Zaxarova: "Rusiya LXR və DXR-in tanınmasından sonra ABŞ-la danışıqlara hazırdır"

“Rusiya əvvəlki kimi rəsmi Vaşinqtonla danışıqlara hazırdır. Donetsk və Luqansk Xalq respublikalarının müstəqilliyinin Rusiya tərəfindən tanınması haqqında qərar onun dialoqlara hazırlığına heç bir təsir etmir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Ən çətin anlarda belə danışıqlar prosesinə hazır olduğumuzu bildirmişik. Bu baxımdan mövqeyimiz dəyişməz olaraq qalır. Biz danışıqlar prosesinə hazırıq”, - M.Zaxarova son hadisələrin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında görüşün keçirilməsinə təsir edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Dünən Rusiya Təhlükəsizlik Şurasının Prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən iclasında çıxış edən XİN rəhbəri ABŞ dövlət katibi ilə görüşün fevralın 24-də Cenevrədə keçirilməsinin planlaşdırıldığını bildirmişdi. ABŞ tərəfi isə danışıqların yalnız Rusiyanın Ukraynaya müdaxiləsi olmayacağı təqdirdə baş tutacağını bəyan etmişdi.

Xatırladaq ki, fevralın 21-də Rusya Prezidenti Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

Digər xəbərlər