Karel Havliçek Azərbaycana təkrar səfər edəcək

Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek ilin sonunadək biznes missiyası ilə yenidən Azərbaycana səfər etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə nazir sosial şəbəkələrdə məlumat verib.

"İlin sonunadək mən sahibkarlar qrupu ilə yenidən Azərbaycana səfər edəcəyəm və razılaşdığımız məsələlərdən (27 apreldə Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı - red.) artıq burada konkret nəticələr çıxaracağıq", - Havliçek deyib və bildirib ki, səfər ola bilsin yayın sonuna yaxın və ya payızın əvvəlində baş tutacaq.

Havliçek xatırladıb ki, Çexiya Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.

"Bir neçə həftə əvvəl biz ABŞ-də 1 milyard kubmetr qazın, dünən isə Azərbaycanda - təxminən iki dəfə çox həcmin tədarükü barədə razılığa gəldik. Bu, üç il ərzində Çexiyada qaz istehlakının 40 %-ə qədərini qarşılamalıdır. Resursları şaxələndiririk və vədləri yerinə yetiririk", - Havliçek bildirib.

Nazir həmçinin qeyd edib ki, Azərbaycan tərəfi ilə danışıqlar Çexiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Çexiya biznesi üçün imkanların genişləndirilməsinə yönəlib.

Digər xəbərlər