Azərbaycan və Qırğızıstan təkcə ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığı davam etdirir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Qırğızıstanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yeni strateji əhəmiyyət kəsb etməyə başlayıb.
"Ölkələrimiz Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər çoxtərəfli platformalar çərçivəsində sıx siyasi dialoq aparır və bir-birinin təşəbbüslərini dəstəkləyir", - o qeyd edib.
Samir Şərifov vurğulayıb ki, Bakı və Bişkek arasındakı münasibətlər ortaq tarixə, dil və mədəni yaxınlığa, həmçinin qarşılıqlı hörmət və etimada əsaslanır.
O həm də qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyul ayında Qırğızıstana dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Onun sözlərinə görə, müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması dövlətlərarası əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb və gələcək əməkdaşlığın siyasi və hüquqi əsaslarını möhkəmləndirib.
Nazir müavini əlavə edib ki, tərəflər iqtisadi, nəqliyyat, energetika və humanitar sahələrdə praktiki əməkdaşlığı gücləndirmək niyyətindədirlər.
O, Orta Dəhlizin inkişafını, nəqliyyat əlaqələrinin şaxələndirilməsini və rəqəmsal qarşılıqlı əlaqələrin gücləndirilməsini xüsusi qeyd edərək ticarətin genişləndirilməsi və regional inteqrasiya üçün onların əhəmiyyətini vurğulayıb.
Humanitar əməkdaşlıqdan danışan Samir Şərifov Qırğızıstan tərəfindən Ağdamda "Manas" məktəbinin inşasını qardaşlıq həmrəyliyinin rəmzi adlandırıb və Qırğızıstanın Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.