Özbəkistanlı nazir müavini: "Azərbaycanla ölkəmiz arasında nümunəvi ikitərəfli əlaqələr var”

“Hazırda Azərbaycan ilə Özbəkistan arasında daim inkişaf edən ikitərəfli əlaqələr nümunəvi xarakter daşıyır”.

“Report” xəbər verir ki, bunu Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov Azərbaycan-Özbəkistan əlaqələrinə və Özbəkistanda keçirilmiş növbədənkənar prezident seçkisinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Özbəkistanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər keçirilir: “Bu, özbək xalqının dahi siyasətçiyə olan hörmətindən və sevgisindən xəbər verir”.

O, parlamentlər səviyyəsində əlaqələrin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Humanitar sahədə əlaqələrin inkişafı xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir. Bu il Özbəkistanda Azərbaycan günləri keçiriləcək və bu istiqamətdə bir sıra tədbirlər təşkil olunacaq”.

Nazir müavini bildirib ki, bütün bunlar iki qardaş xalqın öz aralarında münasibətləri necə qurmalı olduğuna dair gözəl nümunədir.

B.Usmanov vurğulayıb ki, ölkələr qarşılıqlı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağı qarşılarına məqsəd qoyublar.

Digər xəbərlər