Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə S.Cayşankar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycana səfər Hindistanın Baş naziri Narendra Modi və Prezident İlham Əliyev arasında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində keçirilmiş görüşün davamı olub.
S.Cayşankar dövlət başçısı ilə görüşündə ona Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını çatdırdığını bildirib.
Nazir qeyd edib ki, tərəflər cari əməkdaşlıq, onun genişləndirilməsi imkanları və qarşılıqlı fəaliyyətə yeni yanaşmalar da daxil olmaqla, ikitərəfli münasibətlərin bütün spektrini ətraflı nəzərdən keçiriblər. Həmçinin, strateji baxımdan mühüm regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
S.Cayşankar, həmçinin vurğulayıb ki, Hindistan da Azərbaycan kimi öz xarici siyasət mövqelərini müstəqil şəkildə müəyyən edir: "Nəzərə almaq lazımdır ki, hər iki ölkəmiz müstəqil siyasət yürüdür və aktual xarici siyasət məsələləri üzrə sərbəst qərarlar qəbul edir".
Nazirin sözlərinə görə, iki ölkəni mədəni və insanlararası mübadilələrin tarixi birləşdirir: "Bir-birinin mədəniyyətinə və dəyərlərinə qarşılıqlı hörmət daha məhsuldar tərəfdaşlığın inkişafı üçün əsas yaradır".