Azərbaycan və Bolqarıstan ikitərəfli iqtisadi əməkdaşlıqda enerji sektoruna xüsusi diqqət yetirir.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə deyib.
Rzayev xatırladıb ki, Bakı ilə Sofiya arasında diplomatik əlaqələr 33 il əvvəl qurulub və ötən dövr ərzində əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edib.
“2015-ci ildə ölkələr münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıran bəyannamə imzalayıb. 2024-cü ildə isə bu tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı bəyannamə imzaladıq ki, bu da əlaqələri yeni səviyyəyə çıxarıb və onun gələcək inkişafıni təmin edib”, - nazir müavini bildirib.
O, həmçinin ötən ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana uğurlu səfərini xatırladıb. Rzayevin sözlərinə görə, dövlət başçıları arasında qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlər bütün sahələrdə əməkdaşlığı daha da gücləndirib.
“Azərbaycan tərəfi də Bolqarıstan ilə iqtisadi əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirir. Ötən ilin iyulunda Bakıda Azərbaycan-Bolqarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası keçirilib. Tərəfdaşlığın perspektivli istiqamətləri müzakirə edilib və bu, ikitərəfli əlaqələrin inkişafına daha da böyük təkan verib. Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb və bu da iqtisadi əlaqələrin dərinləşdiyini göstərir”, - nazir müavini qeyd edib.
F.Rzayev vurğulayıb ki, ikitərəfli iqtisadi əməkdaşlıqda enerji sektoruna xüsusi diqqət yetirilir: “Azərbaycan qazı Bolqarıstanın daxili tələbatının 50 %-dən çoxunu ödəyir, ölkənin özü isə qazın Avropaya nəqli üçün mühüm tranzit mərkəzinə çevrilib”.
“Bu rəqəmlər bizim strateji tərəfdaşlığımızın bariz nümunəsidir. Energetika ilə yanaşı, humanitar əməkdaşlıq da qarşılıqlı fəaliyyətin mühüm sahəsi olaraq qalır. Mədəniyyət, elm və təhsil sahələrində fəal mübadilə, o cümlədən şəhərlər arasında əlaqələrin inkişafı xalqlarımızın yaxınlaşmasına və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir”, - nazir müavini əlavə edib.