ABŞ-ın Rusiyaya cavabı - ərazi bütövlüyü və seçim azadlığı - ŞƏRH

ABŞ-ın Rusiyaya cavabı - ərazi bütövlüyü və seçim azadlığı - ŞƏRH Ukrayna və Şərqi Avropanın təhlükəsizliyi üzrə ABŞ-Ukrayna gərginliyi davam edir. 
Analitika
27 Yanvar , 2022 15:29
ABŞ-ın Rusiyaya cavabı - ərazi bütövlüyü və seçim azadlığı - ŞƏRH

Ukrayna və Şərqi Avropanın təhlükəsizliyi üzrə ABŞ-Rusiya gərginliyi davam edir. Yanvarın 26-da Rusiyanın təhlükəsizliyinin təmin olunması ilə bağlı ABŞ, NATO və Avropa İttifaqına təkliflərinə Ağ ev yazılı cavab verib. Rusiya müraciət etdiyi ünvanlardan Şərqi Avropada yaxın və ortamənzilli raketlər yerləşdirməməyi, NATO-nu şərqə doğru genişləndirməməyi, ilk növbədə Ukraynanı Alyansa üzv qəbul etməməyi açıq-aşkar tələb etmiş və bununla bağlı zəmanət istəmişdi.

Vaşinqton göndərdiyi cavab məktubunda rəsmi Moskva qarşısında bir sıra məsələlər qaldırıb və ondan bu təkliflərə oxşar qaydada cavab gözləyir. Ağ evin Kremlə cavab məktubu açıqlanmayıb. Ancaq dövlət katibi Entoni Blinken Vaşinqtonda məsələyə dair keçirdiyi mətbuat konfransında bir sıra açıqamalar verib. O qeyd edib ki, ABŞ Rusiyanın təkliflərinə götürdükləri öhdəliyin əsas prinsiplərinə uyğun cavab verib. Onun sözlərinə görə, ölkəsi Ukraynanın ərazi bütövlüyü və suverenliyini, onun Alyansa üzv olmaq üçün sərbəst seçimini müdafiə edir: “NATO-nun qapısı açıqdır və belə qalacaq”. Dövlət katibi bildirib ki, Rusiyanın Ukraynaya ehtimal olunan təcavüzü zamanı beynəlxalq energetika təchizatının pozulmamasına çalışır. Rusiya Xarici İşlər Nazirliyi məktubun detalları ilə bağlı açıqlama yaymayıb. Xatırladaq ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan RF XİN-ə həm ölkəsinin, həm də NATO-nun məktublarını təqdim edib. Onun nazirlikdə görüşü 30 dəqiqədən də az sürüb.

Yeri gəlmişkən, Rusiya təhlükəsizliklə bağlı məktubları 2021-ci il dekabrın 17-də göndərib. Bundan sonra Rusiyanın nümayəndə heyəti yanvarın 10, 12 və 13-də ABŞ, NATO və ATƏT-də üç raunddan ibarət görüş keçirib. Bu danışıqlar nəticəsiz başa çatıb. Bundan sonra yanvarın 21-də Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla Cenevrədə görüşüb. Onda dövlət katibi və NATO-nun Baş katibi Yens Stoltenberq rusiyalı nazirə yazılı cavab verəcəklərinə boyun olublar. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ və NATO-nun cavab məktubunda ölkəsinin mövqeyinin nəzərə alınacağını və buna etiraz etmədiklərini bildirmişdi.

Məktub ünvanlandığı gün Parisdə Ukraynanın şərqindəki vəziyyətin tənzimlənməsi üzrə fəaliyyət göstərən “Normand formatı”nın toplantısı keçirilib. Məktubun təfərrüatı məlum olmasa da, dövlət katibi və ukraynalı nazirin açıqlamalarından belə qənaətə gəlmək olar ki, ABŞ, NATO və Ukraynanın mövqeyində dəyişiklik yoxdur. Bundan başqa, son zamanlar bütün tərəflər Minsk razılaşmasının prinsiplərinin pozulduğuna diqqət çəkirlər. 2015-ci il fevralın 11-12-də Minskdə Almaniya, Fransa, Ukrayna və Rusiya rəhbərlərinin sammitində “Normand dördlüyü” formatında Ukraynanın şərqində vəziyyətin dinc yolla tənzimlənməsi üzrə İkinci Minsk razılaşması imzalanıb. Bu sənəd sonradan BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi ilə bəyənilib. 13 maddədən ibarət olan bu sənəddə Ukraynanın əraz bütövlüyü açıq şəkildə vurğulanıb. Luqansk və Donetsk vilayətlərinə isə xüsusi rayon statusunun verilməsi qeyd olunub. Sənəddə Ukraynanın dövlət sərhədinə tam nəzarət etməsi məsələsi də vurğulanıb. Donbasdakı bütün qanunsuz silahlı dəstələrin tərksilah olunması da sənəddə öz əksini tapıb.

Deməli, Rusiyanın da imzaladığı sənədə əsasən, Luqansk və Donetskdəki silahlı birləşmələr qanunsuz fəaliyyət göstərir və Ukraynanın şərqində dövlət sərhədi pozulub. Bütün bu kimi pozuntlar isə Rusiyanın bölgədəki fəaliyyəti ilə əlaqələndirilir. Bundan başqa, Moskvanın Ukrayna ilə sərhədboyu hərbi təlimlər keçirməsi və regiona əlavə hərbi qüvvə cəmləşdirməsi də beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub. Odur ki, Rusiyanın perspektivdə Ukraynaya təkrar hücum ehtimalına hazırlıq görülür.

Xatırladaq ki, Maydan hərəkatından sonra Rusiyanın Krımı ilhaqının və Ukraynanın şərqindəki separatçılığın qarşısını almağa nə Kiyev, nə də Qərb hazır deyildi. Hərçənd ki Rusiya Ukraynaya NATO və Avropa İttifaqına üzvlük istiqamətində fəaliyyət göstərəcəyi halda, Krım və Donbası itirəcəyi xəbərdarlığını etmişdi. Deməli, Rusiya 6 il əvvəl Ukraynaya təcavüz edib. Onda Qərbin “Rusiya təcavüz edərsə, Ukraynanı müdafiə edəcəyik” fikrinin arxasında nə durur? Rusiya Ukraynaya yenidən hansı halda hücum edə bilər? Belə ehtimal etmək olar ki, Minsk razılaşmasında Krım da daxil olmaqla tərəflər Ukraynanın ərazi bütövlüyünü qəbul ediblər. Rusiya yarımadanı ilhaq etməklə oranı artıq öz ərazisi sayır. İndi Rusiyadan Minsk razılaşmasının əsas prinsiplərinə əməl etməsi istənilir. Bu, Ukraynanın əraz bütövlüyüdür. Ehtimal etmək olar ki, bu, ABŞ və NATO-nun məktublarında başlıca məsələdir. Bu hadisələrə əsasən belə qənaətə gəlmək olar ki, Ukrayna ərazi bütövlüyünü bərpa etmək məqsədilə Donbasda hərbi əməliyyat keçirə bilər. Bu halda Rusiya Ukraynaya yenidən təcavüz edər. Ona görə də Qərb Moskvaya yuxarıda qeyd etdiyimiz açıqlama ilə xəbərdarlıq edir. Məktubla bağlı açıqlamalardan da göründüyü kimi, Qərb Ukrayna ilə bağlı mövqeyindən və planından imtina etmək niyyətində deyil. Habelə rəsmi Kiyev ərazi bütövlüyünün bərpasına çalışır.

Odur ki, məktubda Rusiyanın Ukrayna ilə bağlı fəaliyyətindən çəkinməsinin təklif edildiyini ehtimal etmək olar. Qərbin Rusiyaya qarşı hələ ki sərt sanksiyalar qəbul etməməsi və danışıqlara üstünlük verməsi məsələni daha dinc yolla həllinə nail olmaq istəyindən xəbər verir. Başqa sözlə, Rusiyaya daha real qərar qəbul etməsi üçün möhlət verilir. Ona görə də hələ ki açıqlanmayan məktubda Qərb ərazi bütövlüyü və suverenliklə bağlı prinsipləri əsas göstərməklə Rusiya qarşısında şərtlər irəli sürüb. İndi təməl prinsiplərə əməl etməklə bağlı öhdəliklərini yerinə yetirəcəyinə cavab vermək növbəsi Mokskvadadır...

Son xəbərlər

Orphus sistemi