Qazaxıstanda yaşayan azərbaycanlı kişi nişan üzüyünü Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım kimi bağışlamaq istəyib.
“Report” xəbər verir ki, bunu Türkiyənin Astanadakı səfiri Ufuk Ekici tviterdə yazıb.
Diplomat İlqar adlı azərbaycanlı ilə fotolarını paylaşıb.
“Başsağlığı vermək üçün səfirliyə gələn və təkidlə özünün nişan üzüyünü Türkiyədə zəlzələdən zərərçəkənlərə bağışlamaq istəyən qarabağlı İlqar qardaşım. Onu zorla razı saldıq. Sağ ol, var ol qardaşım”, - diplomat bildirib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 14 351 nəfər ölüb.