Yeni hemodializ şöbələri yaradılacaq.
"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.
O bildirib ki, xroniki böyrək çatışmazlığı üzrə tədbirlər çərçivəsində 4 min 337 nəfər xəstə qeydiyyata alınıb:
"Hazırda respublika üzrə və TƏBİB tabeliyində hemodializ xidmətinin göstərildiyi tibb müəssisələrinin sayı 43, hemodializ şöbələrinin sayı 46, hemodializ aparatlarının sayı isə 675-dir. Cari il ərzində icra olunmuş hemodializ seanslarının ümumi sayı 503 892 təşkil edib".
V.Qurbanov qeyd edib ki, Sumqayıt Tibb Mərkəzində dializ şöbələrinin sayı ikiyə çatdırılıb:
"Gələn il ölkədə daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda Bakı şəhərindəki tibb müəssisələrində, eləcə də Göyçay, Ucar və Gədəbəy rayon mərkəzi xəstəxanalarında müvafiq işlər davam etdirilir".
İcraçı direktor əlavə edib ki, il ərzində ölkə üzrə ümumilikdə 1 772 nəfər hemofiliyalı xəstə qeydiyyata alınıb.