfiq dövlətlərin liderlərinin telefon danışıqlarını dinləməsi hadisəsi unudulmayıb.

Onda Almaniya Kəşfiyyat İdarəsinin rəsmiləri ABŞ-la danışıqlar üçün Ağ evə səfər etmişdilər. Kanslerin xarici siyasət üzrə müşaviri və Almaniya Kəşfiyyat İdarəsinin əlaqələndiricisi Ağ evdə məsələ ilə bağlı müzakirələr aparırdı.

ABŞ-ın Türkiyədəki səfirliyi

Bununla belə, ABŞ Kəşfiyyat İdarəsinin rəhbəri xarici liderlərin dinlənilməsinə antiterror əməliyyatların əsas məqsədi kimi bəraət qazandırıb. ABŞ-ın müttəfiq dövlətlərin liderləri ilə yanaşı, Vaşinqtonda və BMT-də fransız diplomatları, Fransa və İspaniyadan milyonlarla telefon zəngini dinlədiyi də məlumdur.

Həmin il Almaniya mediası məlumat verdi ki, ABŞ kansler Angela Merkelin telefon danışıqlarını artıq on ildən çoxdur dinləyir və dinləmələr yalnız bir neçə ay əvvəl başa çatıb.

Bu, ABŞ-ın öz müttəfiqinə qarşı davranışna dair başqa bir nümunədir. Ancaq onda nə Berlin, nə də Vaşinqton bir-birini hədələmədi. Tərəflər məsələni danışıq yolu ilə nizama saldı. Heç bir tərəf viza silahından istifadə etmədi.

ABŞ-ın viza silahından istifadəsinə dair daha iki nümunəni diqqətinizə çatdırmaq istərdik. Ancaq bu sanksiyalar müttəfiqlərə tətbiq edilməyib.

ABŞ prezidenti Donald Tramp cari il sentyabrın 24-də Çad, İran, Liviya, Şimali Koreya, Somali, Suriya, Venesuela və Yəmən vətəndaşlarına viza ilə bağlı yeni qadağaların tətbiqi haqqında sərancam imzalayıb. 

Sudan vətəndaşlarına məhdudiyyətlər qaldırılıb. Ancaq İraqdan gələnlər gücləndirilmiş yoxlamaya məruz qalır, səyahət qadağasından isə azaddırlar.

Bu qaydalar oktyabrın 18-də qüvvəyə minəcək. Oktyabrın 10-da isə məhkəmə Trampın əvvəlki qadağasının hüquqi tərəflərinə dair dinləmə keçirəcək. O, bununla əlaqədar “Twitter”də yazıb: “Amerikanı təhlükəsiz etmək mənim başlıca işimdir. Təhlükəsizliyini yoxlaya bilmədiyimiz şəxsləri ölkəmizə buraxa bilmərik”.

Trampın seçkiqabağı kampaniyasına Rusiyanın müdaxiləsi və Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla onun komandasının üzvlərinin görüşü sonradan ciddi diplomatik qalmaqala səbəb oldu. Tərəflər səfirliklərinin əməkdaşlarını casusluqda ittiham etdilər. Nəticədə diplomatik təmsilçiliklərin əməkdaşlarının sayı qarşılıqlı olaraq ixtisar edildi.

ABŞ səfirliyi Rusiyada qeyri-immiqrasiya vizalarının verilməsini dayandırıb. Bu il sentyabrın 1-dən etibarən turist, iş vizalarının verilməsi yalnız Moskvada həyata keçirilir.

Xatırladaq ki, iyulun 30-da Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatlarının sayının 755 nəfər azalacağını və Rusiyanın ABŞ-dakı diplomatlarının sayı qədər - 455 nəfər saxlanılacağını bildirib. Bu tədbirlər ABŞ-ın Rusiya əleyhinə sanksiyalar qəbul etməsi və 2017-ci ilin əvvəlində rusiyalı diplomatların ölkədən çıxarılmasına cavab olub.

ABŞ-ın diplomatik təmsilçiliyi ilə bağlı ən böyük qalmaqal 1979-cu il noyabrın 4-də İranda yaşanıb. İranlı tələbələr Tehranda ABŞ səfirliyinə hücum edərək 66 amerikalı da daxil olmaqla 99 nəfəri girov götürmüşdülər. Onlar ABŞ-dan Məhəmmədrza şah Pəhləvinin ekstradisiyasını tələb edirdilər.

ABŞ isə onu ölkədən uzaqlaşdırmaqla İranda hakimiyyətə yeni gələn qüvvələri yola vermək istəyirdi. Nəticədə səfirlik əməkdaşları 444 gün girov saxlanılıb.

Tehranda ABŞ səfirliyinə hücumlar zamanı girov götürülənlərin 37-si sağdır.

Bu diplomatik qalmaqal ucbatından 1980-ci il aprelin 7-də ABŞ-ın o vaxtkı prezidenti Cimmi Karter İranla əlaqələri kəsmişdi. İndiyədək bu əlaqələr bərpa olunmayıb.

Türkiyə ilə ABŞ arasında yaranan diplomatik böhranın səfirliyin bir əməkdaşına qarşı irəli sürülən casus ittihamı ilə əlaqədar olmadığını ehtimal etmək mümkündür.

Bunlar ABŞ-ın müttəfiq saydığı Türkiyəyə qarşı uzun müddətdən bəri topladığı, yumşaq ifadə etsək, hiddətin nəticəsidir. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan onların istədiyi kimi dövlət başçısı olmadığından bölgədə baş verənlər və Türkiyənin daxili siyasəti onların istədiyi istiqamətdə inkişaf etmədiyindən Metin Topuz məsələsində iddialar ortaya qoyuldu.

Heç Türkiyə də ABŞ qarşısında az məsələ qaldırmayıb. Ankara ABŞ-a sığınan Fətullah Gülən və onun tərəfdarlarının təhvil verilməsini tələb edir. Türkiyə Vaşinqtondan Suriyada fəaliyyət göstərən terrorçu PKK-nın qolları “YPG” və “PYD”yə silah verməməsinin istəyir. Ankara Türkiyə də daxil olmaqla bölgə dövlətlərinin ərazi bütövlüyünə hörmət olunmasını tələb edir.

AB-Türkiyə diplomatik böhranının təsadüf etdiyi vaxt da təəccüblüdür. İraqın şimalındakı yerli hökumətin təşəbbüsü ilə bölgədə “müstəqilliklə bağlı referendum” keçirilir. Türkiyə və İran bölgədə “elan ediləcək müstəqilliyə” qarşı birgə fəaliyyət planı hazırlayır. Ankara və Tehran rəsmiləri İraqla Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduqlarını, bölgədə yeni dövlətin yaranmasına imkan verməyəcəklərini bildirirlər.

Qazaxıstanın paytaxtı Astanada üç təminatçı dövlət - Türkiyə, İran və Rusiya arasında əldə edilən razılaşmaya uyğun olaraq Türkiyə Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikası Suriyanın İdlib əyalətinə daxil olmaq üçün sərhədə yerləşdirib.

Yeri gəlmişkən, Türkiyə hərbçiləri artıq Suriya sərhədini keçərək İdlib ərazisinə daxil olub. 

Məlumata görə, üç təminatçı dövlətin səlahiyyət verdiyi müşahidəçilər münaqişəsiz bölgələrə nəzarət edəcək. Onların əsas vəzifələri Bəşşar Əsəd rejimi ilə müxalif qüvvələr arasında atışmanın qarşısını almaqdır.

Türkiyə, İran və Rusiyanın hər biri bölgəyə 500 müşahidəçi göndərəcək. Türkiyə hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək.

Azad Suriya Ordusu (ASO) da İdlibə daxil olub. Bölgədə “Heyet Tahriruş Şam” adlı terror təşkilatı ilə ASO arasında müharibə gedir. Bu terrorçu təşkilat “Əl-Qaidə”nin qolu sayılır.

Beləliklə, göründüyü kimi, ABŞ müttəfiqlərinə münasibətdə onları növlərə ayırır. Məsələn, müttəfiqləri Almaniya ilə Türkiyəyə münasibət eyni deyil. Baş verənlərdən belə qənaətə gəlmək olar ki, ABŞ Türkiyəyə münasibətdə mövqeyini Avropa İttifaqına, daha doğrusu, Almaniyaya yaxınlaşdırır.

Bununla belə, Metin Topuz yaxın günlərdə sərbəst buraxıla bilər. Ancaq səfirliyin bir nəfərə görə müttəfiq dövlətə yönəlik verdiyi “əsassız iddiaların irəli sürülməsi Türkiyə ilə uzun zamandan bəri davam edən əməkdaşlığımızı baltalayır” bəyanatı çox kəskindir. Bu isə Vaşinqtonun Ankaraya qarşı daha sərt addımlar atacağı ehtimalından xəbər verir. Hətta, deyəsən, Yaxın Şərq məsələsində rol oynayan tərəflər də müəyyənləşməyə başlayır. 

Son xəbərlər

Orphus sistemi