Qətər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri korrupsiyaya qarşı mübarizədə hüquq-mühafizə orqanlarının əməkdaşlığı haqqında Məkkə Konvensiyasının ratifikasiyasını sürətləndirməyə çağırır.
"Report" xəbər verir ki, bunu Qətərin İnzibati Nəzarət və Şəffaflıq İdarəsinin (ACTA) sədri Həməd bin Nasir bin Rəşid Əl-Misnad Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasında bildirib.
"2024-cü ilin noyabrında Dohada keçirilən ikinci görüş zamanı Məkkə Konvensiyasını 21 dövlət imzalayıb ki, bunun da nəticəsində onu imzalayan ölkələrin ümumi sayı 24-ə çatıb. Qətər bu yaxınlarda konvensiyanı ratifikasiya edib və biz sənədin ən qısa müddətdə qüvvəyə minməsi üçün digər İƏT dövlətlərinin də bu nümunəni izləyəcəyini gözləyirik", - o bildirib.
Əl-Misnad, dövlət suverenliyinə hörmət edilməsinin, münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
İdarə sədrinin sözlərinə görə, Məkkə Konvensiyası əməkdaşlığın genişləndirilməsi, səlahiyyətli orqanlar arasında məlumat mübadiləsi və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması üçün hüquqi əsas kimi nəzərdə tutulub.
Əl-Misnad həmçinin Azərbaycanın İƏT dövlətləri arasında antikorrupsiya sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində işləri davam etdirəcəyinə əminliyini ifadə edib: "Qətərin sədrliyini yekunlaşdırarkən biz İƏT dövlətlərinə və Baş Katibliyə əməkdaşlığa görə təşəkkürümüzü bildirmək istərdik. Əminik ki, Azərbaycan bu işi davam etdirəcək və dövlətlərimizin, eləcə də xalqlarımızın rifahı naminə praktiki nəticələrin əldə olunmasını təmin edəcək".