Lənkəranda Avropa İttifaqının dəstəyi ilə peyvəndlənmə ilə bağlı təlim keçirilib.
“Report”un cənub bürosunun məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Pediatriya Cəmiyyəti (AzPC)tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)-in dəstəyi və Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə Lənkəran şəhərində uşaqların peyvəndlənməsi ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirilib.
Silsilə şəklində müxtəlif regionlarda keçirilən “Mifə yox, elmi sübutlara inanaq: Peyvəndlə bağlı biliklərin artırılması üzrə təlim” adlı tədbirÜST-nin Avropa İmmunlaşdırma Gündəliyi 2030 təşəbbüsünə uyğun olaraq “Heç bir uşağı peyvənddən kənarda qoymayaq” şüarı altında keçirilib.
Təlimi keçirməkdə məqsəd tibb işçilərinin və valideynlərin peyvəndlənmə ilə bağlı məlumatlılığını artırmaq vəpeyvəndlərlə bağlı yanlış təsəvvürləri aradan qaldırmaq olub.
Təlimə Lənkəran, Lerik, Yardımlı, Masallı və Astara rayonlarında fəaliyyət göstərən 117 nəfər pediatr və tibb bacısı, həmçinin 44 nəfər peyvənddən imtina edən valideyn cəlb olunub.
Tədbirin birinci hissəsində AzPC-nin İdarə Heyətinin üzvləri və Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri Nigar Bayramova, Erkin Rəhimov və Əli Quliyev tərəfindən valideynlərlə peyvəndlə bağlı tərəddüdlər barəsində müzakirələr aparılıb və onların sualları cavablandırılıb. Görüşdə mütəxəssislər son dövrdə yayılan qızılca xəstəliyindən qorunmaq üçün uşaqların peyvənd olunması ilə bağlı valideynlərə çağırış edib.
Günün ikinci hissəsində isə AzPC-nin mütəxəssisləri tibb işçiləri üçün uşaq vaksinasiyası, peyvəndlə qarşısı alına bilən xəstəliklərin ağırlaşmaları, yanlış əks göstərişlər və s. mövzuları əhatə edən sessiyalar keçiriblər.
Valideynlər bu kimi canlı müzakirə əsasında təşkil olunan maarifləndirmə tədbirlərinin çox faydalı olduğunu bildiriblər. Lənkəran şəhər sakini Güllü Əliyeva bildirib ki: “Peyvəndlə bağlı narahatlığım var idi. Lakin bu təlimdə suallarıma cavab tapdım. Ən qısa müddətdə qızımı peyvənd olunmağa aparacağam. Daha tərəddüd etmək üçün səbəb yoxdur”,
Tədbirdə iştirak edən tibb işçiləri də təlimdən razı qalıblar. Qeyd ediblər ki: “Tibb elmi daim inkişaf etməkdədir və bu təlimdə də bizimlə ən son elmi nəticələr bölüşüldü. Bütün suallarımız ətraflı cavablandırıldı. Bundan sonra daha da inamla uşaqlarımızı peyvənd olunmağa cəlb edəcəyik”.
Diqqətə çatdıraq ki, ilk maarifləndirmə tədbiri ötən ay Şirvan şəhərində 100-dən çox tibbi işçisi və 50-yə yaxın valideynin iştirakı ilə baş tutmuşdu. Növbəti aylarda da Bakı, Gəncə, Quba və Şəki şəhərlərində də eyniməzmunlu tədbirlərin təşkil olunması davam etdiriləcək.