Azərbaycan, Bakıdakı COP29-un irsinə əsaslanaraq, ümumi iqlim məqsədinə nail olmaq üçün Türkiyə və bütün tərəflərlə sıx əməkdaşlıq etməyə hazırdır.
"Report"un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, bu baədə Azərbaycanın Baş nazirinin müavini Teymur Musayev COP31 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan, xüsusən də beynəlxalq əməkdaşlığın və çoxtərəfli sistemin artan çağırışlarla üzləşdiyi bir dövrdə çoxtərəfli əməkdaşlığa, ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə, etimadın formalaşdırılmasına və kollektiv həll yollarının təşviqinə dəyişməz sadiqliyini qoruyub saxlayır.
Baş nazirin müavini vurğulayıb ki, son iqlim fəlakətləri iqlim dəyişikliyinin artıq insanların dolanışıq mənbələrinə təsir etdiyini xatırladır.
"Buna görə də iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlığın artırılması, xüsusilə də artıq müvafiq öhdəlikləri öz üzərinə götürmüş inkişaf etməkdə olan ölkələrdə kifayət qədər maliyyələşdirmə, texnologiyaların ötürülməsi və potensialın artırılmasını tələb edir. İndi biz onların yerinə yetirilməsini təmin etməliyik", - o qeyd edib.
Musayev vurğulayıb ki, mövcud öhdəliklər yerinə yetirilməmiş qaldığı halda, biz bundan sonra da iqlim hədəflərinin iddialılığının artırılmasına çağıra bilmərik.
Onun fikrincə, bu, çoxtərəfli iqlim prosesinə olan etimadın daha da sarsılmasına gətirib çıxara bilər.
"Buna görə də bizim prioritetimiz razılaşmaların praktiki reallaşdırılması, xüsusən də Bakı iqlim maliyyəsi üzrə öhdəliklərin tam yerinə yetirilməsi olmalıdır. İqlim maliyyəsi inkişaf etməkdə olan ölkələr üçün əlçatan, proqnozlaşdırıla bilən və kifayət qədər olmalıdır. Bu baxımdan, Türkiyənin COP31-ə sədrliyi öhdəliklərdən onların praktiki yerinə yetirilməsinə keçmək üçün mühüm imkan təqdim edir", - Azərbaycanın Baş nazirinin müavini hesab edir.