Misirli diplomat Abdərəhman Salahəldin İslamın siyasi maraqların, ideologiyanın və dövlət idarəçiliyinin təşviq edilməsində alət kimi istifadəsini yolverilməz adlandırıb.
“Report” xəbər verir ki, o, bunu Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində panel müzakirəsində deyib.
Onun sözlərinə görə, bu tendensiya müsəlman icmaları üçün ciddi təhlükə olmaqla yanaşı, qeyri-müsəlman dünyasında İslamla bağlı təhrif olunmuş təsəvvürə gətirib çıxarır.
Keçmiş səfir qeyd edib ki, xüsusilə müsəlmanların azlıq təşkil etdiyi ölkələrdə din və siyasət ayrılmalıdır:
"Din və siyasəti qarışdırmaqla təkcə gərginliyi artırmırıq, həm də bütün müsəlman icmasına qarşı qərəz və ayrı-seçkiliyi gücləndiririk. İslamın siyasiləşdirilməsi yalnız qeyri-müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə yaşayan müsəlmanlar üçün problemlər yaradacaq".