Gələn il Şəki şəhərində genişmiqyaslı bir festivalın təşkil olunması planlaşdırılır.
Bu barədə "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzi İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.
Onun sözlərinə görə, Şəkidə kulinariya sahəsi demək olar ki, müstəqil şəkildə inkişaf edir: "Nümunə olaraq qeyd edim ki, ötən il burada böyük miqyaslı bir festival keçirdik – "Terra Madre". Bu festival bütün Avropa ölkələrində təşkil edilir, biz isə onu Azərbaycanda məhz Şəkidə reallaşdırdıq. Festival tamamilə kulinariya sənətinin təbliğinə həsr olunmuşdu".
O, həmçinin bölgədə turizm fəallığını artırmaq məqsədilə yeni layihələrin hazırlandığını qeyd edib: "Bu il artıq yox, yəqin ki, növbəti ildə burada böyük bir festivalın keçirilməsi nəzərdə tutulur".
M.Ağabəyli "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işlərinin mərhələli qaydada davam etdirildiyini vurğulayıb:
"Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bu ilin yanvar-sentyabr aylarında qoruqdakı muzey və mədəniyyət müəssisələrini, ümumilikdə 128 487 turist bilet əldə edərək ziyarət edib. Onlardan 72 309 nəfəri (56,28 %) yerli, 56 178 nəfəri (43,72 %) isə xarici turist olub. 42 050 nəfər isə ödənişsiz formada qoruğa baş çəkib. Ən çox gəlir gətirən qoruqlarımıza nəzər saldıqda bu "Yanardağ" və "Atəşgah" qoruqlarıdır, eyni zamanda Şəkidə yerləşən "Yuxarı Baş" və "Kiş" qoruqlarıdır. Bu qoruqların dövlət büdcəsinə təmin etdiyi gəlir ötən il 6,2 milyon manat təşkil edib", - M.Ağabəyli qeyd edib.
O, Şəkini ziyarət edən xarici turistlərin coğrafi tərkibinin Bakıdan fərqləndiyinə diqqət çəkib: "Bakıda daha çox müşahidə etdiyimiz hindistanlı, ərəb turistlər Şəki istiqamətinə nisbətən az gəlirlər. Rusiyalı, türkiyəli, eyni zamanda ən çox çinli, koreyalı, İsraildən olan turistlər və Avropa ölkələrindən gələn qonaqlar üstünlük təşkil edir. Turistlər Şəkiyə birgünlük səfərlə gəlmirlər. Əksinə, bu bölgəyə bir neçə günlük gəlirlər. Biz yeni turizm məhsulları daha geniş şəkildə formalaşdırmalıyıq ki, onlar burada bəlkə bir həftə, on gün müddətində qala bilsinlər. Ona görə əsas hədəf də məhz budur".