İmamoğlu - Türkiyə demokratiyasının doğduğu yeni siyasətçi - ŞƏRH

İmamoğlu - Türkiyə demokratiyasının doğduğu yeni siyasətçi - ŞƏRH Bu, dörd ildən sonra keçiriləcək seçkilərlə bağlı ciddi siqnal sayıla bilər
Analitika
24 İyun , 2019 14:39
İmamoğlu - Türkiyə demokratiyasının doğduğu yeni siyasətçi  - ŞƏRH

Seçicinin səsvermə qutusuna atdığı bülleten doğru sayılanda vətəndaş idarəetmədə iştirak etmiş sayılır. Bu isə seçkilər azad, ədalətli və şəffaf keçirildikdə mümkün olur. Hər halda dünyanın seçki praktikasında Türkiyə bir çox baxımdan ən yaxşı nümunə sayıla bilər. Odur ki, Azərbaycan cəmiyyəti haqlı olaraq bu ölkədə keçirilən bütün seçkiləri, referendumları, başqa siyasi kampaniyaları maraqla izləyir.

Əslində, iyunun 23-də Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən təkrar seçki bir çox baxımdan əhəmiyyətli və maraqlı idi. Əvvəlcə bu siyasi kampaniya ilə bağlı bəzi statistikanı nəzərdən keçirək. Deməli, 10 milyon 570 min 222 seçidən 8 milyon 925 min 63 nəfəri, yaxud seçicilərin 84,5 faizi seçkidə iştirak edib. Bu, son illərin rekord göstərici sayılır. Cümhuriyyət Xalq Partiyası və İyi Partiyanın təsis etdiyi Millət İttifaqının namizədi Əkrəm İmamoğlu 4 milyon 741 min 868 səs, yaxud seçicilərin 54,21 fazinin səsini toplayaraq qalib gəlib. Martın 31-də keçirilən bələdiyyə seçkilərində isə ona 4 milyon 169 min 765 seçici səs vermişdi, yaxud səslərin 48,77 faizini qazanmışdı. Hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının təsis etdiyi Cümhur İttifaqının namizədi Binəli Yıldırıma 44,99 faiz və ya 3 milyon 935 min 453 səs verilib. O, martın 31-də keçirilmiş seçkidə səslərin 48,61 faizini qazanmışdı, yaxud ona 4 milyon 156 min 36 səs verilmişdi. 

Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkinin qeyri-rəsmi nəticələri elan edildikdən sonra Əkrəm İmamoğlunu qalib gəlməsi münasibətilə təbrik edib. O, demokratiya, hüququn üstünlüyü əsasında ölkənin barış və sabitliyinin pozulmasına imkan vermədən Cumhur İttifaqının hədəfinin 2023-cü il prezident və parlament seçkiləri olduğunu vurğulayıb. Eyni zamanda hakim Ədalət və İnkişaf Partiyası təkrar seçkinin nəticələri ilə bağlı açıqlama yayıb: “Bu seçki Türkiyədə demokratiyanın nə qədər irəlilədiyini sübut etdi". 

Beləliklə, AKP hesab edir ki, təkrar seçkinin keçirilməsi hüquqi bir qərardır. Milli iradənin tam olaraq təmin edilmədiyi martın 31-də keçirilən seçkidə AKP-nin etirazı əsasında Yüksək Seçim Qurulu seçkinin yenidən keçirilməsi barədə qərar qəbul edib, iyunun 23-də keçirilən seçkilərdə martın 31-dəki hüquqi çatışmazlıqlar və pozuntular aradan qaldırılıb, milli iradə sandığa daşınıb, Binəli Yıldırımın seçkinin nəticələri açıqlandıqdan dərhal sonra Əkrəm İmamoğlunu təbrik etməsi təqdirəlayiqdir. Bu, müsbət davranışdır, Türkiyə iyunun 23-də bir bələdiyəyə təkrar seçki keçirib. Hökumətin, Prezident Administrasiyasının qarşısında ölkədaxili və xaricə aid bir çox problemlər durur, AKP-də iyunun 23-dən sonra “siyasi çatlar baş verəcək” iddiaları reallıqdan uzaqdır. AKP-nin əvvəllər də bələdiyyə sədrliyini qazanmadığı seçkilər olub, həmçinin iyunun 23-də təkrar seçkinin keçirilməsi səbəbindən “Cümhur İttifaqının dağılacağı” ilə bağlı deyilənlər gerçəkdən uzaqdır, seçkidən dərhal sonra Öcalanın (terrorçu PKK qruplaşmasının başçısı - S.İ.) seçkilərə hesablanan əvvəlki məktubunun bir hadisə olmadığı və PKK-nın ikiyə bölünməsini yaxın zamanda sürətləndirəciyi açıq-aşkar görünəcək və nəhayət, son seçki Türkiyədə demokratiyanın irəliləməsinin səviyyəsini də göstərdi. Açıqlamada o da vurğulanıb ki, AKP təkrar seçkilərin nəticələrini araşdıracaq.

Bu arada seçkinin nəticələri ilə bağlı təbii olaraq bir sual yaranıb - Əkrəm İmamoğlu niyə bir seçkidə iki dəfə qalib gəldi? Bu qələbə Türkiyənin siyasi həyatına yeni nə vəd edir? İndiki hakim elita İstanbulu, yaxud seçkiqabağı kampaniyanın gedişini nəzərə alsaq, Türkiyəni qane etmirdi? Əkrəm İmamoğlunun üstünlüyü nədə idi? Əslində, Əkrəm İmamoğlunun qələbə qazanmasının başlıca səbəbi seçkinin demokratik prinsipə uyğun, azad, ədalətli və şəffaf şəraitdə keçirilməsidir. Bu, iqtidarın müxalifətlə birlikdə Türkiyə siyasi elitasının demokratik təməl prinsiplərə sadiq qalmasının göstəricisidir. Bu, İmamoğlunun bələdiyyə sədri kimi, Türkiyədə isə demokratiyanın mütləq qələbəsi də sayıla bilər. Heç şübhəsiz, belə bir suala da cavab verməyə ehtiyac yaranır - Türkiyədə avtoritarizm və ya diktatura olsaydı, nə baş verə bilərdi? Keçmiş SSRİ-də seçkilərin keçirilməsi tarixindən bilirik ki, heç İmamoğlu namizəd belə ola bilməzdi. Bir partiyanın diktaturasını indiki Çin Xalq Respublikasında keçirilən seçkilərdə müşahidə etmək mümkündür. Bu baxımdan, Türkiyədə "diktatura, yaxud avtoritarizm qurulur" düşüncəsi də ayaq aça bilmədi. Hakim elita bunu istəsəydi, edə bilərdi. Ancaq Türkiyənin cümhurriyət quruluşu və demokratiya uğrunda mübarizə təcrübəsi buna imkan vermədi. Bu yerdə bir məsələni də qeyd etməmək olmaz. Türkiyə ictimaiyyəti və siyasiləri Qərb dəyərlərinə hörmətlə yanaşır. Bu blokun təşkilatlarna ya üzvdürlər, ya da üzv olmağa çalışırlar. Başqa sözlə, Türkiyə demokratik dünyanın bir parçası olduğundan ölkədə bu yoldan geriyə dönüşün olmadığı şəksizdir.

Təbii ki, Əkrəm İmamoğlunun qələbə qazanmasının əsas səbəblərindən biri onun Türkiyə siyasəti üçün yeni sima olması idi. O, fərdi keyfiyyətləri, təcrübəsi, biliyi, gəncliyi, tərbiyəsi, xarizması ilə siyasi fiqur olaraq üzərinə düşən missiyanı uğurla yerinə yetirə bilib. İstanbul bələdiyyəsinin yeni seçilən sədrinin ən böyük üstünlüyü mübarizliyidir. Nəticəyə əsasən belə düşünmək olar ki, Türkiyə ictimaiyyəti ondan daha böyük zəfər gözləyir. İstanbulun fəthi İmamoğlunu böyük uğurlara da apara bilər. Bu qərarı da onun bələdiyyə sədri kimi gələcək fəaliyyəti və seçicilər verəcəklər. Belə qənaətə gəlmək olar ki, Türkiyənin müxalifətdə olan siyasi elitası Əkrəm İmamoğlunun simasında yeni lider də qazandı. Türkiyə seçiciləri həm də yeni sədrin simasında yeniliyə səs verdi. Bu da dörd ildən sonra keçiriləcək seçkilərlə bağlı ciddi siqnal sayıla bilər.

Əslində, bir bələdiyyəyə iki dəfə seçkinin keçirilməsi sübut elədi ki, seçicilər hakimiyyətə etirazı bu yolla bildiriblər. Daha doğrusu, hakim elitadan narazı olan elektorat da İmamoğlunu seçib. Bu prosesin gələcəkdə davam edəcəyi ehtimalı az deyil. İmamoğlunun qələbə qazanması hakim partiya üçün də ciddi siqnal sayıla bilər. AKP-nin açıqlamasından da göründüyü kimi, partiya seçkilərin nəticələrini bundan sonra araşdıracaq. Yekun nəticəyə gəlmək üçünsə onların hələ dörd il vaxtı var.

Nəhayət, təkrar seçkidə Türkiyənin kürd etnik qrupundan olan seçicilərinin adı tez-tez hallanırdı. Bu siyasi kampaniyada terrorçuların başçısı Öcalanın, yaxud terrorçularla əlbir olduğuna görə hazırda həbsdə olan Xalqların Demokratik Partiyasının keçmiş sədri Səlahəddin Dəmirtaşın adından müxtəlif mövzulu bəyanatlar da yayıldı. Belə məlum oldu ki, Türkiyənin kürd vətəndaşları nə Dəmirtaşa, nə də Öcalana deyil, İmamoğluna və İldırıma inanırlar.

Hər halda martın 31-dən başlayan hadisələrdə ən düzgün və ədalətli mövqeyi Türkiyə Yüksək Seçim Qurulunun sədri Sadi Güvenin də faəliyyətində qeyd etmək lazımdır. Seçki qanunlarına uyğun davranışı, komissiya üzvlərinin təkrar seçkinin keçirilməsi ilə bağlı verdiyi səs də Türkiyədə demokratiyanın qorunmasına edilən xidmətdir. Onu da vurğulamaq lazımdır ki, iqtidarlı, müxalifətli siyasi elita və cəmiyyət bu seçki ilə Türkiyədə demokratiyanın bir az da dərinləşməsinə xidmət göstərdi.

Beləliklə, Əkrəm İmamoğlu Türkiyə demokratiyasının doğduğu yeni siyasi fiqurdur. Bu, 2023-cü ilə daha bir siyasətçinin iddia etməsi deməkdir. 

Son xəbərlər

Orphus sistemi