Şimali Kipr Türk Respublikasının (ŞKTR) əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu "Report"a müsahibəsində iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıqdan, həmçinin iki ölkə arasında bu sahədə nəzərdə tutulan işlər və digər bir sıra məsələlər ətrafında sualları cavablandırıb.
- Cənab nazir, yəqin ki, bu, Azərbaycana ilk səfəriniz deyil.
- Bu, mənim Azərbaycana üçüncü səfərimdir. Qarabağa iki dəfə getmişəm. Şuşada olmuşam. Şuşanı çox bəyəndim və bu şəhərə səfərlərim arasında 3 il fərq var. Çox böyük inkişaf müşahidə etdim. Bu baxımdan Azərbaycan dövlətini təbrik edirəm. Siz torpaqlarınıza sahib çıxdınız və oranın inkişafı üçün böyük investisiyalar qoyursunuz. İlk gəldiyim vaxt yollar tam hazır deyildi. İndi isə yollar salınıb, hotellər açılıb, təbiət gözəllikləri bərpa olunur. Yəni orada şəhidlərinizin qanı yerdə qalmadı.
- Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ilk toplantısını necə qiymətləndirirsiniz?
- Bu toplantı ilk dəfə keçirilməsi baxımından çox önəmlidir. Türk Dövlətləri Təşkilatına üzv bütün ölkələr – həm əsas üzvlər, həm də müşahidəçi üzvlər iştirak etdilər. İlk toplantının Azərbaycanda keçirilməsinin də xüsusi əhəmiyyəti var. Bu, Azərbaycanın əmək sahəsinə, işçiyə, işverənə və əməyə verdiyi dəyəri göstərir. Gələn il tədbir Türkiyədə keçiriləcək.
TDT çərçivəsində əmək sahəsində əməkdaşlıq, məşğulluq, sosial müdafiə sahələrində birgə işlər, işsizliklə mübarizə, qeyri-qanuni əmək miqrasiyasının qarşısının alınması, sosial təminat məsələləri üzrə işbirliyi çox önəmlidir. Bunun üçün işçi qrupunun yaradılması qərara alındı. Çünki protokol imzalayırsınızsa, onun icrasını da izləmək lazımdır. Bu baxımdan monitorinq mexanizminin olması vacibdir.
Bu mənada əhəmiyyətli görüş idi. Mən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə bizi dəvət etdiyi üçün təşəkkür edirəm. Baş nazir Əli Əsədov da bizi qəbul etdi. Daha sonra TÜRKPA-nı ziyarət etdik. Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanımla görüşdük. Ailə mövzularında, qadınlar, yaşlılar, əlillər, uşaqlarla bağlı məsələlərdə fikir mübadiləsi apardıq.
Sizdə DOST mərkəzləri tətbiqi var. DOST modelini də araşdırdıq. Biz öz təcrübəmizi paylaşdıq, həmçinin Azərbaycan təcrübəsindən faydalanmaq imkanımız oldu.
- Cənab nazir, TDT çərçivəsində əmək sahəsində Azərbaycan və Şimali Kipr arasında əməkdaşlıq necə genişləndirilə bilər?
- Hazırda burada iş adamlarımız var – həm ticarət obyektləri açan, həm də fəaliyyət göstərən. bizim nümayəndəliyimiz, səfirliyimiz Azərbaycanda aktiv şəkildə çalışırlar. Azərbaycandan bizə oxumağa və işləməyə gələn qardaşlarımız var – tələbə və işçi olaraq təxminən 1000 nəfər. Bizim əhalimizə görə bu, önəmli rəqəmdir. Bizim vətəndaşlarımız hansı hüquqlara malikdirsə, azərbaycanlılar da eyni hüquqlara malikdir. Sığortalı olduğuna görə xəstəxana və təhsil xidmətlərindən pulsuz yararlana bilirlər. Biz bu əlaqələri daha da inkişaf etdirmək üçün nələr edə biləcəyimizi Azərbaycanın aidiyyəti qurumları ilə müzakirə edəcəyik. Məsələn, bir şəxs bizdə sığorta ödəyir, daha sonra həmin sığorta müddətinin Azərbaycanda tanınması, pensiya hüququ baxımından qarşılıqlı tanınma sistemi qurula bilər. Biz bunu Türkiyə ilə etmişik. Eyni mexanizm üzərində Azərbaycanla da ilkin işlər görə bilərik.
- İki ölkə arasında ortaq işçi qruplarının yaradılması gündəmə gələ bilərmi?
- Bəli, bu dediyim məsələləri həyata keçirmək üçün – xüsusilə sığorta müddətlərinin birləşdirilməsi üçün iki ölkə arasında ortaq işçi qrupları yaradıla bilər. Bu protokolun məqsədi də məhz budur. Həm bütün türk dövlətləri arasında əməkdaşlıq, həm də ayrıca iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsidir.
Azərbaycan parlamentinin Şimali Kipr Türk Respublikası ilə deputatlar arasında dostluq qrupu yaratması da çox önəmlidir. Bu çox dəyərli addımdır. İndi Azərbaycan deputatları ŞKTR-ə gəlir, ziyarətlər edilir, bizim deputatlar da Azərbaycana gəlir. Bu qarşılıqlı dostluq qrupu yalnız Türkiyə və Azərbaycanla var. Başqa heç bir ölkə ilə yoxdur. Bu baxımdan çox önəmli hesab edirik.
- Azərbaycanla qadın məşğulluğunun və qadın sahibkarlığının artırılması sahəsində gələcək illərdə ortaq pilot layihələr gözlənilirmi? Bu istiqamətdə hər hansı müzakirə aparılıb?
- Əlbəttə. Bu, bizim ilk görüşümüz idi. Həm əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə bu mövzuları gündəmə gətirdik. Yeni dövrdə, 2026-cı ilin ailə ili olması məqsədimiz var. Bu çərçivədə nələr edilə biləcəyini müzakirə etdik. Biz qadınlarımıza, yeni iş quracaq qadınlara 100% prim, yəni əlavə ödəmə və ya maddi stimullaşdırma dəstəyi veririk. Bu səbəbdən bütün sosial sığorta haqlarını dövlət ödəyir. Yeni peşə hazırlığı kursları təşkil edirik. Eyni sistem Azərbaycanda da var, amma prim dəstəyi mexanizmlərini müzakirə edə bilərik. Azərbaycandan ŞKTR-ə investisiya qoyacaq qadınlara da bizim qadınlara verilən eyni imtiyazlar verilə bilər. Bu məsələləri gələcək dövrdə müzakirə edəcəyik.
- Azərbaycanın Şimali Kipr Türk Respublikasına göstərdiyi siyasi dəstəyi Türk Dövlətləri Təşkilatı çərçivəsində necə özünü göstərir?
- Azərbaycan dövlətinin bizim üçün yeri ayrıdır. Xüsusilə, Türk Dövlətləri Təşkilatına üzv olmağımız və Şimali Kipr Türk Respublikasının beynəlxalq aləmdə olduğu etdiyi yeri tutması uğrunda mübarizəmizdə göstərdiyiniz dəstək bizim üçün çox önəmlidir. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevə və eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Çünki bizə qapını ilk olaraq bu iki lider açdı. Daha sonra digər Türk dövlətləri dəstək verdi.
2020-ci ildə Səmərqənd Zirvəsində bizim müşahidəçi üzvlüyümüz elan edildi və Kipr türk xalqının Türk Dövlətləri Təşkilatının ayrılmaz parçası olduğu bildirildi. İlham Əliyev də hər çıxışında "Şimali Kipr Türk Respublikası qardaşlarımızın yanındayıq" deyir. Bu bizim üçün çox önəmlidir. Bu mübarizəmizdə göstərilən dəstək bizə güc verir. Biz də haqq mübarizəmizi bir Türk dövləti olaraq davam etdirəcəyik.