Azərbaycanın Koreyadakı səfiri bu ölkənin parlament sədri ilə görüşüb

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov bu ölkənin parlament sədri Mun Hi-sanq ilə görüşüb.

“Report” xəbər verir ki, görüş zamanı R.Teymurov Mun Hi-sanqı Koreya Parlamentinin sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

Səfir Azərbaycan və Koreya arasında mövcud əlaqələrin inkişafında parlament diplomatiyasının əhəmiyyətinə toxunaraq, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və yeni mərhələyə çatdırılması istiqamətində bundan sonra da hər iki ölkənin qanunverici orqanları tərəfindən səmərəli və praktik əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu dilə gətirib.

Səfir iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində həmçinin yüksək səviyyəli səfərlərin əhəmiyyətli olduğunu qeyd edərək, 2017-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Koreyaya rəsmi səfərinin qanunverici orqanlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verdiyini qeyd edib, Mun Hi-sanqın Koreya Parlamentinin sədri kimi fəaliyyəti dövründə Azərbaycana səfərinin arzu edildiyini qeyd edib. Bununla yanaşı, Səfir R.Teymurov 2018-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinin qeyd edildiyini və bu çərçivədə bir sıra dövlət əhəmiyyətli tədbirlərin keçirildiyini söyləyib.

Koreya Parlamentinin sədri Mun Hi-sanq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibəti ilə Azərbaycan xalqını təbrik edib. O, hər iki xalqın tarixində və mədəniyyətində mövcud olan bu kimi vacib hadisələrlə bağlı keçirilən müxtəlif tədbirlərin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında və anlamasında əhəmiyyətli rol oynadığını söyləyib. Mun Hi-sanq ötən illər ərzində Azərbaycan və Koreya arasında əlaqələrin inkişaf etdiyini və xüsusi ilə qanunverici orqanlar arasında intensiv təmasların mövcud olduğunu təsdiq edib və Parlamentin yeni sədri olaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə çalışacağını bildirib. O, Azərbaycanda səfərdə olmuş deputat həmkarlarından, xüsusi ilə, Koreya-Azərbaycan parlament əlaqələr üzrə dostluq qrupunun üzvlərindən ölkəmiz haqda xoş təəssüratlar duyduğunu dilə gətirib.

Görüşdə həmçinin, Azərbaycan-Koreya əlaqələrinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən, Koreya yarımadasında yaranmış mövcud siyasi vəziyyət və Azərbaycan-Ermənistan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər