Qazaxıstan dinlərarası dialoqun inkişafına yönəlmiş bir sıra beynəlxalq təşəbbüslər irəli sürür və bunlardan ən əhəmiyyətlisi dünya və ənənəvi dinlərin liderlərinin qurultayının keçirilməsidir.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Parlamenti Senatının deputatı Yernur Aytkenov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı bildirib.
Y.Aytkenov qeyd edib ki, dünya və ənənəvi dinlərin liderlərinin qurultayı dialoq üçün hamı tərəfindən qəbul edilmiş platformaya çevrilib.
"Bu gün Qazaxıstan vicdan azadlığının təmin olunduğu, dinlərarası razılaşmanın ictimai sülhün və milli birliyin təməli olduğu çoxetnik və çoxkonfessiyalı bir dövlətdir. Dünyəvi dövlət quruluşu Qazaxıstan xalqının mühüm tarixi nailiyyətidir. Qazaxıstan Respublikasında din azadlığının inkişafı zəngin mənəvi irsə, çoxəsrlik dinlərarası dialoq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan özünəməxsus yolla həyata keçirilir. Bu prinsiplər əsasında ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən tanınan dövlət və konfessiyalar arasında münasibətlər modelini formalaşdırıb", - o bildirib.
Y.Aytkenov əlavə edib ki, Azərbaycan nümayəndə heyəti qurultayın işində fəal iştirak edir.