ABŞ-ın PKK-çıların başına qoyduğu mükafat - Ağ evin Türkiyəyə jesti - ŞƏRH

ABŞ-ın PKK-çıların başına qoyduğu mükafat - Ağ evin Türkiyəyə jesti - ŞƏRH
Analitika
8 Noyabr , 2018 14:21
ABŞ-ın PKK-çıların başına qoyduğu mükafat - Ağ evin Türkiyəyə jesti - ŞƏRH

Bakı. 8 noyabr. REPORT.AZ/ Yüz illərdir türk dövlətlərinin mövcudluğu və nüfuzu üçüncü tərəfin Yaxın və Orta Şərqdə at oynatmasına mane olub. Kənar qüvvələrin müdaxiləsi isə bir qayda olaraq bölgədəki xəyanətkar ünsürlərin ucbatından baş verib.

Türkiyə yenə bölgədə nüfuz sahiblərindəndir. Gücünü azaltmaq, Yaxın və Orta Şərqə müdaxilələrə mane olmasının qarşısını almaq üçün onun başını müxtəlif problemlərlə qarışdırmaq, terrorçu qruplar yetişdirib ölkəni zəiflətmək, ən nəhayətində türk dövlətini parçalayıb məhv etmək istəyirlər. İŞİD adlı terrorçu qruplaşma Suriya və İraqda peyda olandan sonra Türkiyəyə qarşı təzyiqlər də güclənməyə başladı. Xüsusilə terrorçu PKK-nın həmin ölkələrdəki YPG-PYD adlı qolları xarici müdaxiləçilərin dəstəyi ilə bu qocaman dövlətin üzərinə yönəldildi. Türkiyənin çoxsaylı müraciətlərinə baxmayaraq, PKK-nın bu qolları ABŞ və Qərb ittifaqı tərəfindən Suriyada himayə edilməklə yanaşı, silah-sursat, geyim və texnika ilə təchiz edilir. Bu azmış kimi, onlar himayədarları tərəfindən hərbi cəhətdən təlimatlandırılırlar. ABŞ Türkiyənin müraciətlərinə cavab olaraq bildirir ki, onlar terrorçularla deyil, Suriya Demokratik Qüvvələri ilə əməkdaşlıq edirlər. Bu birlik isə, əsasən,  YPG-PYD-dən ibarətdir. Deməli, bu ittifaq da PKK-ya aiddir. Ona görə də Türkiyəyə qarşı olan terrorçunun dəyişən adıdır, forması və məzmunu olduğu kimi qalır.

Ötən gün isə ABŞ Dövlət Departamenti terrorçu PKK-nın rəhbərlərindən olan Murat Karayılanın başına 5, Cemil Bayıkın başına 4, Duran Kalkanın başına isə 3 milyon dollar mükafat təyin edib. Bu, ABŞ-ın xarici siyasət idarəsinin “Ədalət üçün mükafat” (“Rewards for Justice”) proqramı çərçivəsində müəyyənləşdirilib. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin PKK terror qruplaşmasının rəhbərliyinə daxil olan 3 nəfərin başına pul qoymasını alqışlayaraq bu addımın terrorçu PKK-nın İraq və Suriyadakı qollarına qarşı mübarizə ilə dəstəklənməsini də gözlədiklərini bildirib. Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti “İmmiqrasiya və vətəndaşlıq haqqında” qanunun 219-cu bölməsinə əsasən, 1997-ci ildə PKK-nı Birləşmiş Ştatlar üçün təhlükəli olan terrorçu təşkilat kimi tanıyıb, 2001-ci ildə isə “Qlobal terror ünsürləri” siyahısına daxil edib. Ümumiyyətlə, Türkiyəyə qarşı casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Branson azadlığa buraxıldıqdan sonra Ağ Evlə rəsmi Ankara arasında isti münasibət yaranıb. Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər. Ağ Ev Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gül və daxili işlər naziri Süleyman Soyluya sanksiya tətbiq etmişdi. Türkiyə tərəfi də buna cavab olaraq ABŞ-ın daxili işlər naziri Rayan Zinke və ədliyyə naziri Ceff Seşins barəsində oxşar addım atmışdı. Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. Onun 35 il azadlıqdan məhrum edilməsi gözlənilirdi.

Türkiyə ABŞ-ın noyabrın 4-də İrana qarşı tətbiq etdiyi sanksiyadan neft idxalı ilə bağlı güzəşt olunan 8 dövlətdən biridir. Həmin siyahıda Yaponiya, Cənubi Koreya və Hindistanın da adı var. Amerikalı keşiş sərbəst buraxıldıqdan sonra Türkiyə lirəsinin dollara nisbətdə qiymətdən düşməsinin də qarşısının alındığı açıq-aşkar görünməkdədir. Cari ilin sonunadək 1 dolların 5,10 türk lirəsinə mübadiləsi ehtimal edilir.

ABŞ-Türkiyə münasibətlərinin gərgin vaxtı Türkiyədə tarixdə çox nadir hallarda baş verən, yaxud heç vaxt baş verməmiş bir hadisə də oldu. Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı öldürüldü. Onun Krallığın sifarişi ilə öldürüldüyü ilə bağlı çoxsaylı sübutlar olsa da rəsmi olaraq jurnalist Səudiyyə Ərəbistanı rəhbərliyinin sifarişi ilə qətlə yetirdiyi deyilmir. Krallıq isə beynəlxalq ictimaiyyəti müxtəlif bəhanələrlə yola verir. İndiyədək Camal Qaşıqçının meyiti tapılmayıb. ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanının NATO-dakı müttəfiqi Türkiyə ərazisində belə bir özbaşınalığı birmənalı olaraq hörmətsizlikdir. Krallıqdan edilən belə davranışa görə Ağ ev də qınanılır. Donald Tramp Camal Qaşıqçı cinayətinin açılması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə işlədiklərini bildirib.

ABŞ-ın qeyd etdiyimiz bu kimi hadisələr fonunda terrorçuların dəstə başçılarının başına pul mükafatının qoyulması, İrana qarşı tətbiq edilən sanksiyada Türkiyənin güzəşt əldə edənlərdən olması, lirənin ucuzlaşmasının qarşısının alınması, Suriyanın Münbiç şəhərində ABŞ və Türkiyə hərbçilərinin birgə patrul xidməti həyata keçirməsi kimi məsələlər nəyə xidmət edir? ABŞ bu addımı ilə nəyə işarə edir? Belə bir məsələ var: “Bükə bilmədiyim əli öpərəm”. Yoxsa ABŞ Türkiyə ilə münasibətləri gərginləşdirməmək üçün buna əməl edib? Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Türkiyə və Anadoluda mövcud olmuş dövlətlər üçüncü tərəfin bölgəyə müdaxiləsinə mane olub. Görünür, müxtəlif yollarla təzyiqlər edərək Türkiyənin bütövlüyünü poza bilmədiklərindən əməkdaşlığı gücləndirməyə üstünlük veriblər. Başqa sözlə, indiki şəraitdə Türkiyə ilə güc əsasında danışmağın əhəmiyyətsizliyi qəbul olunub. Coğrafi mövqeyi və başqa məziyyətləri onunla dost olub əməkdaşlıq etməkdən başqa yolun olmadığını təsdiqləyib. Son zamanlar ABŞ da bu prinsiplə davranmağa başlayıb. Ancaq bu, o demək deyil ki, Türkiyəyə qarşı olan terrorçuların dəstəklənməsi birdəfəlik dayanıb. Rəsmi Ankara terrorçu PKK-nı və onun dəstə başçılarını müdafiə edən Xalqların Demokratik Partiyasının (HDP) fəaliyyətini dayandırsa, heç şübhəsiz, havadarları hay-küy qopartmağa başlayacaq. Odur ki, HDP Türkiyədə antidövlət fəaliyyətini, terrorçuların müdafiəsini davam etdirir, PKK-nın YPG-PYD qolları hələ də Türkiyəni təhdid edir, himayədarları - ABŞ və Qərb dövlətləri onları silah-sursatla təmin etməyi və siyasi dəstəyi dayandırmır. Ona görə də üç terrorçunun başına qoyulan mükafat bir növ görüntü xarakteri də daşıya bilər. Guya onların yeri məlum deyil. Kosmosdan dünyaya nəzarət etməyə qadir olan bir dövlətin onların yerini bilməməsi az inandırıcı, bir az da az gülməlidir. Onların başçısı Abdullah Ocalanın edamının qarşısını almaq üçün Türkiyədə ölüm hökmünün ləğvinə nail olduqları bir halda, üç terrorçubaşının başına pul mükafatının qoyulması səmimi və məntiqli görünmür. Türkiyəyə münasibətdə itirilən əvvəlki etmadı qaytarmaq və artırmaq üçün onlardan biri öldürülə də bilər. Ancaq bununla Türkiyənin yaraları sağalmaz.

Bu gün Türkiyəyə 3 milyondan çox suriyalı və iraqlı qaçqın sığınıb. ABŞ başda olmaqla Qərb bunun nə demək olduğunu yaxşı anlayır. Donald Tramp hakimiyyəti Honduras, Qvatemala, Salvador və Meksikadan olan mühacirət axınının qarşısını almaq məqsədilə Meksika ilə sərhədə əlavə hərbi qüvvə yerləşdirir. Türkiyə ərazisindəki qaçqın ordusunun Avropaya getməsinə şərait yaradarsa, ABŞ-ın Avropadakı müttəfiqləri, PKK-nı və onun müxtəlif ad altında fəaliyyət göstərən qollarının himayədarları hansı addımı atarlar. Türkiyə bu məsələdə də ABŞ-a və müttəfiqlərinə yardım edib.

Beləliklə, ABŞ Dövlət Departamentinin terrorçubaşlarına mükafat təyin etməsi, İrana sanksiya tətbiqində Türkiyəyə də güzəştə getməsi, lirənin ucuzlaşmasının qarşısının alınmasına dəstək verməsi kimi hadisə Ankaranın etdiklərinin qarşısında çox azdır. Onlar buna Türkiyəni İraq və Suriyanın vəziyyətinə sala bilmədikləri, Türkiyə isə İraq və Suriyanın gününə düşməkdən özünü qoruya bildiyi üçün layiq görülüb. Bununla belə, tərəflər arasında əvvəlki oyun formasını dəyişmiş halda davam edəcək. 

Son xəbərlər

Orphus sistemi