Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun BMTM-in dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimatı keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyə səfiri Cahid Bağçı, kitabı Azərbaycan dilinə çevirən BMTM-in şöbə müdiri Cavid Vəliyev və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Ermənistanın təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
F.Altun videomüraciətində deyib ki, Türkiyə müstəqil siyasət yürüdərək beynəlxalq arenada söz sahibi olan ölkəyə çevirilib: "Bu gün dünya ciddi humanitar böhranla üzləşib. Türkiyə məsum insanlara qapılarını açıb. Pandemiya başlayan zaman bəzi ölkələrin digər ölkələrə qoruyucu vasitələrin aparılmasına əl qoyduğunu xatırlayın. Bəziləri Azərbaycanla əlaqələrimizin güclənməsindən də narahatdır. Bunlar istəyirlər ki, kim nə deyirsə, verək və qurtaraq. Biz hər zaman hüquq və ədalətin tərəfdarıyıq”. Onun sözlərinə görə, Türkiyə bölgədə mühüm güc olmaqla sabitliyin və dayanıqlığın davamlı olması üçün ciddi addımlar atır.
C.Bağçı Ermənistanın təxribatı nəticəsində şəhid olanların ailələrinə və yaxınlarına başsağlığı verib: "Azərbaycanın acısı bizim acımızdır". Səfir çıxışında BMT-nin Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnamə qəbul etdiyini də xatırladıb: "Ancaq bu qətnamələr yerinə yetirilmədi. Türkiyənin dəstəyi ilə Azərbaycan BMT qətnamələrini özü icra edərək zəfər qazandı. Bu gün isə Azərbaycan Ermənistanın sərhəd təxribatına, mina basdırmasına layiqli cavab verib. Dəmir yumruq yerindədir”.
F.Şəfiyev isə BMT TŞ-nin Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı iclas çağırmasına münasibət bildirib: “Bu gün Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Toplantıda Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyət müzakirə ediləcək. Sonuncu dəfə belə bir iclas 27 il əvvəl keçirilib. Biz neçə dəfə belə bir iclasın keçirilməsi ilə bağlı müraciət etsək də, bizə bu işlə ATƏT-in Minsk qrupunun məşğul olduğu cavabı verilirdi. Fransa çox narahatdır. Biz bunun səbəbini bilirik. Bu hadisələr göstərir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişkən: "dünya 5-dən böyükdür. Onu da qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnaməsı var idi. Ancaq həmin qətnamələr bu qurum tərəfindən yerinə yetirilmədi. Nəhayət, 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə qazanaraq BMT qətnamələrini özü icra etdi”.
Daha sonra tədbir çıxışlarla davam edib.