Yuxarı

​ABŞ-İran, AB-İran münasibətlərində yeni mərhələ - ŞƏRH

Hazırda altılıq ölkələrinin təmsilçiləri ilə İran arasında bu məsələnin həlli ilə bağlı yekun proses müzakirə edilir

Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama İranın nüvə silahı əldə etməməsi üçün diplomatik təzyiqlərin artırılmasını vacib sayır.

"Report" "Euronews"a istinadən xəbər verir ki, bunu B.Obama Konqresin hər iki palatasının rəhbərləri ilə keçirdiyi görüşdə bəyan edib.

O, İslam Respublikasına qarşı əlavə sanksiyaların tətbiq olunması haqqında qanunun qəbul edilməsinə qarşı çıxdığını vurğulayıb: "Bu, danışıqların kəsilməsinə və ABŞ-ın beynəlxalq təcridinə səbəb ola bilər".

"Report"un şərhi

Son aylar ABŞ rəsmilərinin iranlı həmkarları ilə görüşü intensiv xarakter almağa başlayıb. Bu gün ABŞ dövlət katibi Con Kerri ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Cenevrədə ikitərəfli görüşünün keçiriləcəyi də gözlənilir. Bu görüşdə əsasən İslam Respublikasının nüvə proqramından danışılacağı bildirilsə də, iki ölkə arasında münasibətlərin perspektivi, inkişafı və Yaxın Şərqdəki vəziyyətin müzakirə ediləcəyi də istisna olunmur.

Yeri gəlmişkən, yanvarın 15-18-də İsveçrənin Cenevrə şəhərində İranın nüvə problemi ətrafında "altılıq" ölkələrinin təmsilçiləri ilə İslam Respublikasının nümayəndələri arasında danışıqların növbəti mərhələsinin keçiriləcəyi haqda da xəbər yayılıb.

İndi isə ABŞ prezidentinin bəyanatı haqda. Barak Obama ilk dəfədir yeni sanksiyaların tətbiqinin ABŞ-ın beynəlxalq təcridinə səbəb ola biləcəyini bəyan edir.

Ağ Evin indiki yiyəsinin bu bəyanatına əsasən ehtimal etmək olar ki, Vaşinqtonla Tehran bir sıra məsələlərdə, o cümlədən İranın nüvə probleminin həllində müəyyən razılığa gəliblər.

Hazırkı mərhələdə "altılıq" ölkələrinin təmsilçiləri ilə İran arasında bu məsələnin həlli istiqamətində yekun proses müzakirə edilir.

Bu istiqamətdə 20 ilə yaxındır İranla çeşidli səviyyələrdə danışıqlar aparılır.

Son 10 ildə isə ABŞ İranı nüvə proqramı ilə bağlı bir sıra iddialarından əl çəkməyə çağırır. İrana nüvə yanacağının xaricdən almasını, nüvə obyektlərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) müfəttişlərinin buraxılmasını, bu sahədə şəffaflığın təmin edilməsini təklif etsə də, qarşı tərəf başqa şərtlərlə yanaşı, bunlara əməl etməkdən imtina edirdi.

Ancaq ötən ildən danışıqlarla bağlı vəziyyətdə nəzərəçarpacaq dərəcədə dəyişikliklər hiss olunmağa başlayıb. İrana dondurulmuş bank hesablarından müəyyən həddə maliyyə vəsaiti götürməsinə icazə verilib. Dünyanın bir sıra dövlətlərinin şirkətləri ölkənin neft-qaz yataqlarında fəaliyyət göstərmək, mülki aviasiya üçün təyyarələr satmaq istədiklərini bildiriblər.

İran tərəfi də bu istiqamətdə müəyyən addımlar atan kimi görünür. Ötən ayın sonunda İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirmişdi ki, nüvə  yanacağını idxal etmək Tehrana daha ucuz başa gəldiyindən bu variantın gerçəkləşdirilməsi mümkündür.

O, ötən illə müqayisədə İranın nüvə problemi üzrə "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ilə danışıqlarda "tərəqqi" əldə edildiyini də vurğulamışdı.

Onu da qeyd edək ki, bir neçə gün öncə Fransa prezidenti Fransua Olland İraq və Suriyada sabitliyin yaranması üçün "İranın önəmli ortaq olduğunu" demişdi.

Beləliklə, ABŞ prezidentinin İranla bağlı son bəyanatı yaxın zamanda ABŞ-İran münasibətlərində, eləcə də Avropa Birliyi - İran əlaqələrində yeni mərhələnin başlanacağını ehtimal etməyə əsas verir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi