Bakıda "Mədəni irs və qayıdış hüququ" mövzusunda baş tutan III beynəlxalq konfrans çərçivəsində "Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması" adlı panel sessiyası keçirilib.
"Report" xəbər verir ki, Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid Qarabağda Azərbaycanın mədəni irsinə vurulan zərərlərdən danışıb:
"Mənim Qarabağa bir neçə dəfə səfərim baş tutub. İşğalın Qarabağa vurduğu zərər hər yerdə hiss edilirdi. Bununla yanaşı torpaqların minalanması hələ də insanlar üçün təhlükə daşıyır. Amma indi tarixi məhəllələr bərpa olunur, icmalar öz torpaq sahələrinə yenidən qovuşur, ağıllı kəndlər, xəstəxana və məktəblər inşa edilir. Ən dəhşətlisi isə budur ki, mədəni irs, tarixi abidələr də dağıdılıb. Lakin Azərbaycanın mədəni irsini yox etmək, görməzdən gəlmək mümkün deyil. Çünki onun kökü və təməli çox qədim eləcə də sağlamdır".
Milanda İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Karlo Marino Azərbaycan vətəndaşlarının dinc yolla öz yurdlarına qayıda bilmələrinin mədəni irsin bərpasına da töhfə verəcəyini qeyd edib:
"Azərbaycanlılar hüquqi, təhlükəsiz, sülh şəklində öz doğma yurduna qayıtmalıdır. Bundan sonra mədəni irsin bərpası baş verməlidir. Çünki bir irsin bərpası asan məsələ deyil. Bunun başlanğıcı dinclik və sülhdən keçir. Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması məsələsi beynəlxalq səpkidə də qiymətləndirilməlidir".
İƏT İndoneziya Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita deyib ki, mədəni irsin geri qaytarılması təkcə keçmişi bərpa etmək deyil, barışığa, davamlılığa və uzunmüddətli sülhə aparan yoldur:
"Bu yolda qərbi azərbaycanlılar beynəlxalq təcrübələrdən də yararlana bilərlər. Qərbi azərbaycanlılara bəzi hüquqi zəmanətlər verilməlidir. Bura dağıdılmış məkanların, memarlıq abidələrin bərpası aiddir. Əmin olmalıyıq ki, bərpa işlərində lazımi xəritələşmə işləri düzgün aparılır və düzgün ekspertlər bu işə cəlb edilib. İnsanlar orada rahat və sülh şəklində yaşaya biləcəklərinə zəmanət verilməlidir".
İordaniya Haşimi Universitetinin Queen Rania adına Turizm və irs fakültəsinin professoru Vahib Ali Hussein qeyd edib ki, istər Sovet zamanı istərsə də sonrakı dövrdə Azərbaycana məxsus yer adlarının, mədəni irsinin dəyişdirilməsinə cəhd edilib:
"Hazırki Ermənistan ərazisinin 610 kəndində Azərbaycan əhalisi yaşayıb. Ermənilər sonradan bu kəndlərin adını dəyişib. Bu da o deməkdir ki, o kəndlərdə olan mədəni irs də ermənistan tərəfindən mənimsənilib. Həmin ərazilərdə azərbaycanlıların izlərini unutdurmağa çalışıblar".