Giorgi Tumasyan: Tarixən Gürcüstan, Ermənistan, Azərbaycan üçün təhdidlər ümumi olub və buna qarşı ortaq nöqtələr tapa bilərik

Ermənistan əhalisi üçün Azərbaycanla sülhün yaradılması istiqamətində proses çox vacibdir və Vaşinqtonda 8 avqust görüşündən sonra erməni cəmiyyətində pozitiv dinamikanı müşahidə etmək olar.

Bunu Gürcüstandan olan erməni ictimai xadim, Gürcüstan Erməni İctimai Platformasının sədri Giorgi Tumasyan "Report"un Gürcüstan bürosuna açıqlamasında deyib.

O qeyd edib ki, bu razılaşma münaqişənin bitməsi barədə ümidləri möhkəmləndirir:

"İki ölkə arasında son proseslər, yəni sərhədlərin delimitasiyası istiqamətində işlər, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri, iqtisadi əməkdaşlıq sahəsində irəliləyişlər Ermənistan əhalisini sülh yolunda atılan addımların düzgün olduğuna inandırır".

O hesab edir ki, iki ölkə vətəndaşları arasında, xüsusilə sərhəd bölgəsində yaşayanlar üçün qarşılıqlı əlaqələr, təhlükəsizlik, mədəni və ticarət əlaqələri, qarşılıqlı hörmət münasibətlərin yenidən qurulması üçün özül ola bilər.

G.Tumasyan hesab edir ki, hər iki xalq üçün faciəvi keçmişə baxmayaraq, münaqişədən əvvəlki münasibətləri bərpa etmək yolunda addımlar atılmalıdır:

"Təbii ki, çətindir, amma bu istiqamətdə işləmək lazımdır. Aydındır ki, hər iki cəmiyyətdə münaqişə nəticəsində yaralar var. Bu məsələyə ehtiyatla yanaşmaq lazımdır. Əsas odur ki, hər iki tərəfdən istək olsun".

Platformanın sədrinin fikrincə, Ermənistan və Azərbaycan cəmiyyətləri Gürcüstanda yaşayan erməni və azərbaycanlıların münasibətindən nümunə götürə bilərlər.

"Gürcüstan erməni və azərbaycanlı icmaların birgəyaşayışı üçün nümunə ola bilər. Hər iki cəmiyyət arasında oxşar cəhətlərə üstünlük vermək lazımdır. Məsafədən bir-biri haqqında fikir yürütmək, sosial şəbəkələrdə şərhlər yazmaq xalqlarımızın şüurunda olan stereotipləri, mifləri daha da möhkəmləndirir. Amma azərbaycanlıların Ermənistana, ermənilərin Azərbaycana səfərləri isə bu mifləri dağıda bilər, insanlar real olaraq xalqlarımız arasında oxşar mədəniyyət, dəyərləri görə bilərlər. Hazırki dövrdə belə qarşılıqlı səfərlər üçün fürsət yaranıb və bundan istifadə etmək lazımdır", - o deyib.

G.Tumasyan Prezident İlham Əliyevin Azərbaycandan yük qatarlarının Ermənistana getməsinə qoyulan məhdudiyyəti aradan qaldırması ilə bağlı qərarının erməni cəmiyyətində çox müsbət qarşılandığını deyib:

"Bu sülh və dayanıqlı qarşılıqlı münasibətlərin inkişafı üçün çox vacib addımdır. Bu həm də Ermənistanın Türk Dövlətləri Təşkilatı ilə əlaqələri üçün vacibdir. Bu kontekstə Azərbaycanın logistik mərkəz kimi rolunu möhkəmləndirir və onun vasitəsilə Ermənistan Qazaxıstan, Orta Asiya dövlətləri ilə ticarət əlaqələri qura bilər. Azərbaycan və Ermənistan bir-biri ilə ticarət edə bilərlər. İnanıram ki, hər iki ölkənin digərinə təklif edəcəyi çoxlu məhsul ola bilər. Ticarət sülhü möhkəmləndirə bilər".

O Azərbaycanın sülh yolunda atdığı addımlarını pozitiv qiymətləndirmək lazım olduğunu deyib. G.Tumasyan ümid etdiyini bildirib ki, ikitərəfli gündəlikdə həll edilməyən məsələlər nəzərə alınacaq, bu maneələr aradan qaldırılacaq:

"Son onilliklərdə Azərbaycanın Cənubi Qafqazda rolu kifayət qədər artıb. Azərbaycanda öz dövlətinin maraqlarını nəzərə alan suveren siyasət aparılır. Faktiki olaraq Azərbaycan geniş bir areal üçün mərkəzi bir nöqtəyə çevrilib. Orta dəhlizdə Azərbaycanın rolu, Mərkəzi Asiya dövlətləri ilə münasibətlər, TDT-də vacib rol, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv olması bir çox istiqamətlərdə aparılan effektiv siyasətin göstəricisidir".

Onun fikrincə, bu həm də qonşu ölkələrin, o cümlədən Gürcüstanın, Ermənistanın Azərbaycanla əlaqələrini daha sıx qurmasına təşviq edir. Platforma sədri vurğulayıb ki, hər iki ölkədə Azərbaycanla qarşılıqlı əlaqələrin vacibliyini başa düşürlər:

"Tarixən bizim dövlətlər – Gürcüstan, Ermənistan, Azərbaycan üçün təhdidlər ümumi olub və ümumi tarixi çağırışlar, təhlükələrə qarşı ortaq nöqtələr tapa bilərik. Hər iki xalq gələcəyə baxmalıdır. Keçmişdə buraxılan səhvlər keçmişdə qalmalıdır. Qarşılıqlı hörmət bərpa olunmalıdır və hər iki xalq bunun əsasında münasibətlər qurmalıdır. Biz Avropanın keçdiyi yolu keçməliyik. Köhnə qitədə bir çox ölkələr əsrlərlə bir-biri ilə müharibə ediblər, amma indi onlar nəinki əməkdaşlıq edirlər, hətta müttəfiqdirlər də".

Digər xəbərlər