Qazaxıstanlı deputat: “Güclü Qazaxıstan və Azərbaycan əməkdaşlıq üçün daha böyük imkanlar deməkdir”

“Azərbaycan və Qazaxıstan ayrı-ayrılıqda nə qədər güclü və möhkəmdirsə, biz birlikdə o qədər güclüyük və bu, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün daha böyük imkanlar deməkdir”.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın ölkəmizdəki səfirliyində keçirilən brifinqdə Qazaxıstan Məclisinin deputatı Aydos Sarım deyib.

“Azərbaycan və Qazaxıstana cəmiyyətlərinin dinc inkişafı üçün 10 il vaxt lazımdır. Sizin vəziyyətinizdə, yəni Ermənistanla bağlı problemə və Qarabağın yenidən qurulmasına böyük sərmayələrin yatırılmasına ehtiyac olduğuna görə bu, bir az daha çətindir. Ümid edirəm ki, birgə səylərimiz əməkdaşlığı gücləndirəcək”, - o vurğulayıb.

Onun sözlərinə görə, Qazaxıstan Azərbaycanın azad edilmiş ərazisində 600 uşağın təhsil ala biləcəyi uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikməyi planlaşdırır.

A.Sarım Qazaxıstanın bir sıra şəhərlərində - Almatı, Aktau, Astanada çoxsaylı Azərbaycan restoranlarının fəaliyyət göstərdiyini xatırladaraq, gələcəkdə Bakıda Qazaxıstan restoranlarının fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.

Digər xəbərlər