Bakı Təşəbbüs Qrupu (BTQ) fəaliyyətə başladığı vaxtdan 35-dən çox beynəlxalq tədbir keçirib.
"Report" xəbər verir ki, bunu BTQ-in icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda beynəlxalq forumunda bildirib.
"Biz 2023-cü ildən etibarən kolonial və neokolonial siyasətin nəticələrinə, hüquqi aspektlərə, insan hüquqlarının müdafiəsinə, yerli xalqların və etnik azlıqların hüquqlarına həsr olunmuş 35-dən çox beynəlxalq tədbirə uğurla təşkilatçılıq etmişik", - o qeyd edib.
A.Abbasovun sözlərinə görə, BTQ 2024-cü ildən beyin mərkəzi (think tank) funksiyasını da yerinə yetirir.
"Bu fəaliyyət çərçivəsində biz üç kitab nəşr etmişik və 40-dan çox hesabat hazırlamışıq. Bundan başqa, beynəlxalq təşkilatlar və müvafq institutlar üçün nüfuzlu məruzələr hazırlayıb təqdim etmişik", - o əlavə edib.
İcraçı direktor həmçinin vurğulayıb ki, BTQ indiyədək müstəmləkəçilik təzahürləri ilə üzləşən 9-dan çox xarici ərazi, eləcə də neomüstəmləkə siyasətindən zərər görmüş 15-dən çox ölkə ilə əməkdaşlıq qurub.