Niderlandda Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib

Azərbaycanın Niderlanddakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

"Report"un məlumatına görə, mərasim Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizi böyük sınaqlardan və təhlükələrdən xilas etməsi, müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, dövlətçiliyimizin əsaslarının qurulması və inkişafı istiqamətində həyata keçirdiyi strategiya barədə danışıb.

Diplomat çıxışında Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanı regionun liderinə və qüdrətli dövlətinə çevirdiyini vurğulayıb.

Niderlanddakı Azərbaycan icma təşkilatlarının rəhbərləri - Benilüks Azərbaycanlıları Konqresinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov, Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov və Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı müstəsna roldan, Azərbaycan diasporunun təşkilatlanması və fəaliyyətinin gücləndirilməsinə göstərdiyi xüsusi diqqətdən bəhs ediblər.

Mərasim çərçivəsində Ümummilli Liderin zəngin dövlətçilik irsini əks etdirən film nümayiş olunub.

Tədbir Niderlandda yaşayan azərbaycanlı pianoçu Jalə İbrahimovanın ifasında həzin musiqi proqramı ilə davam edib.

Digər xəbərlər